Məhkəmə qərarları › İş №2-1(103)-1924/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1924/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1924/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021saylı, 06.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə: - Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqqın birdəflik olaraq verilməsi; - hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi; -01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsi -vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 29.12.1954-cü ildə Gəncə şəhərində anadan olmuş, 1992-ci–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmiş, 2008-ci ilin mart ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış və halhazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır. Lakin qeyd edilən ixtisas dərəcəsi və artımlar onun pensiyasında nəzərə alınmamışdır. Ona verilən pensiya miqdarının hesablanması zamanı hansı şərtlərin əsas götürülməsi barədə arayışın ona təqdim edilməsi ilə bağlı aidiyyət üzrə göstəriş verilməsinə dair 11.02.2020-ci il tarixli ərizəsinə və dəfələrlə şəxsən əlaqə saxlamasına baxmayaraq cavab verilməmiş və arayış təqdim edilməmişdir. Bundan əlavə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi üçün iddiaçının aldığı pensiya 01.01.2021-ci ildən başlayaraq qəsdən 750 manat azaldılmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçıya ünvanlanmış 04.02.2021-ci il tarixli, **********1 №li məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsində göstərilən əlavələr sabiq hakimlərə deyil, hazırda hakim işləyən şəxslər üçün nəzərdə tutulmuşdur, şəxsə pensiya təyin edilərkən və pensiya yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarına istinadən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə iddia, 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissəsində, iddiaçının məhkəməyə qədər cavabdehə müvafiq ilkin müraciəti olmadığından, mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ilə iddia, pensiyanın ixtisas dərəcəsinə, məzuniyyətə və müilcə üçün verilən pul tələbləri hissələrində rədd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «..İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, Azərbaycan Respublikası Milli Məclisinin 08 iyul 1992-ci il tarixli 203 saylı Milli Məclisin Qərarına əsasən 1992-2000-ci illərdə illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmiş və hazırda illərdə Azərbaycan Respublikası Arbitrac Məhkəməsi haqqında» Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 fevral 1992-ci il tarixli 78 №-li Qərarına əsasən illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavinin pensiyasına uyğun olraq «Məhkəmələr və hakimlər haqqında» Qanuna müvafiq olaraq pensiya almışdır. Onun 65 yaşı tamam olmuşdur. Odur ki, təyin edilmiş pensiyasının növünün dəyişdirilərək ona yaşa görə pensiya təyin etməyi 25.02.2021-ji il tarixli ərizə ilə javabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, nəticədə ədadətsiz olaraq aldığı pensiya məbləği azaldılaraq 02.04.2021-ci il tarixindən **********1 №-li pensiya işi üzrə ona yaşa görə 2762,11 manat məbləğində pensiya təyin edilib. Həm ilkin ilkin, həm də ona yaşagörə pensiya təyin edilən zaman aşağıda adları qeyd edilən AR Milli Məclisinin Qərarlarının və AR Prezidentinin 25 iyul 1997-ci il tarixli 625 №-li sərəncamınını ərizəyə əlavə etməsinə baxmayaraq «Məhkəmələr və hakimlər haqqşında» AR Qanununa əsasən ona verilən pensiyanın miqdarının hesablanması zamanı verilən pensiya məbləğinə - Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsinə seçilməsi haqqında mili Məclisin qeyd olunan 08 iyul 1992-ci il tarixli 203 saylı qərarını “Məhkəmələr və hakimlər haqqında» Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dyişikliyə və 01 yanvar 1993-cü ildən tətbiq edilən Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında2 Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-cü il tarixli, 766 saylı Qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim –pensiyaçı olduğu üçün Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının 5(beş) misli əlavə edilməklə aylıq pensiya məbləğinin hesablanmasını xahiş etsə də həmin sənədlərə istinad edilmədən pensiyası düzgün hesablanmamışdır…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətinə etiraz edərək, iddiaçının i hakim işlədiyi vaxt 1-ci ixtisas ixtsas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən 2 aylıq müavinət və müalicə üçün 2 aylıq pul təminatı almadğı halda, onun həmin əlavələri almaq hüququ olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Cavabdehin iddiaçıya ünvanlanmış 04.02.2021-ci il tarixli, **********1 №-li məktubunda pensiyanın mübahisələndirilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanmasından imtinaya əsas olaraq bildirmişdir ki,”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsində göstərilən əlavələr sabiq hakimlərə deyil, hazırda hakim işləyən şəxslər üçün nəzərdə tutulmuşdur, şəxsə pensiya təyin edilərkən və pensiya yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz ...” Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddia olunan əlavələrin verilməsindən imtina olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Belə ki, «Məhkəmələr və hakimlərə haqqında Qanun»na 107-ci maddəsinə 28 dekabr 2004-cü il tarixli 817-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə verilən yeni redaksiyasına görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Eyni zamanda, həmin Qanunun 109-cu maddəsinə 8 oktyabr 2010-cu il tarixli 1092- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra, həmin maddənin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Qanunun qeyd olunan 109-cu maddəsinin iddiaçıya hakim pensiyası təyin olunduğu 2008-ci ildə olan redaksiyası, eyni zamanda, Əmək pnnsiyaları haqqında” Qanunun 20.7.2.5-ci madəsi nəzərədə nəzərdə tuturdu ki, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilir. Həmin maddənin 5-ci hissəsinə 6 mart 2018-ci il tarixli 1028- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklik nəzərə alınmaqla, qüvvədə olan redaksiyasına görə Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Əmək pensiyaları haqqında Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər əlavə almaq hüquqna malikdirlər. Həmin Qanunun 20.7-ci maddəsindən isə görünür ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 №li qərarına əsasən Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin birinci ixtisas dərəcəli sabiq hakimi olmuşdur. Onun pensiya işinə dair sənədlərə əsasən İİ qrup əlilliyə görə 20.02.2004-cü il tarixdə də pensiya təyin edilmiş, 11.04.2008-ci ildə onun pensiyası dəyişdirilərək, hakim pensiyası təyin edilmişdir, 01.10.2010-cu, 01.11.2010-cu, 01.12.2013-cü, 01.05.2018-ci, 01.09.2019cu illərdə bir neçə dəfə pensiyası yenidən hesablanılaraq artırılmış, sonuncu dəfə 07.01.2021-ci ildə pensiyası yenidən hesablanmışdır. O cümlədən, cavabdehin işə əlavə olunmuş 07.01.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçının pensiyası yenidən hesablanarkən, 2227,5 manat dövlət məvacibi, 15 faiz ixtisas dərəcəsinə görə 334,13 manat əlavə, 15 faiz qulluq stajına görə 334,143 manat əlavə və 25 faiz hakimiyyət səlahiyyətinin icrasına görə 556,88 manat əlavə haqq nəzərə alınmaqla, pensiyasının hazırkı məbləği 3.474,55 manat müəyyən edilmişdir. Konkret halda, iddiaçı Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin sədr müavini kimi 1-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 5 misli miqdarında əlavə haqq, eyni zamanda, hazırda hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla da, pensiyasının yenidən hesablanmasını məhkəmədən tələb edir. Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına Azərbaycan Respublikasının Milli Məclisinin qeyd olunan qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikaının Ali Arbitraj Məhkəməsinin 10 dekabr 1993-cü il tarixli 108 N-li əmrin mövcud olsa da, iddiaçının 2000-ci ilə qədər hakim işlədiyi dövrdə, o cümlədən, Azərbaycan Respublikasının İqtisad Məhkəməsində sədr müavini vəzifəsində işlədiyi zaman İ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın hesablanıb ona verilməsinə dair sənəd-sübut məhkəməyə təqdim olunmamış, hazırkı mərhələdə işə apellyasiya qaydasında baxılarkən də həmin vəsaiti alması barədə arxiv materialları aşkar olunmamışdır. Hazırda hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqına gəldikdə isə 2000-ci ilə qədər qanunvericiliklə həmin pul təminatlarının hakimlərə verilməsi nəzərədə tutulmadığından iddiaçının həmin vəsaitləri alması mümkün ola bilməzdi. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarında şərh vermişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində aldıqları vəzifə maaşları» dedikdə axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “...Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...” Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, iddiaçının işlədiyi dövrlərdə ona 1-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqını 5 misli miqdarında əlavə haqq, hazırda hakimlər məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul məbləği almadığı halda, ən azından həmin vəsaitlərin alınmasına dair mötəbər sübutlar mövcud olmadığı halda, iddiaçı, həmin haqq və əlavələr nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də məhkəmə kollegiysı məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticəni qanuri və əsaslı nəticə kimi qəbul edir. Qanuni və əsaslı məhkəmə qərarı isə iddiaçının hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsiin tələbindən isə göürünr ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ədalətsiz olduğunu vurğulayan və dolayısı ilə həmin qərarın maddi hüquq normalarının pozulması vurğulamaqla, ləğv edilməsini əsaslandıran dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3338/2021saylı, 06.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021saylı, 06.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar