Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1923/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından vətəndaş X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh AR Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və yetkinlik yaşına çatmayan İddiaçı2 xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvanında yerləşən mənzili vardır. İddiaçılar adı çəkilən mənzilin qanuni mülkiyyətçiləri olsalar da, mənzil üzrə rəsmilləşdirilmiş mülkiyyət hüquqlarını tam olaraq həyata keçirə bilmir, hətta onlar əsassız olaraq məhdudlaşdırılır. Mənzil tam hissədə onların mülkiyyətində olmasına baxmayaraq mənzil üzrə istənilən sərəncamvermə hüquqlarının həyata keçirilməsinə süni (formal) maenələr vardır. Belə ki, X5 iddiaçılara məxsus olan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, həmin mənzildə uzun illərdir ki, yaşamır və hətta onun bir əşyası belə yoxdur. Həmin şəxs azı 5 ildir ki, daimi olaraq Avropa İttifaqı ərazisində yaşayır. Lakin həmin şəxs mənzilin yerləşdiyi ünvanda bu günə qədər pasport qeydiyyatındadır. Bu da iddiaçıların mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu tərtib edilmiş, hər hansı yeni dəlil qeyd edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 qanuni nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan İddiaçı1, üçüncü şəxs və cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edərək düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan: -"xxxx" MTK üzvlərinin (müvəkkillərinin) iclasının 01 saylı protokolundan xx.xx.2010cu il tarixli Çıxarışından görünür ki, Vətəndaş Qanuni nümayəndə Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanında yerləşən kooperativ binanın 3-cü giriş, 12-ci mərtəbə, ümumi sahəsi 108,69 kv.m, yaşayış sahəsi 51,39 kv.m olan 3 otaqlı, 172 saylı mənzilin payçısı olması təsdiq edilməsi qərara alınmışdır. Ailə tərkibi 1 nəfər. -X3 notarial qaydada təsdiq olunmuş xx.xx.2010-cu il tarixli ərizəsində qeyd olunmuşdur ki, arvadı Qanuni nümayəndə məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 9 saylı evdə yerləşən 172 saylı mənzilin onun adına özəlləşdirilməsinə, çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir, razıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küşəsi, ev 9, mənzil 172 Qanuni nümayəndə adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mənzilin əsas göstəriciləri: 12-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 102.0 kv.m, yaşayış sahəsi 51.4 kv.m, yardımçı sahəsi 50.6 kv.m. -xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən Qanuni nümayəndə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 102.0 kv.m, yaşayış sahəsi 51.4 kv.m, yardımçı sahəsi 50.6 kv.m olan 3 otaqlı mənzili ½ hissədə hədiyyə alan X2, digər ½ hissədə isə hədiyyə alan İddiaçı2 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küşəsi ünvanında yerləşən sahəsi 102.0 kv.m olan ev 9, mənzil 172 ½ hissədə X1 adına xx.xx.2019-cu il tarixdə **********0 qeydiyyat nömrəsi ilə, digər ½ hissədə isə İddiaçı2 adına qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur” Qərardan aydın olur ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün digər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalı, şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Yuxarda qeyd edilən iş materiallarından isə aydın olur ki, iddiaçılar X4 və İddiaçı2 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küşəsi, ev 9, mənzil 172-nin paylı mülkiyyətçiləridir. Hazırda iddiaçıların qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxs X5 onların atasıdır. Sonuncu isə həmin mənzilə iddiaçıların anaları Qanuni nümayəndə mülkiyyətçisi olduğu dövrdə onun razılığı ilə ailə üzvü kimi qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxs iddiaçıların atası olaraq ailə üzvü kimi qeydiyyatda olduğu mübahisəli mənzildən istifadə etmək hüququnun (imkanının) olub-olmaması aydınlaşdırılmalıdır. Bu isə, mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməz. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində sadalanan qeydiyyatdan çıxarılmanı nəzərdə tutan sənədlərin təhlili onu deməyə əsas verir ki, qanunverici qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alan Kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1923/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1923/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver