Məhkəmə qərarları › İş №2-1(103)-1928/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1928/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1928/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçıya məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-259/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 50,599.34 manat pul vəsaitinin geri qaytarılması barədə rəyin verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı X1 görünür ki, fərdi sahibkarın hazırkı tarixə vergilər üzrə 50,599.34 manat artıq ödəməsi mövcuddur. İddiaçı qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ərizələrlə müraciət etsə də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina edir. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçı ilə vergi orqanı arasında xx.xx.2014-cü il tarixli partnyorluq sazişi bağlanmış və təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır (Vergi Məcəlləsinin 13.2.49-cu maddəsi) və şəxsi hesab vərəqəsində yaranmış artıq vergi ödəməsinin qaytarılmasından bu əsasla imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, əgər vergi ödəyicisinin vergi bəyannamələrində hər hansı uyğunsuzluq mövcud olmuşdursa, vergi orqanı bununla bağlı səyyar və ya kameral vergi yoxlaması həyata keçirmək hüququna malik olmuşdur. Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən təqdim edilmiş “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” yazılı vəsatətdə qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi cavabdehlər sırasından çıxarılmalı və cavabdeh əsl cavabdeh olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən “yeni cavabdehin cəlb edilməsi” yazılı ərizədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1296/2024 saylı qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmışdır. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim iş üzrə yeganə cavabdeh qismində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nəzərə alınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-259/2025 saylı qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir. Təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözü gedən maddədə müvafiq icra hakimiyyəti qismində Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001 -ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1ci bəndinə görə, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müddəti müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. İddiaçı X1 isə görünür ki, iddiaçı barəsində artıq ödəmənin yaranma tarixi xx.xx.2014-cü il müəyyən edilmişdir. Bu halda 5 illik tələbetmə müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Lakin iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Beləliklə artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin bildirilir ki, iddiaçının artıq ödəmələrin qaytarılması barədə xx.xx.2022-ci il tarixli **********241500 nömrəli, **********885600 nömrəli, **********871100 nömrəli müraciətləri əsasında vergi orqanı tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı sərbəst iradə ifadə edərək inzibati orqanla qeyd olunan sazişi bağlamış və razılaşdırılmış vergi məbləğini dövlət büdcəsinə ödəməklə vergi risklərini minimuma endirmək niyyətini həyata keçirmişdir. Bu zaman vergi ödəyicisi ödədiyi vergi məbləğinə uyğun vergi hesabatlarını təqdim etməyə borclu olduğu halda buna əməl etməmiş, nəticədə süni şəkildə artıq ödəmə məbləği yaratmağa nail olmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizə ilə müraciət edildiyi müəyyən edilmişdir. Bu da bir daha sübut edir ki, vergi ödəyicisi könüllü şəkildə sazişdən irəli gələn öhdəliklərin icrasını davam etdirmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin müraciətinə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə Ərizədə artıq ödəmənin ödəniş tarixinin, məbləğinin və yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub göndərilmişdir. Lakin iddiaçı yenə də qeyd olunan məlumatları düzgün şəkildə vergi orqanına təqdim etməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Yuxarıda göstərilənlərə əsasən, vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbinin əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-259/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, İddiaçı məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış, eyni zamanda şikayətdə aşağıdakılar qeyd olunmuşdur: “ ... Məhkəmənin iddianın təmin əsasları ilə bağlı bildiririk ki, işin şübhəsiz halıdır ki, həm iddiaçı və məhkəmə tərəfindən həmin artıq ödəmənin yaranma əsası kimi, iddiaçı ilə vergi orqanı arasında bağlanmış vergi partnyorluq saizişidir. Faktiki olaraq, əvvəlki cavabdehin məhkəməyə verdiyi etirazdan da görülür ki, vergi ödəyicisi ödədiyi vergi məbləğinə uyğun vergi hesabatlarını təqdim etməyə borclu olduğu halda buna əməl etməmiş, nəticədə süni şəkildə artıq ödəmə məbləği yaratmağa nail olmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizə ilə müraciət edildiyi müəyyən edilmişdir. Bu da bir daha sübut edir ki, vergi ödəyicisi könüllü şəkildə sazişdən irəli gələn öhdəliklərin icrasını davam etdirmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Sual belədir: Həmin artıq ödəmə real iqtisadi fəaliyyət arasında yaranmışdır? Real iqtisadi fəaliyyət əsasında yaranmşdırsa, hansı dövrlər üzrə, hansı tədiyyələr üzrə ödənişlərə əsasən yoxsa sadəcə vergi partnyorluğunun sazişini məqsəddən kənar istifadəsi nəticəsində süni artıq ödəmə yaradaraq? Görüldüyü kimi, nə məhkəmə nədə ki, ekspert bu nüansları araşdırmadan əsassız qərar qəbul etmişdir”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 oğlu izahatında məhkəməyə bildirdi ki, yaranmış olan mübahisəli məqam iddiaçı və cavabdeh inzibati orqan arasında “Vergi partnyorluğu sazişi”nə əsasən ödənilmiş vergi ödənişləri ilə bağlıdır. İşə Bakı İnzibati Məhkəməsində baxılarkən iddiaçı əvvəlki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarənin qeydiyyatında olan vergi ödəyicisi olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə iddiaçı arasında bağlanılmış “Vergi partnyorluğu sazişi”nə əsasən ödənişlər həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsində aparılmış icraatın gedişatında ekspertiza təşkil edilmişdir. Ekspertizanın nəticəsində ödənişlərin artıq ödəmənin yaranmasına əsas olan ödənişlər olduğu müəyyənləşdirilmişdir. Razılaşmadıqları məqam ekspert rəyi və “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinin pozulması ilə bağlıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə hansı vergi ödənişlərinə münasibətdə artıqödəmənin yarandığı müəyyən edilmişdir. “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən qərar hüququn analogiyasına istinad edilərək qəbul edilmişdir. Lakin “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə əsasən inzibati, cinayət və vergi mübahisələri üzrə analogiya tətbiq edilə bilməz. Ekspert rəyində isə hansı iqtisadi fəaliyyət əsasında artıq ödəmənin yaranma əsaslarının olduğu göstərilmir. İşə Bakı İnzibati Məhkəməsində baxılarkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən həmin idarənin ləğv olunması ilə bağlı iş üzrə cavabdeh qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cəlb olmunması barədə vəsatət verilmişdir. Hüquq Baş İdarəsinin mövqeyi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin cavabdeh qismində məhkəmə icraatına cəlb olunması idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu kimi xüsusatlar nəzərə alınmadan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, yaranan mübahisə 50.599,34 məbləğində artıq ödəmənin qaytarılması ilə bağlıdır. İddiaçı tərəfindən inzibati orqana müraciət edildiyi zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tələlərindən imtina edilmişdir. Bu səbəbdən də cavabdeh qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi icraata cəlb olunmuşdur. Daha sonra isə məhkəmə icraastının gedişatında İddiaçı vergi orqanının öz təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin qeydiyyatından çıxarılaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin ərəfədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi də ləğv olunmuşdur. Artıq ödəmə ilə bağlı bütün səlahiyyətlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məxsusdur. 50.599,34 məbləğində artıq ödəmə əgər düzgün hesblanmayıbsa, inzibati oqanın kameral vergi yoxlaması, səyyar vergi yoxlaması aparmaq, X2 həyata keçirmək kimi səlahiyyətləri vardır. Artıq ödəmə ilə iddiaçı tərəfindən 2021-ci ildə vergi orqanına müraciət edilmişdir. 4 ildir ki, çəkişmə davam edir. Əgər artıq ödəmə səhv hesablanmış olsa idi, vergi orqanı tərəfindən səlahiyyətləri çərçivəsində lazımi tədbirlər görülə bilərdi. Lakin vergi orqanı tərəfindən iddiaçıya münasibətdə heç bir vergi yoxlaması həyata keçirilməmişdir. İddiaçıya məxsus bəyannamələrin doğruluğu vergi orqanı tərəfindən təsdiq edilmişdir. Artıq ödəmənin qaytarılma əsası Vergi Məcəlləsinin 87ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Cavabdeh inzibati orqanın istinad etmiş olduğu “Vergi partnyorluğu sazişi” isə artıq ödəmənin qaytarılma əsası deyil. Vergi orqanı tərəfindən məhkəməyə ünvanlanan məktuba əsasən son 5 ildə iddiaçının təxmini 57.000 manat məbləğində ödənişi olmuşdur. Əgər iddiaçı son 5 ildə 57.000 manat məbləğində ödəniş edilmişdirsə, artıq ödəmə 2014-cü ildən yarana bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin (eləcə də faizlərin və maliyyə sanksiyalarının) məbləğinin qaytarılmasını (və ya əvəzləşdirilməsini) tələb etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir və qanunverici həmin hüququn realizə edilməsi üçün müddət müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. Odur ki, hazırki iş üzrə mübahisənin düzgün həlli üçün 1) vergi ödəyicisi tərəfindən qaytarılması tələb olunan olunan artıq ödənilmiş verginin məbləği, 2) vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilmə vaxtı, 3) tələb olunan artıq ödəmənin yaranma anı müəyyən edilməlidir. Bakı şəhəri X3 üzrə Baş İdarəsi İddiaçı münasibətdə artıq ödəmənin xx.xx.2014-cü il tarixdə yarandığını, 5 illik tələbetmə müddətinin axımının həmin tarixdən hesablanmalı olduğunu bildirmiş və vergi orqanına xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürüldüyünü əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir (qeyd edilən fakt işin mübahisəsiz halıdır). Hazırki iddia tələbi üzrə mübahisələndirilən hal isə vergi ödəyicisi tərəfindən tələb olunan artıq ödəmənin yaranma anı və yaranmış artıq ödəmənin məbləği ilə bağlıdır. Birinci instansiyası məhkəməsi İddiaçı şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021ci il tarixə mövcud olan artıq ödəmənin yaranma tarixinin və yaranmış artıq ödəmə üzrə tələb etmə müddətinin ötüb-ötməməsinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3950 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Təqdim edilmiş iş materiallarında olan X1 göründüyü kimi, 50.599,34 manat məbləğində artıq ödəmə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək (şəxsi hesab vərəqsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. İş materiallarında olan X1 göründüyü kimi, xx.xx.2016- xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödəniş,18,374.32 manat azalma, 47,408.97 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Eyni zamanda şəxsi vərəqəyə əsaən xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 33.175,25 manat artıq ödəməsi olmuşdur. Tədqiqatla şəxsi vərəqə üzrə xx.xx.2016-cı il tarixə mövcud olan 33.175,25 manat artıq ödəmənin xx.xx.2016-cı il tarixdən sonrakı tarixlər üzrə 47,408.97 manat məbləğində aparılmış hesablamalara silindiyi və nəticədə hesablama üzrə ümumilikdə 14,233.72 manat vergi öhdəliyi qaldığı müəyyən edilir. Qeyd edilidiyi kimi, şəxsi vərəqə məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2016- xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödənişi və 18,374.32 manat azalma əməliyyatı olmuşdur. Bildirilir ki, iş materiallarında olan vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixə mövcud olmuş 62,128.03 manat artıq ödəmənin xx.xx.2016- xx.xx.2021-ci il tarixləri arasında aparılmış 18,374.32 manat azalma və 57,987.43 manat ödəmələrin cəmindən, dövr ərzində yaranmış 14,233.72 manat vergi öhdəliyi nəzərə alındıqdan sonra yarandığı müəyyən edilir. (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə) Əlavə olaraq qeyd edilir ki, şəxsi vərəqə üzrə yaranmış artıq ödəmə, ödəniş və ƏDV üzrə azalma əməliyyatlarının cəmindən formalaşdığı müəyyən edilir”. Beləliklə, iş materiallarına əlavə edilmiş eskpert rəyinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması tələbi ilə vergi orqanına müraciət edildiyi tarixə (xx.xx.2021-ci il tarixə) mövcud olmuş 62.128,03 manat vergilər üzrə artıq ödəmənin yaranma anı xx.xx.2016-cı il tarixidir və həmin artıq ödəmə məbləği xx.xx.2016-xx.xx.2024-ci il tarixləri arasında baş vermiş əməliyyatlar (ödəniş, hesablama və azalma) nəticəsində yaranmışdır. Belə ki, xx.xx.2016-cı il tarix üzrə vergi ödəyicisinin şəxs hesab vərəqəsində 33.175,25 manat vergilər üzrə artıq ödəmə mövcud olmuş; xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57.987,43 manat ödəniş, 18.374,31 manat azalma, 47.408,97 manat hesablama əməliyyatı həyata keçirilmişdir (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə). İddiaçının nümayəndəsi tərəfindən birinci instansiyası məhkəməsində təqdim edilmiş “xx.xx.2024-cü il tarixli ekspert rəyinə dair” mülahizədə qeyd edilmişdir ki, göründüyü kimi ekspert rəyində də təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixə mövcud olmuş 62.128,03 manat vergilər üzrə artıq ödəmə məhz xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında baş vermiş əməliyyatlar nəticəsində formalaşmış və vergi orqanının dəlilinin əksinə olaraq 2014-cü il tarixdə mövcud olmuş artıq ödəmə məbləğləri sonrakı tarixlərdə baş tutmuş hesablamalara silinmişdir. Başqa sözlə deyilsə, şəxsi hesab vərəqəsində öz əksini tapan 50.599,34 manat vergilər üzrə artıq ödəmənin qaytarılması üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti ötməmişdir. Digər tərəfdən ekspert rəyində də qeyd edildiyi kimi xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57.987,43 manat ödəniş və 18.374,32 manat azalma əməliyyatı olmuşdur ki, bu da özlüyündə tələb edilən 50.599,34 manat artıq ödəmənin məhz həmin tarix aralığında yarandığını göstərən bariz sübutdur. Birinci instansiyası məhkəməsi qərarında həmçinin nəzərə alınmışdır ki, İddiaçı (VÖEN: **********2) məxsus X1 aydın olur ki, xx.xx.2021-ci il tarixə yaranmış artıq ödəmə məbləği 62.128,03 manat təşkil etsə də, xx.xx.2021-ci il tarixdən sonra həyata keçirilmiş azalma, hesablama və ödəniş əməliyyatları nəticəsində hazırda mövcud olan artıq ödəmə məbləği 50.599,34 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. Vergi Məcəlləsinin 24.1.10-cu maddəsinə görə, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87-ci maddəsinə görə, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vergi Məcəlləsinin 179-cu maddəsinə müvafiq olaraq, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarını 4.8-ci bəndinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Qaydaların 4.9-cu bəndinə görə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Qaydaların 4.10-cu bəndinə müvafiq olaraq, vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ödəyicisinə qadağan etməmişdir. Vergi Məcəlləsinin 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-319758/2025 saylı Qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məlumatda aşağıdakılar göstərilmişdir: “ ... Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-259/2025 nömrəli icra sənədinin təmin edilməsi haqqında müraciətinizə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, Baş İdarənin 2025-ci il üzrə xərclər smetasının müvafiq xərc maddəsinə pul vəsaiti ayrıldıqdan sonra Qərarın icrası təmin ediləcəkdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-259/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-259/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar