Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1925/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3547/2021 saylı 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi ev 18 A mənzil 34-də qeydiyyatda olan, faktiki olaraq 2011-ci ildən həmin mənzildə yaşamayan X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 18A, mənzil 34 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.07.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə ona daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Seriya MH 00112566 saylı çıxarış verilmişdir. Cavabdeh X5 iddiaçının oğludur, o əvvəllər iddiaçı ilə birlikdə mənzildə qeydiyyatda olmaqla yaşamış, lakin son on ilə yaxındır ki, həmin mənzildə yaşamır. Cavabdeh X5 2011-ci ildə ailə quraraq yoldaşı ilə birlikdə özlərinə məxsus evə köçmüş, əvvəllər hərdən-bir iddiaçıya baş çəkməyə gəlmiş, son beş ildir ki, bir dəfə də olsun iddiaçı ilə maraqlanmamış və əlaqə saxlamamışdır. Hazırda ailəsi ilə birlikdə harada yaşamasından, Azərbaycanda və ya xaricdə olmasından məlumatsızdır. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə cavabdehin formal olaraq qeydiyyatda qalmağı, mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsinə mane olur, onun mənzildən istifadə hüququnun olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış, aralarında notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3547/2021 saylı 09 mart 2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3547/2021 saylı 25 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, X5 2011-ci ildə ailə quraraq yoldaşı ilə birlikdə onların paylı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 10-sot torpaq sahəsində yerləşən iki mərtəbəli bağ evlərinin birinci mərtəbəsində yaşamış, bir müddətdən sonra özlərinə mənzil alaraq həmin mənzilə köçmüşdür, əvvəllər hərdən bir ona baş çəkməyə gəlsə də son beş ildir ki, bir dəfədə olsun onunla maraqlanmamışdır və əlaqə saxlamamışdır. Sonuncu dəfə onunla 2016-cı ildə bağ evlərinin özəlləşdirilməsi vaxtı görüşmüşlər və bağ sahəsinin, bağ evinin 3\1 hissədə paylı mülkiyyətçisi olması barədə 13.04.2016-cı ildə çıxarış almışlar. X5 həmin bağda yerləşən iki mərtəbəli bağ evlərinin 3\1 hissədə paylı mülkiyyətçisidir, bundan əlavə özünün Bakı şəhərində evi vardır. Onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Naxçıvani küçəsi ev 18A, mənzil 34-də yaşayış sahəsinə ehtiyacı olmadığından o, 2011-ci ildən iddiaçının mənzilindən köçərək sərbəst yaşamış, onun xüsusi mülkiyyətində olan mənzildə isə normal olaraq qeydiyyatda qalmaqdadır. Mülkiyyət hüququ ilə ona məxsus olan evdə X3 formal olaraq qeydiyyatda qalmağı, mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsinə mane olur. O, ərizə ilə Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və X2 müraciət edərək onun xüsusi mülkiyyətində olan mənzilində əsassız olaraq qeydiyyatda qalmış X3 pasport qeydiyyatından çıxarılmasını istəmiş, Binəqədi rayon Polis İdarəsindən 17.12.2020-ci ildə ona cavab məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə ə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, mənzildə yaşamayan X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının tələbi iddiaçı ilə üçüncü şəxs arasında iddiaçının mülkiyyətində olan mənzilə sonuncunun istifadə hüququna xitam verilməsi ilə əlaqədar mübahisəyə əsaslandıgından, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İddia mümkün sayılmadığından, iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 20.09.2004-cü il tarixli 004996 nömrəli orderindən və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Təsərrüfat İdarəsinin 15.07.2006-cı il tarixli 43 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 18A, 34 saylı mənzildə İddiaçı ilə birlikdə onun ailə üzvləri, o cümlədən X5 daimi qeydiyyatda olmaqla yaşayırlar. X1 ərizə ilə Reyestr Xidmətinə ərizə ilə müraciət edərək qeyd olunan mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi üçüncü şəxs həmin mənzildə qeydiyyatda olmaqla istifadə hüququ qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə X5 arasındakı münasibətlər mülki hüquq münasibətləri olmaqla mülki məhkəmə icraatının araşdırma predmetinə daxildir. Buna görə də qeyd olunan mülkü münasibətlərin mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən olunmalıdır. Lakin hazırkı işdə həmin münasibətlərin müəyyən olunması ilə bağlı hər hansı bir məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən olunmadan şəxsləri qeydiyyatdan çıxarması ilə bağlı qanunvericilikdən irəli gələn hər hansı bir öhdəliyi və səlahiyyəti yoxdur. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3547/2021 saylı 25 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1925/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1925/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver