Məhkəmə qərarları › İş №2-1(103)-1929/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1929/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1929/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, keçmiş Lenin (indiki Sabunçu RİH) XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, hətta hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olsa da, iddiaçı hazırki qanunla da həmin qərarın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən qərarın (keçmiş Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın) iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, iddiaçı məhkəmə iclaslarında iştirak edərkən, dəfələrlə Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın mövcüdluğundan uzun illər əvvəl xəbərdar olduğunu bildirmişdir ki, bununla bağlı məhkəmə iclas protokolunda qeydlər aparılmışdır. Bundan savayi isə, məhkəmə araşdırılması zamanı təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbini əsaslandırarkən isə, Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarına istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1855/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9712/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması və qətnamənin qismən - torpaq sahəsinin özəlləşdirilməsi üçün aparılmış qeydiyyatın və şəhadətnamə etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın mövcüdluğundan uzun illər əvvəl xəbərdar olduğunu bildirsə də, Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq araşdırmanı apararaq müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərkən, artıq həmin inzibati orqanın sözügedən qərarından xəbərdar olmuşdur. Məhkəmə sözügedən qərarın iddiaçı tərəfindən xəbərdar olmasını xx xxxxxx 2019-cu il tarixdən qəbul edir. Belə olan halda, iddiaçı keçmiş Lenin - (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarını ən geci xx xxxxxx 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat verərək, göstərmişdir ki, işin 15-ci və 43-cü vərəqlərində olan, Lenin RİH-in xx.xx.1992-i il tarixli 3/20 nömrəli qərarının kserosurəti və xx.xx.2018-ci il tarixli 3674 nömrəli arxiv çıxarışı 2018-ci ilin sonunda artıq onda olmuşdur. Məhkəmə kollegiyası şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının, ləğvini tələb etdiyi cavabdehin mübahisəli qərarı inzibati aktdır. İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. tam və ya qismən (hissəvi) əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-32, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İş materiallarından və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan müəyyən edilir ki, mübahisəli qərar ən geci 2018-ci ilin sonunda iddiaçıda olmuşdur. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə vurulan daxilolma ştampının məlumatlarına görə, ərizə xx.xx.2019cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi hüquq məsələsi olub, yalnız bu müddətin buraxılmadığını təsdiq edən mötəbər sübutlarla həll edilə bilər. Hazırkı mübahisədə isə iddiaçı özü bu müddətin ötürüldüyünü etiraf edir, üstəlik, apellyasiya şikayətində müddətin buraxılmadığını ümumiyyətlə mübahisə etmir və şikayəti yalnız mübahisənin mahiyyəti ilə bağlı olan dəlilləri ilə əsaslandırır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9712/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qərardadına görə, həmin işdə İddiaçı iddia ərizəsində bildirmişdir ki, Lenin RİH-in xx.xx.1992-i il tarixli 3/20 nömrəli qərarı Sabunçu RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə ləğv edilmişdir. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda müzakirə edilən hallara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür (İPM-35.1), apellyasiya şikayəti qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar