Məhkəmə qərarları › İş №2-1(103)-1930/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1930/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1930/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı sərəncamın etibarsız sayılması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2021 saylı 16 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X6 tərəfindən iddiaçıya və digərlərinə qarşı torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırlması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə icraatında iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, Binəqədi bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə X4 Binəqədi bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikinti üçün 400 kv.m boş torpaq sahəsi alqı-satqı qaydasında verilmişdir. İddiaçının qənaətinə görə hazırda mübahisələndirdiyi 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncam qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul olunmadığından, etibarsız hesab edilməlidir. Belə ki, Binəqədi bələdiyyəsi tərəfindən 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə X4 ayrılmış torpaq sahəsi 20 ildən artıqdır ki iddiaçının istifadəsindədir. Sözügedən torpaq sahəsi 19 dekabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Dəmir Yolları QSC tərəfindən onun mərhum əri X1 verilmişdir. Vaqif Hümbətov 13 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən torpaq sahəsi iddiaçının istifadəsində qalmışdır. Əgər belə bir sərəncam 2005-ci ildən mövcud idisə, bu günədək X6 hansı səbəbdən “dəyərini ödəməklə aldığı torpaq sahəsinə” baş çəkməmişdir?! Hazırda mübahisələndirilən sərəncamla verilmiş torpaq sahəsi sərəncamı verən Binəqədi bələdiyyəsinin balansında deyil. Bələdiyyənin balansında olmayan torpaq sahəsi bələdiyyə tərəfindən satıla bilməz. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2021 saylı 16 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarından görünür ki, mərhum həyat yoldaşım Vaqif Hümbətovun adına Azərbaycan Dəmiryolları QSC tərəfindən 19 dekabr 1997-ci il tarixdə 10 sot torpaq ayrılmışdır. Həmin torpaq sahəsi cavabdeh Binəqədi bələdiyyəsinin balansında olmamasına baxmayaraq qanunsuz olaraq X4 ayrılmasına dair sərəncam verilmişdir. X6 tərəfindən Binəqədi Bələdiyyəsinin hazırda mübahisələndirdiyi 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı sərəncamına əsaslanaraq Binəqədi rayon Məhkəməsində ona və digərlərinə qarşı mübahisəsi gedən torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə iddia qaldırılmışdır. Hazırda qeyd olunan işin icraatı hazırkı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddia ərizəsində də bildirilmişdir ki, belə bir sərəncamın mövcudluğundan məhz Binəqədi rayon Məhkəməsində olan məhkəmə prosesi zamanı məlumatı olmuşdur. Belə olduğu halda mübahisələndirilən sərəncamın onun hüquqlarına toxunmaması əsası ilə məhkəmənin iddianın mümkünsüz sayılması qənaətinə gəlməsi tamamilə yalnışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsini və üçüncü şəxsi dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Binəqədi bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamının etibarsız sayılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, hazırkı inzibati məhkəmə icraatında iddiaçının özünün də dolayısı ilə etiraf etdiyi kimi mübahisələndirilən sərəncam əsasında üçüncü şəxsə ayrılmış müvafiq torpaq sahəsinin onun (iddiaçının) qanuni istifadəsində olmasını təsdiq edən hər hansı akt, qərar və ya müqavilənin mövcudluğu müəyyən edilmir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi ilə bağlı, eləcə də torpaq sahəsinin ayrılması barədə aktın qanuni olub-olmamasından asılı olmayaraq mübahisələndirilməsi və ya etibarsız sayılması tələbini irəli sürməyə subyektiv hüququ yaranmış olmur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı hansı hüquqlarına toxunulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hərəkətin edildiyi öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki işdə iddiaçı tərəfindən nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (qanuni istifadəsində olmasını təsdiq edən hər hansı akt, qərar və ya müqavilə) və iddia ilə bağlı onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğu halını da təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2021 saylı 16 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar