Məhkəmə qərarları › İş №2-1(103)-193/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-193/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-193/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə anadan olmuş, Ucar ray., Müsüslü kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cəfərov İlqar Nəsrullah oğlu 10.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə mürаciət еdərək, iddiaçının 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxxx“ MMC-də teplovoz maşinisti işləməsi nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci il tarixdən hal-hazıra kimi “xxxx” MMC-də teplovoz maşinisti işləməyinin dəmir yol nəqliyyatına aid olmadığı və lazım olan 12 il 6 ay güzəştli iş stajının olmaması səbəbindən pensiya təyin olunmasının qeyri mümkün olduğu bildirilmişdir. Halbuki iddiaçı 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi işləmişdir və 01.08.2001- ci il tarixdən halhazıra kimi “xxxx” MMC-də teplovoz maşinisti vəzifəsində işləyir və iddiaçının ümumi iş stajı 25 il 8 ay 11 gün, güzəştli iş stajı isə 20 il 10 ay 28 gün təşkil edir.Cavabdeh təşkilat güzəştli şərtlərlə pensiya təyin etməkdən imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat hissəsinin dəmir yolu nəqliyyatı, dəmir yolu lokomotiv briqadasının fəhlələri, ayrı-ayrı işçilər bəndində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulduğundan, iddiaçının isə 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci il tarixdən hal-hazıra kimi “xxxx” MMC-də teplovoz maşinisti işləməyinin dəmir yol nəqliyyatına aid olmadığı ilə əsaslandırmışdır.Belə olan halda teplovoz nəqliyyat vasitəsinin dəmir yoluna deyil hansı nəqliyyat vasitəsi növünə aid edildiyi iddiaçıya müəmmalı qalır və məhz buna görə iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi gülüş doğurur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 20.02.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hesab edilməsini xahiş etmişdir. 02.07.2020-ci il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, İddiaçı 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxxx“ MMC-də teplovoz maşinisti işlədiyi dövr nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 18.09.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat hissəsinin (21) dəmir nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçi bəndində (21.4) teplovoz, elektovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. İddiaçıya məxsus 30 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində onun 03.02.1988- 10.09.2003-cü il tarixləri arasındakı dövr ərzində “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi və 01,08.2001-ci il tarixindən bugünədək “xxxx” MMC-də teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından müəyyən edilir ki, iddiaçı 11.11.1972-ci idən 10.04.1980-ci ilə qədər, 07.07.1982-ci ildən 23.09.1982-ci ilə qədər zavodda takelajçı, 06.11.1982-ci ildən 19.10.1985-ci ilə qədər “Neft Daşları”nda qazmaçı köməkçisi, 25.11.1985-ci ildən 27.12.1985-ci ilə qədər Azərbaycan Dəmir Yolunun Kirovabad lokomotiv deposunda çilingər, 27.12.1985-ci ildən teplovoz maşinistinin köməkçisi, 15.01.1986-cı il tarixdə teplovozların təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmiş, 03.02.1988-ci ildən 01.11.1990-cı ilə qədər “Xüsusi Yol Təmiri” İdarəsində teplovoz maşinistinin köməkçisi, 01.11.1990-cı ildən 10.11.2003-cü ilə qədər teplovoz maşinisti, 01.08.2001-ci ildən “xxxx” MMC-də teplovoz maşinisti işləyir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçası da iddiaçının teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşəsində işləməsini təsdiq edir, iddiaçının işlədiyi müəssisələrin adından da həmin müəssisələrin (“Xüsusi Yol Təmir İdarəsi” və “xxxx” MMC) nəqliyyat müəssisələri olması aydın görünür, teplovozun isə nəqliyyat vasitəsi olaraq dəmir yoluna aid olması hamıya məlum olan haldır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 4-cü bəndində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi peşələr müvafiq Siyahıda nəzərdə tutulsa da, həmin peşələr “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsinin dəmiryol nəqliyyatı sahəsinə aid olması iş materilları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi iddiaçıya məxsus AZE № 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında iddiaçının 11.11.1972-ci idən 10.04.1980-ci ilə qədər zavodda takelajçı peşəsində çalışdığını qeyd ermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasında iddiaçının 11.11.1979-cu ildən zavodda takelajçı peşəsində çalışdığı göstərilmiş, lakin “1979” aydın yazılmadığından (səlist deyil) birinci instansiya məhkəməsi tərəfindən “1972” qəbul edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən 11.11.1972-ci idən 10.04.1980-ci ilə qədər , yəni 10 yaşından zavodda takelajçı peşəsində işləməsi Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələblərinə əsasən qeyrimümkündür. Belə ki, həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının 1-ci və 77-ci vərəqlərində kitabçanın seriya və nömrəsi İT-İ № ******* qeyd edilsə də, digər vərəqlərində kitabçanın seriya və nömrəsi İT-İ № ******* olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası iclası zamanı iddiaçı bu halla bağlı sədrlik edənin sualına cavab olaraq, seriya və nömrənin fərqli olmasını ilk dəfə gördüyünü, bu barədə məlumatının olmadığını bildirdi. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 01.11.1990-cı ildən 10.11.2003-cü ilə qədər (imzalanmış, lakin ad və soyad qeyd edilməmişdir) Azərbaycan Respublikası Dövlət Tikinti Materialları İstehsalı və Satışı Konserninin Xüsusi Yol Təmiri İdarəsində teplovoz maşinisti, 01.08.2001-ci ildən “xxxx” MMC-də teplovoz maşinisti işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı eyni zaman dövründə (01.08.2001-10.11.2003-cü il dövründə) iki müxtəlif müəssisədə teplovoz maşinisti vəzifəsində işləməsi işin ziddiyyətli məqamlarındandır. Həmçinin əmək kitabçasının birinci vərəqində “1979”, dörd və beşinci vərəqlərinin beşinci qrafasında “23” rəqəmlərinə düzəlişlərin olduğu görünsə də, əmək kitabçasında həmin düzəlişlərin təsdiq edilmiş qeydləri mövcud deyil. Eyni zamanda əmək kitabçasının 11-ci vərəqənin 14-cü qrafasında iddiaçının işdən azad edilməsi ilə bağlı “Əmr №” qeyd edilsə də, əmrin nömrəsi göstərilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia ərizəsinə qoşma kimi əlavə edilmiş şəxsiyyət vəsiqəsinin üzərində “Surət” qeydi vurulsa da (möhür əksi olsa da), vəsiqənin surətinin kim tərəfindən təsdiq olunması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxxx“ MMC-də teplovoz maşinisti işləməsi nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar