Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1929/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “DMX-nin əməkdaşları barəsində qanunauyğun tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1152/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət (hərəkətsizliyi) ilə xüsusi karantin zamanın olmasına görə onun gigineya ilə bağlı sərt maddi və mənəvi gözləntilərinə mənfi təsir etdiyindən onun və ailəsinin əsəb, stres və mənəvi sarsıntı keçirdiyini nəzərə alaraq və habelə ictimaiyyət qarşısında işgüzar nüfuzdan düşdüyünə görə dəymiş maddi və mənəvi zərərə görə 30.000 manat miqdarında pulun tutulması, xidmətin təqsirli əməkdaşları barəsində qanuna uyğun tədbirlərin görülməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək xüsusi karantin zamanında hadisənin baş verməsində Dövlət Miqrasiya Xidmətinin təqsirli əməkdaşları Cəbrayıl Məmmədli, X14 və X15 barəsində qanunauyğun tədbirlərin görülməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 11 saylı vəkil bürosunda növbətçilik qrafiki üzrə 05 aprel 2020-ci il tarixdə vəkil kimi növbədə olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət Baş İdarəsinin baş inspektoru Cəbrayıl Məmmədlinin ABŞ vətəndaşı X20 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimatı daxil olmuşdur. 05 aprel 2020-ci il tarixdə o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 7(001)- 127/2020 saylı 05.04.2020-ci il tarixli qərarı ilə ABŞ vətəndaşı X20 dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə dəvət edilmişdir. Xüsusi karantin zamanı o, öz həyatını, ailəsinin həyatını təhlükəyə atmaqla Binəqədi rayon məhkəməsinə gələrək xidməti vəzifəsini icra edərək ABŞ vətəndaşının X20 hüquqlarını müdafiə etmişdir. Məhkəmə prosesindən sonra ABŞ vətəndaşı X25 o qədər özündən razı halda məhkəmədə sərbəst hərəkət edərək məhkəmənin inzibati binasında onun liftin qapısından çıxmağını görən kimi dərhal eskalatorun pilləkənlərindən iri addımlarla aşağı enərək hamının yanında onun gözünün içərisinə tüpürərək ünvanına ingilis dilində söyüş söyərək onu təhqir etmişdir. O, məhkəmə prosesində həmin şəxsin hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə dəvət edilmiş və həmin günü xidməti vəzifəsini icra etmişdir. Məhkəmənin inzibati binasında X20 hərəkəti nəticəsində hamının gözü qarşısında onu qadın kimi zəif olmağından istifadə edərək ünvanına söyüş söyməsi, koronovirus pandemiyasının yayıldığı dövrdə gözünün içərisinə tüpürməsi onun həmin gecə və sonrakı günlərində dərin sarsıntı, stres keçirtməyə səbəb olmuşdur. ABŞ vətəndaşı X21 miqrasiya əməkdaşları inzibati qaydada tutarkən inzibati və miqrasiya qanunvericiliyin tələblərinə düzgün riayət etməmişlər. Belə ki, ABŞ vətəndaşı X25 barəsində 04.04.2020-ci il tarixdə əcnəbilərin ölkə ərazisində qanunsuz qalması, habelə ölkədə olma qaydasını pozmasına görə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmiş və şəxs 24 saat müddətinə Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilmişdir. 05.04.2020-ci il tarixdə X20 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimata baxılması üçün Binəqədi rayon məhkəməsinə məhz Bakı şəhəri qanunsuz miqrantların saxlanılması mərkəzlərindən gətirilmişdir. Belə olduğu təqdirdə X25 Binəqədi rayon məhkəməsinə Mərkəzin əməkdaşlarının müşayiəti ilə, xüsusi vasitələrin mühafizəsi altında gətirilməli və bu barədə müşayiət vərəqəsi tərtib olunmalıydı. Şəxs barəsində 04.04.2020-ci il tarixdə inzibati qaydada tutma protokolu tərtib edilərkən artıq şəxsin hüquqları məhdudlaşmış hesab edilmiş, 24 saat müddətində Mərkəzdə saxlanılması üçün Mərkəzə yerləşdirilmiş, sonradan məhkəməyə barəsində qərar verilməsi üçün Mərkəzdən gətirilib və aparılmışdır. Bu zaman Mərkəzin iki əməkdaşın müşayiəti ilə ciddi nəzarət altında əli bağlı formada məhkəməyə gətirilib aparılmalıdır. 05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı X20 Binəqədi rayon Məhkəməsinin inzibati binasında sərbəst hərəkəti, məhkəmədə hamının gözü qarşısında vəkil kimi onun ünvanına nalayiq sözlər işlətməsi və gözünün içərisinə tüpürməsinin əsas səbəbkarı birbaşa Miqrasiya Xidmətinin əməkdaşlarının hərəkətsizliyi, əməkdaşların hüquq və vəzifələrinin lazımı qaydada bilməməsi olmuşdur. Baş vermiş hadisədə həmin miqrasiya əməkdaşları Miqrasiya Xidmətinin adına ləkə gətirmiş, onların hərəkətsizliyi, vəzifə səlahiyyətini düzgün icra etməməsi, qanunvericiliyin tələblərinə lazimi əməl etməməsi, xidmətdə səriştəsizliyinin bir daha əyani sübutu olmuşdur. X25 məhkəməyə buna səlahiyyəti çatmayan Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşlarının müşaiyəti ilə gətirilmiş və aparılmışdır, habelə müşayiət zamanı qanunvericiliyin tələb olunduğu formada o, xüsusi vasitələrin mühafizəsi altında olmamış, müşayiət barədə müşayiət vərəqi (20 nömrəli əlavə) tərtib olunmamışdır. Göründüyü kimi Miqrasiya nəzarəti baş idarəsi fəaliyyət istiqamətlərinə və vəzifələrinə qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilən əcnəbilərin Mərkəzdən kənara çıxarılması zamanı müşayiət edilməsi kimi vəzifə daxil deyildir. Bu səbəbdən də Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X14 və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin ölkə hüdudlarından kənara çıxarılma məsələlərin həlli şöbəsinin baş inspektoru X15 ABŞ vətəndaşı X21 Binəqədi məhkəməsinə müşayiət edə bilməzdilər. Bu yalnız rəhbərlik tərəfindən birbaşa göstəriş olduğu hallara istisna olmaqla qanunsuz miqrantların saxlanılması mərkəzlərinin vəzifəsidir. Ancaq müşayiət zamanı Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşları X12 və X13 bu növ göstəriş verildiyini təsdiq edən “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları’nın 5.44-cü bəndində göstərilən “Müşayiət vərəqi” olmamışdır. Bundan əlavə yuxarıda adları qeyd edilən əməkdaşlar tərəfindən belə müşayiət doğru aparılmamışdır. Belə ki, “icra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı məhkəmədə hakim, məhkəmə prosesinin digər iştirakçılarının və onun təhlükəsizliyinin icra məmuru tərəfindən təmin edilməlidir. Lakin məhkəmə iclasından sonra təhlükəsizliyin təmini X21 məhkəməyə gətirən və məhkəmənin şəxs barəsində verdiyi 7(001)-127/2020 saylı, 05.04.2020-ci il tarixli qərarın icrası üçün Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə aparan DMX-nın əməkdaşlarının vəzifəsidir. Lakin iclasdan dərhal sonra X25 öz tərcüməçisi ilə birgə, onu müşayiət edən DMX əməkdaşlarından ayrı, öndə, əllərində qandal olmadan, rahat şəkildə məhkəmə binasının 1-ci mərtəbəsinə enmişdir. Beləliklə, DMX-nın əməkdaşları işlərinə vicdanla yanaşıb, müşayiəti doğru təşkil etsəydilər, yəni X25 Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydalarının tələb etdiyi kimi xüsusi vasitələrin mühafizəsi altında, hər iki əməkdaş tərəfindən və ən əsası “online” deyil real və yaxından müşayiət olunsaydı, o, daha irəli iti addımlara tullanaraq onun qarşısını qəfil kəsərək bütün məhkəmənin eşidəcəyi formada uca səslə onu təhqir edərək üstünə hücum keçə bilməzdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X17 iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının Miqrasiya Nəzarət Baş idarəsinin, Miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X14 və həmin baş idarənin ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin baş inspektoru X15 barədə qeyd etdiyi məqamlara dair: 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 6.2-ci bəndinə əsasən X10 xidmət apardığı Miqrasiya rejiminə nəzarət şöbəsinin vəzifələrinə aşağıdakılar aiddir: 6.2.1-ci bənd - bu Əsasnamənin 3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13- 1- ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; Bənddə göstərilən 3.1.2-1 və 3.1.13-1 -ci yarımbəndlərə diqqət yetirək: 3.1.2-1.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyat işinə nəzarət etmək. 3.1.13- 1.regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək; Göründüyü kimi, X14 birbaşa vəzifəsinə uyğun olaraq qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində çalışır (qeyd etmək lazımdır ki, ABŞ vətəndaşı Lənkəran regional miqrasiya idarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir). 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 6.3-cü bəndinə əsasən X11 xidmət apardığı Miqrasiya rejiminə nəzarət şöbəsinin vəzifələrinə aşağıdakılar aiddir: 6.3.1-ci bənd - bu Əsasnamənin 3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9- cu və 3.1.11- ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; Bənddə göstərilən 3.1.9-cu yarımbəndə diqqət yetirək: 3.1.9-cu bənd - Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3-cü maddələrində nəzərdə tutulan hallarda və həmin Məcəllədə müəyyən olunmuş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3- cü və 82.2.1-82.2.3- cü maddələrində qeyd edilmişdir: 80.2 Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. 82.1.3. şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda - çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində. 82.2.1. müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda - 24 saatadək; 82.2.2 məhkəmənin inzibati qaydada tutma barədə qərarı olduqda - üç günədək; 82.2.3 bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə. Həmçinin, Lənkəran RMİ-nin ABŞ vətəndaşı X22 barəsində qəbul etdiyi 04.04.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında əlavə cəza tədbiri kimi əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması qeyd edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi baş inspektorların vəzifələrinə gəldikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 5.11.3 və 5.11.6- cı yarımbəndlərindən məlum olur ki, əməkdaşlar öz vəzifələrindən kənar heç bir fəaliyyət göstərməmişdir. 5.11.3-cü yarımbənd - şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir; 5.11.6-cı yarımbənd - xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə rəislərinin digər tapşırıqlarını yerinə yetirir. Digər əməkdaş X3 barədə isə iddiaçı heç bir arqument təqdim etməmişdir. İddiaçı iddia ərizəsində “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 5.43 və 5.44-cü bəndlərini qeyd etsə də 5.45-ci bəndinə diqqət yetirməmişdir. Belə ki, Qaydaların 5.45-ci bəndinə əsasən Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri əsasında həyata keçirilir və əcnəbi köçürüldüyü Mərkəzə qəbul edilərkən, onun üzərində bu Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun olaraq tam axtarış aparılır və ona məxsus əşyalara baxış keçirilir. Göründüyü kimi müşayiət vərəqi Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi zamanı təqdim edilir və bu bənd ön plana çəkilir. Qaydaların 20 nömrəli əlavəsinə baxsaq müşayiət vərəqinin 7-ci bəndində “Başqa yerə köçürülmə” və 8-ci bəndində köçürülən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən şəxs“ qeyd edilmişdir ki, iddiaçının iddiasına görə bu bəndlərə məhkəmə yazılmalıdır. Halbuki, söhbət Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsindən gedir. Yox əgər iddiaçı iddia etsə ki, Qaydaların 5.43-cü bəndinə əsasən (Mərkəzin mühafizə heyəti Mərkəzdə saxlanılan əcnəbilərin Mərkəzdə mühafizəsini təşkil etməklə yanaşı, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi və Mərkəzdən kənarda digər hərəkətləri zamanı onları müşayiət edirlər) söhbət həm də Mərkəzdən kənarda digər hərəkətlərdən gedir, yenə də əsassız sayılır. Belə ki, Qaydaların 20.4-cü (Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və ya onların nümayəndələri bu barədə Mərkəz rəhbərliyinə əsaslandırılmış yazılı müraciət edirlər. Mərkəzin rəisi müraciətə baxır və Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin razılığı olduğu təqdirdə, həmin əcnəbilərə Mərkəzin işçilərinin müşayiəti ilə və müəyyənləşdirilmiş vaxt çərçivəsində Mərkəzdən kənara çıxmağa icazə verir), 7.16-cı (Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər bu Qaydaların 7.15-ci bəndində nəzərdə tutulan hüquqlarını Mərkəzin rəhbərliyinin razılığı ilə və Mərkəzin işçilərinin müşayiəti ilə poçtda, bankda və sair bu kimi yerlərdə həyata keçirirlər), 17.12-ci (Mərkəzdə saxlanılan əcnəbinin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Yemək qəbulundan imtina edən Mərkəzdə saxlanılan əcnəbinin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir) və 19.34-cü (Mərkəzdə saxlanılan xəstə əcnəbinin Mərkəzdən kənar səhiyyə müəssisələrinə müayinəyə və qısamüddətli müalicəyə göndərilməsi Mərkəzin tibbi məntəqəsinin rəyi əsasında Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin qərarı ilə həyata keçirilir. Bu zaman Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdən kənarda müşayiəti və mühafizəsi Mərkəzin mühafizə heyəti tərəfindən təmin edilir) bəndlərindən də görünür ki, 5.43-cü bəndə digər məqamlar aid edilir. İddiaçının iddia etdiyi kimi əcnəbinin yalnız Qanunsuz miqrantların saxlanılması mərkəzinin əməkdaşları tərəfindən köçürülməsi və Xidmətin digər struktur qurumunun əməkdaşlarının vəzifəsinin olmadığı Qaydalarda nəzərdə tutulmamışdır. Göründüyü kimi, Miqrasiya Nəzarət Baş İdarəsinin, Miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X14 və həmin baş idarənin ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin baş inspektoru X15 və xüsusən də heç bir arqument gətirilmədən cəzalandırılması tələb olunan Təşkilat-nəzarət baş idarəsinin, Nəzarət idarəsinin baş inspektoru X3 ilə bağlı iddialar tamamilə əsassızdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1152/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək və tərəflərindən təqdim edilmiş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəfin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.05.2020-ci il tarixli məktubun surətindən görünür ki, onun Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından daxil olmuş, həmçinin Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətlərinə (21.04.2020-ci il tarixli Z2069 daxilolma nömrəsi, 27.04.2020-cı il tarixli Z-2069/1 daxilolma nömrəsi, 01,05.2020ci il tarixli, Z-2069/2 daxilolma nömrəsi, 04.05.2020-cı ıl tarixli, Z-2069/3 daxilolma nömrəsi və 08.05.2020-ci il tarixli, Z-2069/4 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş) aidiyyəti üzrə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.04.2020-ci ıl tarixli, 7(001 )-127/2020 nömrəli qərarı ilə Dövlət Miqrasiya Xidmətinin təqdimatı təmin edilmiş və X6 vətəndaşı X25 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanılması Mərkəzinə məcburi olaraq yerləşdirilmişdir. X25 barədə müraciətdə qeyd etdiyi hallarla bağlı Bakı şəhəri Binəqədi rayon Polis idarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı xidməti fəaliyyətdə olduqları vaxt ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən hər hansı qanunsuz əmələ yol verilməsi halı aşkar edilməmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-269/2020 saylı 05.06.2020- ci il tarixli qərarının surətindən görünür ki, ABŞ vətəndaşı X25 barəsində Azərbaycan Respublikasının 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair İddiaçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, X23 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 11 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Binəqədi filialındakı hesablaşma hesabına köçürülməsi və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi qərara alınmışdır. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən 02.12.2020-ci il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, 05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı, 02.11.1989-cu il təvəllüdlü X16 Binəqədi rayon məhkəməsinə gətirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları X14 və X13 müşayiət vərəqəsi verilmiş, X1 isə əcnəbinin müşayiət edilməsində iştirak etmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 11 fevral 2013-cü il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 2-ci bəndinə əsasən miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasının təmin olunmasında, emiqrasiya və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək; aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək Baş idarənin əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir. Həmin Əsasnamənin 3-cü və 4-cü bəndləri baş İdarənin vəzifə və hüquqlarından bəhs edir. Həmin Əsasnamənin 5.11-ci bəndinə əsasən Baş inspektor və inspektor şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər vermək; şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmƏK, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlamaq; şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra etmək; müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə (Bölmə) rəisinə təqdim etmək; qüvvədə olan qanunvericiliyi daim öyrənmək, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışmaq, əmək və icra intizamına əməl etmək; xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə rəislərinin digər tapşırıqlarını yerinə yetirmək kimi hüquq və vəzifələrə malikdir. Həmin Əsasnamənin 6.2-ci bəndinə əsasən Miqrasiya rejiminə nəzarət şöbəsinin əsas vəzifələri aşağıdakılardan ibarət olmuşdur: bu Əsasnamənin 3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13-1-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək; Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. Həmin Əsasnamənin 3.1.2-1-ci bəndinə və 3.1.13-1-ci bəndinə əsasən baş idarənin vəzifələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyat işinə nəzarət etmək və regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək aiddir. Qeyd edilən Əsasnamənin 6.3 –cü bəndinə əsasən ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin əsas vəzifələrinə bu Əsasnamənin 3.1.7-1-ci, 3.1.8ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək; baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək aiddir. Əsasnamənin 3.1.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3-cü maddələrində nəzərdə tutulan hallarda və həmin Məcəllədə müəyyən olunmuş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək baş idarənin vəzifələrinə aiddir. Məhkəmə kolegiyası qeyd edir ki, iş üzrə araşdırılmış hallardan göründüyü kimi DMX-nin əməkdaşları baş inspektor X14 və X15 ABŞ vətəndaşı X21 Binəqədi Rayon Məhkəməsinə gətirilən zamanı müşayiət etmək səlahiyyətinə malik olmuşdurlar. Digər əməkdaş-Təşkilat-Nəzarət Baş İdarəsinin baş inspektoru X2 isə əcnəbinin müşayiət edilməsində iştirak etməmiş, onun ABŞ vətəndaşı X20 3 ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanılması Mərkəzinə yerləşdirilməsi barədə təqdimatına Binəqədi rayon Məhkəməsində baxılmışdır. Məhkəmə kollegiyası DMX-nin əməkdaşlarının əcnəbinin məhkəmədə müşayiətinin qanunvericiliyin tələblərinə uyğun formada təşkil edilməməsi, əl-qolunun qandallanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, nə Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydalarında, nə də digər qanunvericilik normalarında əcnəbilərin məhkəməyə gətirilən zamanı qandallanması kimi tələblər nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1152/2021 saylı, 15 aprel 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1929/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1929/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver