Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-193/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanda yerləşən ümumi sahəsi 3196.9 kv.metr, 0.592320 kv.metr torpaq sahəsi olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli reyestr qeydi aparılmış və **********35-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 08 may 2021-ci il tarixli, 133 nömrəli sərəncamına əsasən Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və qəbul aktı tərtib edilmiş, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin - qeyri yaşayış binasına keçməsi barədə eksiz-layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənədləşmələrin X3 adına aparılmasının səbəbi həmin dövrdə əmlakın onun mülkiyyətində olması ilə əlaqədardır. Bakı şəhəri 29 saylı notariat kontorunda kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X7 arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024- 05/21A nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 aprel 2021- ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Azərbaycan Respublikası FHN TTNDA Dövlət Layihə İnstitutu "Azərdövlətsənayelayihə" tərəfindən X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 9Z ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış binasının tikintisinin başa çatması ilə əlaqədar kompleks müayinə işlərinin aparılması üzrə müqavilə sənədləri təsdiqlənməsi üçün göndərilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, yerli icra hakimiyyəti orqanı mülkiyyətində olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə əlverişli inzibati aktlar qəbul etmişlər. Əmlaka aid sənədlərini toplayıb yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etsə də, heç bir rəsmi cavab verilməmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus əmlak üzərində hüquqların mövcud vəziyyətdə qeydiyyata alınması üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-650/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir, həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi istifadə olunduğu məlum olmuşdur. Bundan əlavə, qeyd edilən əmlak Bank Respublikanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı fərdi yaşayış evinə (3196.90 kv.m) və torpaq sahəsinə (0.592320 ha) xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 08 may 2021ci il tarixli 133 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihəsinin təsdiq edilməsi, təsdiq edilmiş layihəyə uyğun olaraq yenidən qurulma işlərinin aparılmasına razılıq verilməsi qərara alınmışdır. Həmin fərdi yaşayış evinin qeyri-yaşayış binasına keçirilməsinin eskiz layihəsi xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş. Sərəncamın və eskiz layihənin təsdiq edilmiş surətləri Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası”nın xx.xx.2021-ci il tarixli texniki rəyindən görünür ki, komissiya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı fərdi yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən qeyd edilən ünvanda 9Z saylı yaşayış evi vətəndaş A.C.Abbasovaya məxsusdur. Yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və nəticədə evin faktiki ümumi sahəsi 3196,9 kv.m. olmuşdur. Azərbaycan Respuvlikası Mənzil Məcəlləsinin tələblərini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş A.C.Abbasovanın mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəbul Komissiyasının Aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı fərdi yaşayış evinin yenidənqurma işlərindən əvvəl ümumi sahəsi 3169,9 kv.m olmuş, təsdiq edilmiş layihəyə uyğun olaraq mənzilin yenidən qurma işləri və yenidən planlaşdırma işləri başa çatdırılmış və nəticədə evin faktiki ümumi sahəsi 3169,9 kv.m olmuş, Azərbaycan Respuvlikası Mənzil Məcəlləsinin tələblərini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş A.C.Abbasovanın mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin təyinatı üzrə qeyri-yaşayış obyekti kimi istifadə edilməsi və mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən X5 məxsus 9Z saylı yaşayış evinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 133 saylı 08 may 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024-05/21A nömrəli alqı-satqı və ipoteka müqaviləsinin (4Ə-945 reyestr nömrəli) surətindən görünür ki, satıcı X7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən daşınmaz əmlakı (fərdi yaşayış evi və torpaq sahəsi) alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir ("xxxx" ASC – kreditor – ipoteka saxlayan). İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən tərtib edilmiş rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış binasının müayinəsi haqqında texniki rəyə (2021-ci il) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı sahədə X5 məxsus qeyri-yaşayış binası təqdim edilmiş eskiz layihədən kənaraçıxmalar ilə inşa edilmişdir. Vizual baxış zamanı binanın dəmir beton konstruksiyalarında və divarlarında qüsurlara rast gəlinməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2170 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin tikililərinə və onların yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verildiyini, həmin çıxarışda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 3196.90 kv.metr təşkil etdiyini, yerləşdiyi torpaq sahəsinin 0.686220 ha təşkil etdiyini, fərdi yaşayış evinin və yerləşdiyi torpaqa sahəsinin İddiaçı xüsusi mülkiyyətində olduğunun göstərildiyini, sözügdən evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edildiyini, tədqiq olunan tikililərə dair eskiz layihə tərtib edildiyini, Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının 133 nömrəli, 08 may 2021-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə və fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihənin təsdiq olunmasına icazə verildiyini, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Dövlət Agentliyi tərəfindən texniki rəyin və müayinə aktının tərtib edildiyini, tədqiq olunan tikililərin faktiki vəziyyətinin tərtib edilmiş eskiz layihəyə uyğun olduğunu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21 saylı maddələrinin bəndlərində göstərilən tələbləri, eləcə də tədqiq olunan tikililərinin faktiki vəziyyətinin, hüquqmüəyyənedici və texniki sənədlərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21 saylı maddələrinin bəndlərində göstərilən tələblərə uyğun olduğunu nəzərə alaraq, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olduğu və həmin fərdi yaşayış evinin texniki göstəricilərinin onun qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün tələb olunan tikinti normalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024-05/21A nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir və "xxxx" ASC – kreditor – ipoteka saxlayan qismində çıxış edir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 08 may 2021-ci il tarixli 133 saylı sərəncamına əsasən həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihəsinin təsdiq edilməsi, təsdiq edilmiş layihəyə uyğun olaraq yenidən qurulma işlərinin aparılmasına razılıq verilməsi qərara alınmışdır. Həmin fərdi yaşayış evinin qeyri-yaşayış binasına keçirilməsinin eskiz layihəsi xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası”nın xx.xx.2021-ci il tarixli texniki rəyinə və Qəbul Komissiyasının Aktına əsasən həmin yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri başa çatdırılmış, yaşayış evinin təyinatı üzrə qeyri-yaşayış obyekti kimi istifadə edilməsi və mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli bildiriş də verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən rəy tərtib edilmişdir və həmin rəyə əsasən həmin qeyri-yaşayış binasının dəmir beton konstruksiyalarında və divarlarında qüsurlara rast gəlinməmişdir. Eyni zamanda hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan tikililərin faktiki vəziyyəti tərtib edilmiş eskiz layihəyə uyğundur, tədqiq olunan tikililərin faktiki vəziyyəti, hüquqmüəyyənedici və texniki sənədləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21 saylı maddələrinin bəndlərində göstərilən tələblərə uyğundur. Həmin rəylə həmçinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olduğu və həmin fərdi yaşayış evinin texniki göstəricilərinin onun qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün tələb olunan tikinti normalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. Həmin fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ərizəsinə qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə sahənin keçirilməsini həyata keçirən orqana təqdim etmiş, həmin orqan tərəfindən istinad olunan qaydaya uyğun keçirilmə barədə qərar qəbul edilmiş, keçirilmə nəticəsində aparılmış yenidənqurma işləri qəbul komissiyasının aktı ilə təsdiqlənmiş, bununla da sahənin keçirilməsi başa çatmışdır. Qanunvericiliyin normasına əsasən keçirilmə başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanının özü həmin aktı kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməli olduğu halda bunu etməmişdir. Buna görə də iddiaçı həmin keçirilmənin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə özü müraciət etmişdir. Cavabdeh orqan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş bütün səndələr təqdim edilmişdir. Belə ki, Mənzil Məcəlləsi yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirildikdə, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) işlərinin başa çatmasını təsdiq edən yerli icra hakimiyəti oranının qəbul komissiyasının aktını keçirilmiş sahənin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas kimi qəbul etmiş, əlavə hər hansı bir müddəa nəzərdə tutmamışdır. İddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, istinad olunan normaların tələblərini pozmuşdur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı qanunvericilikdə nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-193/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-193/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver