Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1928/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil3 (Bakı şəhəri 17 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi X5, üçüncü şəxs “xxxx” MTK-nın vəkili Vəkil2 (Bakı şəhəri 5 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə (üçüncü şəxslər - “xxxx” MTK və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı cavabdehin xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-942/2019 saylı qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2018-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehə (üçüncü şəxslər “xxxx” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi, cavabdehin xx.xx.2016-cı il tarixli, 013 saylı ayrıc aktının ”xxxx” MMC-nin istifadəsinə ayrılmış ümumi 1,706 ha torpaq sahəsindən hissəvi olaraq hüquqlarına toxunan hissədə (0, 010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10,000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıların adlarına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır və onlara xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar verilmişdir. Bir müddət öncə onlara heç bir məlumat verilmədən üçüncü şəxs “xxxx” MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək onların ərazisini dairəyə alıblar. Bundan əlavə olaraq onların binasına xidmət edən kommunikasiya xətlərini (su, kanalizasiya, telefoninternet və s.) dağıdıblar. İddiaçılar buna öz iradlarını bildirəndə üçüncü şəxs “xxxx” MMCnin əməkdaşları bildirdilər ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün “xxxx” MMCyə istifadəyə verilib və bu sərəncama əsasən xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktı verilmişdir. Bu iki sənədi əsas tutaraq “xxxx” MMC-nin əməkdaşları iddiaçılara qarşı qanuna zidd hərəkətlər edirlər və ərazidə onlara yaxın məsafədə dərin özüllü qazıntı işləri apararaq binalarının mühafizə zolağını aşıblar. Onlara bu məsələ ilə bağlı, öz təşəbbüsləri ilə araşdırma aparmışlar və onlara məlum olmuşdur ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx” MMC-yə istifadəyə verilmişdir, lakin həmin sərəncamı hazırkı proses üzrə tərəflər təqdim etmədilər. 350 saylı sərəncama əsasən verilmiş olan xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktını almışlar və həmin aktda olan Plançizgidən görünür ki, mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə 2008-ci ildən iddiaçıların adlarına rəsmiləşdirilmiş daşınmaz əmlak “xxxx” MMC-nə istifadəsinə ayrılmış 1.706 hektar torpaq sahəsinin daxilindədir və üst-üstə düşür. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə iddiaçılar Azərbaycan Respublikası Əmlak Komitəsinə müraciət etmişlər və ordakı əməkdaşlar iddiaçıların mülkiyyət sənədlərini nəzərdən keçirtdilər və bildirdilər ki, iddiaçıların mülkiyyətlərində olan bina və binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qeyri-qanuni olaraq “xxxx” MMC-nin istifadəsinə ayrılıb və “xxxx” MMC- nin istifadəsinə ayrılmış ümumi 1.706 hektar torpaq sahəsindən onların hüquqlarına toxunan hissədə yəni, binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qanunun tələbinə əsasən ayrılmalıdır. Belə ki, binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsinin içində mülkiyyətdə olan zirzəmi mövcuddur. Onlar bunu “xxxx” MMC-yə bildirmişlər və “xxxx” MMC-nin rəhbəri ona bildirdi ki, onun əlində sərəncam və ayrıc aktı var və nə qədər ki onlar qüvvədədir üçüncü şəxslər bu ərazidə istənilən söküntü işlərini aparacaq və iddiaçıların mülkiyyətlərində olan binaları da sökəcək. Hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı qismən ləğv edilməlidir, onlara aid olan hissə ümumi ərazidən çıxılmalıdır. Bunun nəticəsi olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktı qismən ləğv edilməlidir. Hesab edir ki, cavabdeh qanunsuz hərəkət edərək iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edirlər ki, iddiaçıların razılığı olmadan iddiaçıların mülkiyyətləri özgəninləşdirilə bilməz və mübahisəli sahələr Cavabdeh tərəfindən 3-cü şəxs “xxxx” MMC-yə verilməsinə dair hüquqmüəyyənedici sənədlər qismən etibarsız sayılmalıdır, onun nəticələri ləğv edilməlidir. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsini və cavabdehdən 10,000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların nümayəndəsi Vəkil3 məhkəməyə ərizə təqdim edərək, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri,Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair hər hansı söküntü işlərinin aparılması üçüncü şəxs “xxxx” MMC və yaxud digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, Bakı şəhəri,Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair hər hansı söküntü işlərinin aparılması üçüncü şəxs “xxxx” MMC və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən eyni tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Mirhəşimli tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia qismən təmin edilərək, Bakı şəhəri Cavabdehin “xxxx” MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında xx xxxxxxx 2016-cı il tarixli, 350 saylı sərəncamı iddiaçıların hüquqlarına toxunan hissədə (0.01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçılar tərəfindən iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,99 ha torpaq sahəsinin “xxxx” MMC-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır.Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də mübahisə predmeti olan və iddiaçılar tərəfindən inzibati aktı hesab edilən xx.xx.2016-cı il tarixli 013 saylı ayrıc aktı Nərimanov RİH başçısının sözügedən sərəncamının və Nazirlər Kabinetinin qərarının icrasına yönəlmiş törəmə sənəddir. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə “xxxx” MMC arasında xx.xx.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən bu istiqamətdə bütün işlər görülmüş, mübahisəli ərazidən 300-dən artıq daşınmaz əmlak mülkiyyətçiləri aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Mübahisəli ərazidə tikinti işləri başa çatmaq üzrədir. Mübahisəli ərazidə yaşayan bütün mülkiyyətçilər kimi hazırkı iş üzrə iddiaçılara da köçürülmə ilə əlaqədar tikinti təşkilatı tərəfindən daha iri həcmli, ədalətli və əlverişli təkliflər edilsə də, onlar bu təkliflərlə razılaşmamış, mövcud şəraitdən sui-istifadə etməklə ağlabatmayan kompensasiyaların alınması iddiasında olduqlarını bildirmişlər. Danışıqların davam etməsinə baxmayaraq iddiaçılar tərəfindən mübahisə predmeti məhkəmə müstəvisinə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1176/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim X1, X6, X4) üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin yeni apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, iddiaçıların mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 350 №-li sərəncamı barədə daha öncədən məlumatlı olduqlarını, ərazinin hasara alındığını, söküntü işlərinin getdiyini, iddiaçıların məlumatlarının olduğunu, iddiaçıların yalnız təklif edilmiş kompensasiya ilə bağlı etirazlarının olduğunu, onların yalnız tikinti işlərini ləngitmək məqsədi ilə iddia qaldırdıqlarını bildirdi. Həmçinin, iddiaçıların mülkiyyətlərindən sərbəst istifadə etdiyini, 300-dən yuxarı hüquqi və fiziki şəxslərin hüquqlarını pozduqlarını, iddiaçıların qərəzli surətdə hüquqlarından istifadə etməsi nəticəsində üçüncü şəxs və cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsində çətinlik çəkdiyini, iddiaçıya üçüncü şəxs tərəfindən zirzəmi, 1-ci, 2-ci mərtəbə və mansard daxil olmaqla 378.0 kv.m-lik qeyriyaşayış sahəsi üçün həmin ərazidə istifadəyə hazır vəziyyətdə, tam təmirli 1-ci və 2- ci mərtəbələrdə olmaqla daha komfortlu, 400 kv.m-lik qeyri-yaşayış sahəsi təklif edildiyini, iddiaçıların isə hüquqdan sui-istifadə etməklə 5.000.000 ABŞ dolları tələbində iddialı olduqlarını qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçıların Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 350 №-li sərəncamını rəsmi qaydada almadıqlarını bildirdi.Həmçinin, o, cavabdehin sərəncamına əsasən üçüncü şəxs “xxxx” MMC tərəfindən həmin ərazidə bir neçə bloklu 18 mərtəbəli binaların tikildiyini, 800 mənzilin hazır olduğunu, orada əvvəllər yaşamış şəxslərin həmin binalardakı yeni mənzillərə köçürüldüyünü, Sərəncam barədə məlumatı iddiaçıların xx.xx.2018-ci il tarixdə əldə etdiklərini, həmin gün üçüncü şəxsin əməkdaşları tərəfindən binanın hasara alındığını, onların etirazına əsasən xx.xx.2016-cı il tarixli ayrıc aktının təqdim edildiyini, həmin aktın 2 və 3-cü səhifələrində mübahisələndirilən sərəncam barədə məlumat əldə etdiklərini, sədrlik edənin sualına cavab olaraq isə maddi və mənəvi ziyanın tutulması ilə bağlı cavabdeh orqana müraciətlərinin olmadığını qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs “xxxx” MTK-nın vəkili Vəkil2 izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, üçüncü şəxs tərəfindən mübahisə edilən ərazi üzrə 300-dən çox mənzil sahibi və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilə bağlanıldığını, həmin şəxslərə 28 aya yaxındır ki, müvəqqəti yaşadıqları mənzillərə və qeyri-yaşayış sahələrinə görə kirayə haqqı ödənildiyini, lakin bəzi şəxslər "Pilot" layihəsi adlandırılan bu tikinti işləri ilə tikinti şirkətlərinin könüllülük əsasında vətəndaşlardan mənzillərin və qeyriyaşayış sahələrinin alınması prosesini səhv salaraq əlavə qazanc əldə etmək məqsədilə tikinti işlərinə qəsdən mane olduqlarını, iddiaçıların 17 aydan coxdur ki, şirkətin işlərini bilərəkdən yubatdıqlarını və bununla bağlı olaraq şirkətə bu aylar ərzində 374.000 manat məbləğindən çox maddi ziyan dəydiyini, iddiaçıların açıqaşkar öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutaraq şirkətə yüz minlərlə manat zərər vurduqlarını, dövlətin nəzarətində olan tikinti obyektinin vaxtında və keyfiyyətlə tikilməsini gecikdirdiklərini, süni maneələr yaratmaqla tikinti işlərini əngəllədiklərini qeyd etdi. Eyni zamanda, o, “Fortis- Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilmədiyini, bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələndiyini, mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olduğunun qeyd edildiyini bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2016-cı il tarixli 350 saylı sərəncamı «xxxx» MMC-yə münasibətdə verilmiş, hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən “xxxx” MTK “xxxx” MMC-nin hüquqi varisidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********384400 №-li Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışa əsasən Qurumun adı (əvvəlki) – X3 Cəmiyyəti; Qurumun adı (hazırkı) – “xxxx” Mənzil-Tikinti Kooperativi; qeydiyyata alındığı tarix – xx.xx.2007-ci il; VÖEN- **********; hüquqi ünvanı – AZ1007, ünvan 2 qanuni təmsilçisi – X7r. Həmçinin iş materiallarına əlavə edilmiş “xxxx” MTK-nın Nizamnaməsindən də göründüyü kimi , Kooperativ xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin (**********) təşkilati-hüquqi forması dəyişərək MTK-a çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: -Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi, 270.81 kv.m əsas, 58.24 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, MH seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı2 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2016-cı il tarixli 350 saylı sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsinin «xxxx» MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (35.1.). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıların vəkilinə buraxılmış müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçıların vəkili müddəti ötürmədiklərini və bu səbəbdən müddətin bərpası barədə ərizənin təqdim edilməsinə zərurət olmadığını bildirdi. İş materiallarından göründüyü kimi iddiaçılar mübahisələndirmə barədə iddia versə də, bununla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşlər. Belə ki, hazırkı iddia ərizəsi xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt Cavabdeh Başçısının sərəncamı isə xx xxxxxxx 2016-cı ildə qəbul edilmiş və bununla inzibati aktın onun qəbul edilməsindən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 2016-cı ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir. Bununla bağlı olaraq Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçıların iddia tələbi qismən təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı şəhər Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə qarşı cavabdehin xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10,000 manat maddi-mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1928/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1928/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver