Məhkəmə qərarları › İş №2-1(103)-1925/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1925/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1925/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, iddiaçı X4, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi üçün sığorta stajının təsdiq olunması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay müddətində sığorta stajının əmək pensiyası təyin olunması üçün əsas götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xətai rayon xidmət nümayəndəliyi” kimi oxunması qərara alınmışdır. Həmçinin həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində işlədiyi dövr üzrə 12 il 6 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-477/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “İddiaçının xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinin üzərinə qoyulmuşdur. Bu qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1622/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-477/2021 saylı qərarı ləğv edilərək iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavadehin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq əmək kitabçası və əmək haqqı cədvəli müəssisə tərəfindən deyil, A.V.Fətəliyeva tərəfindən verilmiş və hazırki Açıq Səhmdar Cəmiyyətinin deyil, Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin möhürü ilə təsdiqlənmişdir. “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 13-cü maddəsinə əsasən, Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan idarə ləğv edildikdə onun arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsini ləğvetmə komissiyası təşkil edir. Komissiya müvafiq idarənin komplektləşdirmə mənbəyi olan dövlət arxivinin nümayəndəsinin iştirakı ilə ləğv edilmiş idarənin arxiv sənədlərinin onun varisi olan təşkilatın, varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə təhvil verilməsini təmin edir. Yuxarı təşkilat ləğv edilmiş idarənin arxiv sənədlərini onun fəaliyyət göstərdiyi ərazidə yerləşən dövlət arxivinə təhvil verə bilər, ləğv olunmuş hüquqi şəxslərin arxiv sənədlərinin elmi və əməli əhəmiyyətə malik hissəsi müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil verilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, sənədlər varis olan təşkilata, varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə təhvil verilməlidir. Müvafiq sənədlər nə hüquqi varis olan "xxxx" ASC-nə, nə də Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. A.V.Fətəliyeva Sumqayıt Avtomotoservis ASC-də 2014cü il tarixədək işlədiyini və hazırda səlahiyyətli şəxs olmadığını nəzərə alaraq, A.V.Fətəliyeva tərəfindən əmək kitabçasının doldurulması və əmək haqqı cədvəlinin verilməsi mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, şahid qismində çıxış etmiş X6 həmin müəssisədə 1984-cü il tarixdən işə daxil olduğu üçün İddiaçı 1977-ci il tarixdə işə daxilolma faktını təsdiq edə bilməz. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. İddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adı (X13) tamamilə fərqlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-162/2022 saylı, xx.xx.2022-ci il qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2008-ci il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmədə olmuşdur (1 il 11 ay 27 gün). İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında “TXE” 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. İşdə olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 210 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” İstehsalat Birliyinin tabeliyində olan Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən Sumqayıt Avtomotoservis və ticarət müəssisəsinin çevrilməsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İşdə olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 210 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamına əlavədən görünür ki, Sumqayıt Avtomotoservis və ticarət müəssisəsinin ayrıca özəlləşdirilməsi nəzərdə tutulan obyektlərinə 1 saylı texniki emalatxanası, 2 saylı texniki emalatxanası, vulkanizasiya sexi və yağlama sexi daxil olmuşdur. İşdə olan xx.xx.1978-ci il tarixli vəsiqədən görünür ki, Sumqayıt Rayonlararası Stansiyada avtoçilingər işləyən iddiaçıya 1978-ci il tarixli Sosialist Müsabiqəsinin qalibi vəsiqəsi verilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyindən görünür ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində 1-ci, 2ci və 3- cü səhifəsində olan əlyazıları və imzalar əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla iddiaçının minimum iş stajı və ya minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı mövcud olmadığından müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, ƏPQ-nin 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ olmuşdur. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Normadan aydın olur ki, şəxsə (kişilər üçün) xx.xx.2017-ci il tarixə qədər yaşa görə əmək pensiyasının təyin edilməsi üçün: 1. onu həmin tarixədək 63 yaşı tamam olmalı; 2. azı 12 il sığorta stajına malik olmalı idi. İşdən görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuş, onun 63 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin ona tətbiq edilməsi üçün birinci tələbi, yəni yaş tələbini ödəmişdir. İkinci tələbə gəldikdə, işdən görünür ki, hazırda mübahisələndirilən əsas məsələ ikinci tələb, yəni iddiaçının zəruri sığorta stajına malik olub-olmamasıdır. Birinci instansiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında əmək kitabçasının yandığını, təqdim edilən əmək kitabçasındakı qeydlərin müəssisə tərəfindən sonradan, əmək haqqı cədvəllərinə əsasən yazıldığını bildirmişdir. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin dövlət qeydiyyat qovluğundakı təsis sənədlərinin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında göstərilən müəssisənin mövcud olması, daha sonra isə həmin müəssisənin bazasında "xxxx" ASC-nin yaradılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır Əvvəlki apellyasiya instansiya baxışı zamanı "xxxx" ASC apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli, 04 saylı məktubunda bildirmişdir ki, Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsinin bazasında AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəllədirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 210 nömrəli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsi özəlləşdirildikdən sonra, onun bazasında çalışmış işçilərin işə qəbulu və işdən olunmaları barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir məlumata malik deyil. Lakin, “Sumqayıt Avtomotoservis və Ticarət müəssisəsinin maliyyə-arxiv sənədlərində 1977-1989-cu illər üçün əmək haqqı kitabından çıxarışa əsasən Авилов Субхан Умбат (X14) oğluna çalışdığı iş günlərinə uyğun olaraq əmək haqqı hesablanmışdır. Məktubun qoşmasına 1977-1989-cu illər üçün əmək haqqı kitabından çıxarışların surətləri əlavə edilmişdir. Birinci instansiya icraatı zamanı məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, O, 1984-2005-ci illərdə müəssisədə işləmiş, əmək kitabçasında qeyd edilənə əsasən müəssisənin adı 1988-ci ildən etibarən Sumqayıt Rayonlararası Stansiya “Sumqayıt Avtomotoservis və Ticarət Müəssisəsi” adlandırılmış, iddiaçı da həmin müəssisədə işləmiş, vəzifəsi çilingər olmuşdur. Birinci instansiya icraatı zamanı məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, o, 1976-cı ildən Sumqayıt Nəqliyyat avadanlıqlarına texniki xidmət stansiyasında işləmiş, 1978-1981-ci illərdə hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra 1997-ci ilə kimi həmin müəssisədə işləmiş, müəssisənin adı 1988-ci ildə dəyişdirilmişdir. İddiaçı ilə həmin müəssisədə işləyərkən tanış olmuşdur, təxminən 15 ilə yaxın bir yerdə işləmişlər. İddiaçı 1 nömrəli emalatxanada çilingər işləmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçasındakı qeydlərin sonradan yazılması işin mübahisəsiz halıdır. Lakin bu hal həmin qeydlərin düzgün olmaması, yəni iddiaçının həmin müəssisədə işləməməsi qənaətinə gəlmək üçün hələ kifayət deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış Əsasnamənin: - 3.7-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. - 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. - 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Yuxarıda sadalananlardan görünür ki, iddiaçının əmək kitabçası olmadığından yeni əmək kitabçası verilmiş, bu zaman müvafiq qeydlər onun işlədiyi müəssisəsinin hüquqi varisi tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kim arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Göründüyü kimi, qanunvericilikdə iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamış, əmək kitabçası ilə yanaşı digər sənədlərlə də şəxsin ümumi iş stajının müəyyən edilməsinin mümkünlüyü müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçıya işlədiyi müəssəsisə tərəfindən müsabiqə qalibi kimi vəsiqə verilmiş, əmək haqqı cədvəllərinə əsasən əmək haqqı almışdır, məhkəmə iclasında ifadə verən şəxslər iddiaçının işləməsi faktını təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin sonradan tərtib edilməsi və həmin qeydlərin hazırda yoxlanılmasının mümkünsüzlüyü onun həmin dövrlərdə işləməməsi mənasını verməməlidir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Apellyasiya şikayətinin “müvafiq əmək kitabçası və əmək haqqı cədvəli müəssisə tərəfindən deyil, A.V.Fətəliyeva tərəfindən verilmiş və hazırki Açıq Səhmdar Cəmiyyətinin deyil, Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin möhürü ilə təsdiqlənmişdir.” Dəlilinə münasibətdə kollegiya qeyd edir ki, A.Fətəliyeva "xxxx" ASCnin təsisçilərindən biridir və xx.xx.2019-cu il tarixədək ASC-nin qanuni təmsilçisi olmuşdur. Əmək haqqı cədvəlləri A.Fətəliyeva tərəfindən imzalansa da, apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixdə "Sumqayıt Avtomotoservis” ASC özü də həmin əmək haqqı cədvəllərinə istinad etmiş və həmin sənədləri mötəbər saymaqla məhkəməyə təqdim etmişdir. Kollegiya apellyasiya şikayətinin “İddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adı (X13) tamamilə fərqlidir.” dəlilinə münasibətdə bildirir ki, işdə olan iddiaçıya məxsus 347743 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı, soyadı və atasının adı “X8” kimi qeyd edilmiş, daha sonra Xətai rayon VVADQ şöbəsi tərəfindən soyadın “Avilzadə” kimi qəbul edilməsi barədə qeyd edilmişdir. İddiaçıya məxsus hərbi biletdə də onun ad, soyad və ata adı əmək kitbaçında olduğu kimi qeyd edildiyi müəyyən olunsa da, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində onun ad, soyad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. Apellyasiya şikayətinin “şahid qismində çıxış etmiş X6 həmin müəssisədə 1984-cü il tarixdən işə daxil olduğu üçün İddiaçı 1977-ci il tarixdə işə daxil olma faktını təsdiq edə bilməz.” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrdə işə daxil olmasını təkçə X6 , həmçinin 1976-cı ildən Sumqayıt Nəqliyyat avadanlıqlarına texniki xidmət stansiyada işləmiş X1 da təsdiq etmişdir. Eyni zamanda məhkəmə araşdırması nəticəsində də bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tədqiq olunan sənədlərdən aydın olur ki, iddiaçıya məxsus ilkin sənədlərin rus dilində tərtib edilməsi sonradan Azərbaycan dilində tərtib edilmiş sənədlərlə fərqliliyin yaranmasına səbəb olmuşdur və bu hal iddiaçıya pensiya təyinatından imtina üçün əsas deyildir. Məhz göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər əmək haqqı cədvəlləri və şahid ifadələri ilə öz təsdiqini tapdığından xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında 3-cü dərəcəli çilingər kimi işlədiyi 12 il 5 ay 19 gün iddiaçının iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda isə aydın olur ki, iddiaçı ona 63 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəyir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar