Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1925/2019 22.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə; Əhədova Agün Əlqəmə qızının katibliyi, Cavabdehin nümayəndələri X2, X3, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə (3-cü şəxs: AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdehnə (3-cü şəxs: AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 saylı sərəncamının qismən – Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3451/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iş üzrə tələbi inzibati aktın etibarsızlığı ilə bağlıdır, tələbin hüquqi əsasları, həmin inzibati aktın ləğvinə dair əvvəlki tələbin hüquqi əsaslarından fərqlidir. İnzibati aktın ləğvinə dair mübahisə üzrə məhkəmə qərarının olması həmin inzibati aktın etibarsızlığına dair mübahisənin məhkəmə tərəfindən qiymətləndirilməsinə maneə ola bilməzdi. Həmçinin, məhkəmə, ləğv tələbi üzrə qanuni qüvvəyə minmiş qərarına mövcudluğu əsası ilə inzibati aktın etibarsızlığına dair əsasları müzakirə etmək və hüquqi qyimətləndirməkdən imtina edə bilməzdi. Qeyd etdiyimiz kimi, inzibati aktın ləğvi və ya etibarsızlığına dair tələblərin hüquqi əsasları fərqli olduğu nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi isə işə qanunla deyil, özünün subyektiv mülahizələri ilə qərar qəbul etdiyindən, iddianın hüquqi əsaslarını qiymətləndirməkdən yayınmışdır.İddia tələbi ilə məhkəməyə müraciətinin əsasları ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan hazırki iş üzrə etibarsızlığı tələb olunan inzibati aktı qəbul etməklə, öz səlahiyyət həddini aşmış və aşağıda sadalanan normativ hüquqi aktların tələbinə görə, qəbul edilməsi mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, Cavabdeh başçısı qanunla və Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə ilə malik olduğu hüquqlar çərçivəsində faktiki icra olunaraq, hüquqi nəticələr yaratmış inzibati aktın etibarsızlığına dair inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. İş materiallarından göründüyü kimi, etibarsız hesab edilmiş xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamla indi mülkiyyətində olan daşınmaz əmlak tamamilə yenidən qurularaq, onun istismarına 2014cü ildə icazə sənədi verilmiş və həmin əmlak tərəfindən öz təyinatına uyğun olaraq istismar olunmuşdur. Bundan başqa, sərəncamın məzmunundan göründüyü kimi, əvvəlki sərəncamların etibarsız sayılmasına «əsas kimi», Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57 və 75-ci maddələrinin pozulması göstərilmişdir. Məcəllənin istinad olunan müddəaları tikintiyə dair tələblər və tikintiyə icazə verilməsinə dair sənədləri əks etdirir. Yuxarıda qeyd olunduğu kimi, tərəfimdən mövcud pavilyonun yenidən qurulması Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq etdiyi eskiz və texniki sənədlər, verilmiş razılıq məktubu əsasında həyata keçirilmişdir ki, bununla da tikintiyə dair bütün norma və tələblərə əməl olunmuşdur. Cavabdeh səlahiyyətli dövlət orqanının icazəsi və təsdiqlədiyi layihə əsasında qurulmuş obyektin, guya, bu tələblərə uyğun olmadığına dair rəy vermək səlahiyyətində deyil. Digər tərəfdən və xüsusilə vurğulanmalıdır ki, qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə dair Nəsimi rayon İH başçısının 328 saylı Sərəncamının qəbul edildiyi xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının «Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunmamışdı. Məlum olduğu kimi, Şəhərsalma və Tikinti Məcəlləsi xx.xx.2012-ci il tarixli qanunla təsdiq olunmaqla, xx xxxxxx 2013-cü ildən qüvvəyə minmişdir. Bu Məcələnin qüvvəfə mindiyi günədək artıq yuxarıda göstərilən - 328 saylı xx.xx.2007-ci il tarixli Sərəncam icra olunmuş və hüquqi nəticələr də yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-475/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2092/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı iləBakı Apellyasiya Məhkəməsinin 2-1(103)-475/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilərək, iş apellyasiya baxışına qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki,iddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Bununla əlaqədar xx.xx.2007-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2007-ci il tarixli, 18/03-8/5974 saylı məktubla qaldırılan məsələnin müsbət həllinə razılıq verilməklə, pavilyonun təqdim edilmiş eskiz layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış və sənədləşdirmə rayon icra hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh Başçısının xx.xx.2007-ci iltarixli 328 nömrəli sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyonun iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdehn Başçısının xx.xx.2014-cü il tarixli 7 nömrəli İcazə ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının istifadəsindədir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamı və xx.xx.2012-ci il tarixli 246 saylı sərəncamı etibarsız hesab edilmişdir. Bununla əlaqədar İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-182/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-893/17 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 182/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(102)- 1568/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 893/17 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Hazırki tələbində İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən – “Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi”- hissəsində etibarsız sayılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda qismən etibarsız hesab edilməsini tələb etdiyi sərəncamın eyni əsaslarla ləğv edilməsini məhkəmə qaydasında tələb etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. Həmçinin, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd edilən əsaslardan birinə uyğunluğu məhkəmə tədqiqatında müəyyən olunmadığından iddia tələbi əsaslı deyildir. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, məhkəmə qərarları ilə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamı faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt kimi hesab edilmişdir. Halbuki, sözügedən sərəncam icra olunmuş, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyon onun adınarəsmiləşdirilmiş, Bakı şəhəri Cavabdehn Başçısının xx.xx.2014-cü il tarixli 7 nömrəli İcazə ilə tikinti obyektinin istismarına icazə verilmiş, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası iddiaçının istifadəsində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmiş, bununla da iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı iddia tələbinin əsası kimi İPM-nin 65.1.5-ci maddəsinə istinad etmişdir. “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız hesab olunur. Belə olan halda apelyasiya instansiya məhkəməsi işə baxarkən mübahisələndirilən sərəncamın göstərilən maddi hüquq normasının tələbi baxımından qiymət verməli olduğu halda bunu etməmişdir. Beləliklə, mübahisələndirilən Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının icrası mümkün olan inzibati akt olub olmamasına qiymət verilməlidir. Kollegiya kassasiya məhkəməsinin göstərişlərini nəzərə alıb və işin hallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Hazırki iş üzrə mübahisə predmeti Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılmasıdır. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının etibarsızlığı şərtləri kimi aşağıdakıları irəli sürür: -Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının adında əvvəlki inzibati aktların «ləğv edilməsi haqqında», nəticəsində isə «etibarsız hesab edilməsi» yazılmaqla, bu inzibati aktın nizama saldığı və həll etdiyi məsələ dəqiq göstərilməmişdir. - Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli sərəncamında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsində tələb olunan yazılı inzibati aktın rekvizitləri göstərilməmişdir. --İnzibati aktın qəbul olunmasından əvvəl aparılmış inzibati icraat barəsində ona hər hansı formada məlumat verilməməklə “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin tələbləri pozulmuşdur. -Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın məzmunundan göründüyü kimi, «tikintiyə icazə icraatı və tikinti obyektinə dair müvafiq sənədləşmə işlərinin aparılmaması» qanuni əsaslarla verilmiş sərəncamın etibarsızlığı ilə mütənasiblik təşkil edə bilməzdi. Əgər həqiqətən tikinti norma və qaydaları pozulmuş olsaydı belə bu verilmiş sərəncamın etibarsızlığına deyil, tikinti obyektinə dair müəyyən tədbirlər görməyə əsas verə bilərdi. -Cavabdeh inzibati orqan hazırda etibarsızlığı tələb olunan inzibati aktı qəbul etməklə, öz səlahiyyət həddini aşmış və normativ hüquqi aktların tələbinə görə qəbul edilməsi mümkün olmayan inzibati akt qəbul etmişdir. Kollegiya inzibati aktın etibarsızlığı və ləğv edilməsi əsasları ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılmasının əsasları qeyd edilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67-ci maddəsi Qanunsuz inzibati aktın ləğv olunmasına dair müddəaları tənzimləyir. Qanunun adı çəkilən 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun: -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır. “İnzibati İcraat haqqında” Qanunun “İnzibati aktlar” adlanan 6-cı fəslində inzibati aktın forması, İnzibati akta dair ümumi tələblər, yazılı inzibati aktın rekvizitləri, inzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması, inzibati aktın əsaslandırılması, inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydaları nəzərdə tutulmuşdur ki, həmin qaydaların pozulması qəbul olunan inzibati aktın Qanunun 67.1-ci maddəsinə əsasən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunan qanunsuz inzibati akt kimi qiymətləndirməklə ləğv edilməsinə əsas verir. Qeyd edilən mövqedən çıxış edərək kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2016-cı il tarixli sərəncamın etibarsızlığı üçün iddia etdiyi hallarsərəncamının adındanizama saldığı və həll etdiyi məsələnin dəqiq göstərilməməsi, eləcə də yazılı inzibati aktın rekvizitlərinin göstərilməməsi, aparılmış inzibati icraat barəsində ona hər hansı formada məlumat verilməməsi inzibati orqanın sərəncamının etibarsızlığı üçün deyil, Qanunun 67-ci maddəsinin tələbləri baxımından ləğv edilməsi üçün əsaslardır. Eləcə də, iddiaçının qeyd etdiyi “tikinti norma və qaydaları pozulmuş olsaydı belə bu verilmiş sərəncamın etibarsızlığına deyil, tikinti obyektinə dair müəyyən tədbirlər görməyə əsas olması barədə” dəlili də sərəncamın etibarsızlığı üçün deyil, ləğv edilmə üçün irəli sürüləcək dəlillərdir. Mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi əsaslarına isə məhkəmə artıq qanuni qüvvəsini almış qərarı ilə hüquqi qiymət vermişdir. İddiaçının iddia etdiyi xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamının faktiki icra olunmaqla yenidən qurulmuş qeyri-yaşayış sahəsinin istismarına icazə alınması xx.xx.2016-cı il tarixli inzibati aktın etibarsızlığına əsas vermir. Hazırki mübahisə predmeti cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamıdır və həmin sərəncam üzrə Qanunun yuxarıda sadalanan 65-ci maddəsinin tələblərinə əsasən sözügedən inzibati aktın etibarsız sayılmasının əsasları müəyyən olunmamışdır Kollegiya inzibati orqanın mübahisələndirilən xx.xx.2016-cı il tarixli inzibati aktı qəbul etməklə səlahiyyət həddini aşması, bununla da “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan etibarsız inzibati akt qəbul etməsi dəlilinə münasibətdə qeyd edir, qanunun 67.2-ci maddəsi inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğvini tənzimləyir. Adı çəkilən maddəyə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.1-ci bəndinə görə. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3451/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1925/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1925/2019
22.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver