Məhkəmə qərarları › İş №2-1(103)-1928/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1928/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1928/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiаçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “sənədlərin və yeni kod, istifadəçi adın parolların təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-428/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin qeydiyyata alındığı tarixdən məhkəmədə iddia qaldırılan günədək olan dövrü əhatə edən maliyyə hesabatlarının, mühasibatlıq balanslarının, rəsmi təqdim edilmiş vergi bəyənnamələrinin və, o cümlədən də, elektron vergi sisteminə daxil olmaq üçün yeni kod, istifadəçi adı və parolların ona təqdim olunması barədə ərizəsinin təmin edilməməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin məlumatların ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-843/2020 saylı qərardadı ilə iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazriliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2-1(112)-428/2021 saylı qərardadı ilə "xxxx" MMC hazırki məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 50% hissəsi ona məxsusdur. Həmin hüquqi şəxsin qeydiyyata alındığı tarixdən bu gününədək olan dövrü əhatə edən maliyyə hesabatlarının, mühasibatlıq balanslarının, rəsmi təqdim edilmiş vergi bəyənnamələrinin, və o cümlədən də, elektron vergi sisteminə daxil olmaq üçün yeni kod, istifadəçi adı və parolların ona təqdim olunmasını AR Vergilər Nazirliyindən xahiş etmiş. AR Vergilər Nazirliyinin 11.10.2019 və 15.10.2019-cu il tarixli məktubları ilə ona bildirilmişlər ki, həmin məlumatlar vergi sirri təşkil edir və buna görə də təsisçiyə təqdim oluna bilməz. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsinə görə təsərrüfat cəmiyyətinin iştirakçıları cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 91.3.3-cü maddəsinə görə cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək təsisçinin (iştirakçının) müstəsna səlahiyyətlərinə aid olduğundan və həmin proseslərdə təsisçi (iştirakçı) birbaşa iştirak etdiyindən həmin məlumatlar (illik hesabatlar və maliyyə hesabatlar) təsisçi üçün sirr deyildir. Buna görə də cavabdehin imtinası qanunsuzdur. O, təsisçi olduğuna görə həmin məlumatlar onun üçün sirr təşkil etmir. Buna görə də cavabdeh həmin məlumatları verməkdən imtina etdikdə qanuna zidd hərəkət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən vergi , orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. İddia ərizəsində qeyd olunan məlumatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla bu məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi orqanı ilə “GRBS Group of Companies" MMC arasında elektron sənəd mübadiləsinə dair istifadəçi kodu, şifrə və parolun verilməsi üçün vergi ödəyicisinin rəhbəri tərəfindən “Elektron sənəd mübadiləsi haqqında" ərizə ilə səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş nümayəndə vasitəsi ilə vergi orqanlarının vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. İddiaçı iddia ərizəsində Mülki Məcəlləyə əsaslanaraq vergi orqanından müvafiq məlumatları tələb etməsinə dair bildirmişdir ki, Mülki Məcəllənin 1.1-ci maddəsinə əsasən həmin Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin məqsədi sırf mülki hüquq münasibətlərini tənzim etməkdən ibarətdir. Vergi orqanı ilə vergi ödəyiciləri arasında olan münasibətlər isə inzibati (publik) hüquq sahəsinə aid olduğundan həmin münasibətlərin Mülki Məcəllə vasitəsilə tənzimlənməsi yolverilməzdir. Qeyd edilən münasibətləri tənzimləyən Vergi Məcəlləsinin müvafiq müddəaları isə .vergi ödəyicisinə aid olan məlumatların onun razılığı olmadan vergi ödəyicisinin təsisçisinə (iştirakçısına) verilməsini qadağan edir. Bundan əlavə, hər hansı qanunvericilik aktında vergi orqanı tərəfindən təsərrüfat cəmiyyəti barədə məlumatların həmin cəmiyyətin iştirakçılarına (təsisçilərinə) verilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Belə bir vəzifənin müəyyən edilməməsi isə iddia tələbinin qanuni əsasının olmadığı anlamına gəlir. Həmçinin, “İnzibati icraat haqqında" Qanunun 1.2-ci maddəsinə əsasən Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktı qanunsuz sayılır. İddia ərizəsində göstərilən məlumatların vergi orqanı tərəfindən vergi ödəyicisinin təsisçisinə (iştirakçısına) təqdim edilməsi vəzifəsi qanunvericilikdə nəzərdə tutulmadığından, vergi orqanının həmin məlumatların təqdim edilməsindən imtinası qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-428/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının apellyasiya şikayətinə yazılı etiraz etmiş və etirazını imtinaya uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçınln iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək və tərəflərindən təqdim edilmiş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəfin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC 03 dekabr 2012-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmış və ona VÖEN verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqqi şəxslərin dövlət qeydiyyat idarəsinin 11 fevral 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı X3 təsisçi kimi həmin cəmiyyətdə 50 faiz pay hüququna malikdir. İddiaçı vergi orqanına müraciət edərək, qeydiyyata alındığı tarixdən təsisçisi olduğu müəssisənin maliyyə hesabatlarının, vergi bəyənnamələrinin, mühasibatlıq balanslarının və s. sənədlərin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.10.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Kommersiya (vergi) sirri hesab olunmayan məlumatlar Vergi Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunmuşdur və həmin məlumatlar sırasında vergi ödəyicisinin hesabatları yer almamışdır. Bununla yanaşı, Vergi Məcəlləsinin 30-cu maddəsində kommersiya (vergi) sirri hesab olunan məlumatların açıqlanmalı olan şəxslər sırasında hüquqi şəxslərin təsisçiləri qeyd olunmamışdır. Bu baxımdan da, təsisçiyə təsis etdiyi hüquqi şəxsin hesabatlarının təqdim olunması kommersiya sirrinin pozulması hesab olunur. Təsisçiyə həmin hesabatları vergi orqanı yalnız vergi ödəyicisinin özünün yazılı surətdə təsdiqlənmiş razılığı ilə verə bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə biləcəyi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15.10.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir ki, vergi orqanı ilə vergi ödəyicisi arasında elektron sənəd mübadiləsinə dair istifadəçi kodu, şifrə və parolun verilməsi üçün vergi ödəyicisinin rəhbəri tərəfindən “Elektron sənəd mübadiləsi haqqında” ərizə ilə birlikdə şəxsən və ya səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş nümayəndə vasitəsilə vergi orqanlarının vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. İddiaçı vergi orqanın imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi şəxsin təsisçisi kimi hazırki tələb üzrə müraciətinə cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmuş, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. 30.3. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 30.6. Bu Məcəllənin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər: 30.6.1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə; 30.6.2. vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına; 30.6.3. ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə müvafiq məhkəmələrə; 30.6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına; 30.6.5. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına; 30.6.6. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına; 30.6.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına; 30.6.8. büdcə sistemi haqqında qanunvericiliyin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.10. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün kredit bürolarına; 30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına; 30.6.12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün notariuslara; 30.6.13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurlarına. 30.7. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar. 30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin normalarına əsasən tələb edilən məlumatların vergi orqanı tərəfindən vergi ödəyicisinin təsisçisinə təqdim edilməsi vəzifəsi qanunvericilikdə nəzərdə tutulmadığından, vergi orqanının həmin məlumatların təqdim edilməsindən imtinası qanunsuz hesab edilə bilməz. İş materiallraından görünür ki, iddiaçı tərəf Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli 2(004)-7744/2017 saylı qətnaməsinə istinad edərək, sözügedən hüquqi şəxs "xxxx" MMC-yə qarşı mülki qaydada iddia qaldırıldığını, MMC-nin fəaliyyəti ilə əlaqədar mühasibat sənədlərinin təsisçiyə təqdim edilməsi vəzifəsinin MMC-yə həvalə edildiyini, lakin MMC tərəfindən qətnamənin icra edilmədiyini bildirmiş, iddiaçının təsisçisi olduğu hüquqi şəxs ("xxxx" MMC) barədə müvafiq məlumatların əldə edilməsi üçün vergi orqanına müraciət etmiş, vergi orqanı da cavab məktubunda qeyd edilən məlumatların təsisçiyə verilməsinin vergi orqanının vəzifəsi olmadığını, vergi və kommersiya sirrinin qorunmasının vergi orqanlarının vəzifəsi olduğunu, yalnız vergi ödəyicisinin yazılı razılığı olduğu halda məlumatların təqdim edilə biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının hərəkətində hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. Belə ki, MM-nin 65.1.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin məqsədi sırf mülki hüquq münasibətlərini tənzim etməkdən ibarətdir. Vergi orqanı ilə vergi ödəyiciləri arasında olan münasibətlər isə publik hüquq sahəsinə aid olduğundan həmin münasibətlərin Mülki Məcəllə vasitəsilə tənzimlənməsi yolverilməzdir. Vergi Məcəlləsinin müvafiq müddəaları isə vergi ödəyicisinə aid olan məlumatların onun razılığı olmadan vergi ödəyicisinin təsisçisinə (iştirakçısına) verilməsini qadağan edir. Həmçinin, hər hansı qanunvericilik aktında vergi orqanı tərəfindən təsərrüfat cəmiyyəti barədə məlumatların həmin cəmiyyətin təsisçilərinə verilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-428/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar