Məhkəmə qərarları › İş №2-1(103)-1928/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1928/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1928/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3260/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus qeyriyaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri İnqilab İsmayılov küçəsi 8 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binası yararsız hala düşdüyü üçün, yeni qeyri - yaşayış binası inşa edilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə 05 saylı sərəncam verilmişdir. Həmin qeyri - yaşayış binasının yenidən quraşdırılması barədə eskiz layihə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2344 saylı, xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmışdır. Eləcə də qeyri-yaşayış binasının yenidən quraşdırılması üçün qanunla müəyyən edilən bütün tədbirləri görüb, yeni qeyriyaşayış binasını yenidən quraşdırmışdır. Yenidən quraşdırılan qeyri-yaşayış binasının quraşdırıldığı 0,0806 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli məktubunda göstərdiyi qeyri-yaşayış binasının bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilməsi göstərilməsi düzgün qeyd olunmamışdır. Yuxarıda göstərilən qeyri-yaşayış binası 2012-ci il tarixdə yenidən quraşdırılmış və tərəfindən istifadə olunur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Həmçinin təqdim edilən tikintiyə icazə sənədi müvafiq icra hakimiyyəti crqanı tərəfindən verilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən qeyriyaşayış binasına yerli baxış zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş layihədə 1-ci “3" saylı yerləşkənin konfiquriyası bir qədər fərqlidir. “8” saylı yerləşkə isə mərtəbədə ayrı tikili olmaqla layihədəki ölçüdən böyük inşa olunmuşdur. Layihədə dam sahəsi kimi göstərilən sahədə mansard mərtəbəsi inşa olunmuşdur. Həmçinin bir mərtəbəli tikililər inşa olunmuş, həmin tikililərdən biri tamamilə, digərinin bir hissəsi əlavə torpaq sahəsində yerləşir. Əlavə torpaq sahəsinin 127 kv. metr hissəsi 242 saylı uşaq bağçasının ərazisi ilə üst-üstə düşür. Belə ki, artıq torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, texniki pasportun baş planında göstərilən bəzi perimetrik ölçülərlə faktiki vəziyyət arasında fərq mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3260/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilsin. Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib olunmuş 11/912 inventar nömrəli (Reyestr № **********16-06301) qeyriyaşayış binasına dair texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki: ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,08926 ha, faktiki sahəsi 0,08926 ha, yaşıllıq sahəsi 0.0015, açıq torpaq sahəsi 0.01938, ümumi tikinti altı sahə 0.06838 ha qeyd olunmuşdur. Qeyri-yaşayış binası haqqında məlumatda qeyri yaşayış binasının ümumi sahəsi 536,0 kv. metr, əsas sahəsi 472,8 kv. metr qeyd olunmuşdur. Eyni zamanda tikili və qurğuların xarakteristikaları qrafasında - xidməti binanın tikinti altı sahəsi 612,2 kv. metr, həcmi 2278,0 kv. metr; anbar binasının tikinti altı sahəsi 5,0 kv. metr, həcmi 11,0 kv. metr, yeraltı anbar tikinti altı sahəsi 60,8 kv. metr, daş hazarın tikinti altı sahəsi 5,1 kv. metr, metal çəpərin tikinti altı sahəsi 0.7 kv. metr göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 0.08926 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 536 kv. metr olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi il Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. - 2010-cu ildə Bakı şəhəri “Cahan” firması (Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş Lisenziya № 015187 qeydiyyat nömrəsi LA-06- 006 xx.xx.2006-cı il) tərəfindən Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı yaşayış binasının yanında yerləşən ərazidə İddiaçı məxsus ofis və ticarət binasına dair tərtib olunmuş Eskiz Layihəsindən görünür ki, qeyd olunan Layihə xx.xx.2010-cu ildə (xx/xx/2344 № ilə) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Xüsusi mülkiyyətdə olan qeyriyaşayış binasının yenidən qurulmasına icazə verilməsi haqqında” 05 №-li xx.xx.2011-ci il tarixli sərəncamından çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2344 saylı, xx.xx.2010- cu il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq İddiaçı məxsus Bakı şəhəri, İ.İsmayılov küçəsi, 8 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsi qərara alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, qeyri-yaşayış sahəsi layihəyə əsasən (2 mərtəbəli zirzəmili) 2124,4 kv. metr, faktiki (2 mərtəbəli zirzəmili) 2146 kv. metr, ümumi torpaq sahəsi (hüquqmüəyyənedici sənədlər üzrə) 892,6 kv. metr, faktiki 1169,4 kv. metr (276,8 kv. metr artıq) təşkil edir. Torpaq sahəsinin sərhədlərinin bir hissəsi şərti, bir hissəsi metal tor hasar, bir hissəsi isə mövcud tikilinin ərazisinin divarlarıdır. Texniki pasportda göstərilən “B” tikilisi sökülmüş “A” tikilisinin isə sahəsi genişləndirilmiş, üzərində ikinci mərtəbə inşa olunmuşdur. Aparılmış dəyişikliklər təqdim olunan layihədə öz əksini tapmışdır. Layihədə 1-ci mərtəbədə “3” saylı yerləşkənin konfiqurasiyası bir qədər fərqlidir. “8” saylı yerləşkən isə ayrı tikili olmaqla layihədəki ölçülərdən böyük inşa olunmuşdur. Layihədə dam sahəsi kimi göstərilən hissədə Süm.=103.6 kv.m mansart mərtəbəsi inşa olunub. Ərazidə əlavə olaraq Süm.t.a=50.0 kv. metr bir mərtəbəli tikililər inşa olunub ki, həmin tikililərdən biri tamamilə, digərinin bir hissəsi artıq torpaq sahəsinin üzərində yerləşir. Bundan başqa layihədə göstərilən tikilin də St.a=17.0 kv. metr hissəsi texniki pasportda göstərilən sərhədlərdən kənarda yerləşir. Texniki pasportun baş planında göstərilən bəzi perimetrik ölçülərlə faktiki ölçülər arasında fərq mövcuddur. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********08 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində cari dəyişikliklər nəzərə alınmaqla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun : 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır

5. daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013- cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən qeyri-yaşayış sahəsi 2013- cü il tarixinədək inşa edildiyi üçün qeyd edilən münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsi ilə tənzimlənməlidir. Həmin maddənin yuxarıda qeyd edilən məzmunundan müəyyən edilir ki, müvafiq qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyə uyğun olaraq tikintisi başa çatmış müvafiq qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında akt mövcud olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən 3.0.4 dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək xidmətin vəzifələridir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3260/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3260/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar