Məhkəmə qərarları › İş №2-1(103)-1927/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1927/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1927/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili X3 və üçüncü şəxs X2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (1 saylı Bakı Ərazi İdarəsinə) qarşı (üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi və X4) mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadından üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust - 03 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.metr olan, 40 saylı mənzil üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2019-cu il tarixli 2-1(81)-3890/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət dərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli 2-1(81)-3890/2019 saylı qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3890/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli 2-1(112)-7146/2020 saylı qərardadı ilə X4 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər ünvan 2, inşa edilmiş çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.m olan 2 otaqlı 40 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir. (hakim: P.Hüseynov) Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2021 saylı 02 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardaddan üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, işdə olan 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və s. təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Hazırki iş üzrə İddiaçı mübahisəli mənzilə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. İşdə olan "xxxx" MTK-i "xxxx" MMC-i ilə 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsinin 3.1.14-cü bəndindən görünür ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. Təqdim etdikləri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli **********141100 №-li məktubda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, MMCnin dövlət qeydiyyatına alındığı tarixdə qanuni təmsilçisi X7 olmuş, idarədə reyestr məlumatlarına əsasən Cəmiyyətin qanuni təmsilçisi isə hal-hazırda X8r. İddiaçı "xxxx" MMC-i arasında 08 noyabr 2013-cü il tarixli mübahisəli mənzilə dair bağladığı müqaviləni "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imzalamış, hansı ki, ümumiyyətlə "xxxx" MMC-ə heç bir aidiyyəti olmamışdır. Bu hal yuxarıda qeyd etdiyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 10 mart 2021-ci il tarixli məktubu ilə təsdiq olunur. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə mübahisəli mənzilin üzərində həmin işə baxılıb, yekun nəticə qanuni qüvvəsini alana qədər müvəqqəti xarakterli tədbirlər, yəni «həbs» qoyulması tam zəruridir və işin icraatına dönüş verilməlidir. Beləliklə, məhkəmə birmənalı olaraq, birtərəfli yalnız iddiaçının mövqeyini tutmuş, nəticədə əsassız qərardad qəbul etmişdir. Mübahisəli mənzilin üzərində tədbiq olunduğu tədbir inzibati prosessual qanunvericiliyinin özü-özlüyündə müvəqqəti xarakter kimi qeyd olunur və müvəqqəti xarakter daşıyır və sonra da məhkəmə istənilən vaxt müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Apelyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və üçüncü şəxs X2 nümayəndəsi-vəkili Vəkil ayrıayrılıqda apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək və həmin məhkəmənin qərarı qanuni qüvvəyə minənədək ünvan 2, inşa edilmiş çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.m olan 2 otaqlı 40 saylı mənzilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda əgər gələcəkdə iddia təmin edilərsə ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Digər tərəfdən, mövcud qanunvericilik normaları, daha dəqiq desək «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi hüquq barəsində mübahisə barədə məhkəmədən müvafiq məlumatın daxil olduğu halda, qeydiyyatın dayandırılmasını nəzərdə tutur. Eyni zamanda üçüncü şəxsin ərizəsində göstərilən mənzil üzərində həbs qoyulması mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə mane ola bilər Həmin əmlakın üzərində sərəncam verilməsinə qadağan qoyulmasına isə, adətən onun başqa şəxsin adına özgəninkiləşdirilməsini ehtiva etdiyindən və hazırkı mübahisə başa çatanadək (bu barədə cavabdeh kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məlumatlıdır) hər hansı qeydiyyat aparılması qanunla dayandırıldığından, zərurət yaranmır. Məhkəmə ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında hazırki iş. üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, məhkəmə mübahisəsi davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi məhkəmənin hüququ olmaqla, həmin məsələlər İPM-nin “Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlanan Vİİ fəslində yer almış maddələrlə tənzimlənir. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Qeyd edilən maddələrin məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tədbiqinin mümkünlüyünü və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Hazırkı işin hallarından göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üçüncü şəxs tərəfindən verilmişdir. O, məhkəmədən inzibati aktın icrası ilə bağlı olmayan iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsini tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43-cü maddəsində iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsinin şərtləri aydın təsbit edilmişdir: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Beləliklə, iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülə bilməsi üçün üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Çünki bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs isə ayrıca iddia qaldırmadan hazırkı icraatın gedişində müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizə vermişdir. Digər tərəfdən, üçüncü şəxsin ayrıca icraatda ərizəçi kimi iddia qaldıranadək belə bir ərizə ilə müraciət etmək hüququ istisna olunmur. Lakin həmin ərizə ilə bağlı onun maddi tələbinin mövcud olması ehtimalı müəyyən olunmalıdır. Hazırkı icraatda belə bir hal da yoxdur. Nəhayət, üçüncü şəxs tərəfindən inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilməsi üçün də onun tərəfindən iddia qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, üçüncü şəxsin hazırkı icraatda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermək hüququ olmamaşdır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan sözügedən ərizəni mahiyyəti üzrə araşdırmaqla həll etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş ərizə mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar