Məhkəmə qərarları › İş №2-1(103)-1929/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1929/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1929/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaç İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-4107/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 600 kv.m olan 22 saylı bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, Bakı şəhəri XDS İK-nın xx.xx.1988-ci il tarixli 20/396 nömrəli qərarının 53-cü bəndinə əsasən Bakı şəhəri Nizami rayon XDS İcraiyyə Komitəsinin əməkdaşları üçün bağçılıq-yoldaşlıq təsərrüfatı yaratmaq üçün Əzizbəyov (indiki Xəzər rayonu) rayonu Dübəndi ərazisində 2,04 ha torpaq sahəsinin hesabına bağçılıq təşkil edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirakı ilə xx.xx.2006-cı il tarixdə keçirilən ümumi iclasın 5 saylı protokoluna əsasən Bakı şəhəri Nizami rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3 nömrəli protokoluna əlavələr edilmiş, yenidən püşkatma keçirilmiş və 22 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin bağ sahəsinə dair çıxarışın verilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh bildirmişdir ki, idarəyə təqdim edilən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Təqdim edilən protokoldan çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun deyildir. Həmçinin iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər nömrəli bağ sahəsinin ərazisinin bir hissəsi olduğu müəyyən edilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-4107/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş X2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yaşayış evi kimi dövlət qeydiyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-4107/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 22(23) saylı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinə baxılmış, idarəyə təqdim edilən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi, təqdim edilən protokoldan çıxarışın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olmaması, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər nömrəli bağ sahəsinin ərazisinin bir hissəsi olduğunun müəyyən edildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri üzrə icra hakimiyyətlərinin, habelə Nizami rayon İcra Hakimiyyətinin 2017-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlama müddəti 5 ildir. Həmin müddət bitdiyindən 2017-ci ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün dövlət arxivinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin nəzdində bağçılıqyoldaşlıq kollektivinin rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsinin iştirakı ilə 7 mart 2006-cı il tarixdə keçirilən ümumi iclasının 7 mart 2006-cı il tarixli 5 nömrəli protokolundan və torpaq sahələrinin sxemindən görünür ki, İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivində bağ sahələrinin bölüşdürülməsi nəticəsində İddiaçı ümumi sahəsi 600 kv.m olan 23 saylı bağ sahəsi verilmişdir. İş materiallarında olan bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2006-cı il tarixli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 1-ci Cənub küçəsi, bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 23 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının iştirakı ilə 7 may 2009-cu il tarixdə keçirilən ümumi iclasının 7 may 2009-cu il tarixli 6 nömrəli protokolundan və torpaq sahələrinin sxemindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivində bağ sahələrinin yenidən bölüşdürülməsi nəticəsində İddiaçı ümumi sahəsi 600 kv.m olan 22 saylı bağ sahəsi verilmişdir. İş materiallarında olan bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2006-cı il tarixli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 1-ci Cənub küçəsi 22, bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 22 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsinin iştirakı ilə 7 mart 2006-cı il tarixdə keçirilən ümumi iclasının 7 mart 2006cı il tarixli 5 nömrəli protokoluna əsasən İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivində bağ sahələrinin bölüşdürülməsi nəticəsində İddiaçı ümumi sahəsi 600 kv.m olan 23 saylı bağ sahəsi verilmişdir. Daha sonra Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının iştirakı ilə 7 may 2009-cu il tarixdə keçirilən ümumi iclasının 7 may 2009-cu il tarixli 6 nömrəli protokoluna və torpaq sahələrinin sxeminə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivində bağ sahələrinin yenidən bölüşdürülməsi nəticəsində İddiaçı ümumi sahəsi 600 kv.m olan 22 saylı bağ sahəsi verilmişdir. Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 1-ci Cənub küçəsi 22, bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 22 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, sənədlərin (o cümlədən siyahı, protokol və s.) arxivdə saxlanılmaması hallarına iddiaçı cavabdehlik daşımır. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Həmçinin cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-4107/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-4107/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar