Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1930/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri İddiaçı, X6, nümayəndəsi-vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Samir” firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1751/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Samir” firmasının təsisçisi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası-çörəkbişirmə sexi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 03/186 saylı məktubu və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1147 saylı xx.xx.1998-ci il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələşdirilməsi və tikintisi üçün “Samir” firmasına 0,008 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10711 nömrəli xx.xx.1999-cu il tarixdə İnşaat Pasportu və 100 nömrəli 1999-cu il tarixli Ayrıc aktı verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normallaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən “Samir” firmasına torpaq sahəsi ayrılması barədə 21 yanvar 1999-cu il tarixdə NTNŞ-29 nömrəli Rəy də verilmişdir. 10711 nömrəli xx.xx.1999-cu il tarixli İnşaat Pasportunun 8-ci bəndində nəzərdə tutulan tikilinin 2 mərtəbəli olduğu göstərilsə də, maliyyə imkanları məhdud olduğu üçün iddiaçı tərəfindən 1 mərtəbəli tikili inşa edilərək istismar edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizələr verilmiş və iddiaçının “Samir” firması kimi qəbul edilməsi və “ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində “Samir” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuş, ərizələr icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1751/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı “Samir” firması ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında ciddi uyğunsuzluq var. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyri-yaşayış binasına dair razılaşdırılmış layihə, tikintiyə icazə və istismara icazə sənədi ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı təqdim edilən “Torpaq sahəsinin ayrılması haqqında” Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1147 nömrəli sərəncamında ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri İddiaçı, X6 və nümayəndəsi-vəkili X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 1147 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 03/186 nömrəli məktubu və Bakı şəhər İcra Hakimiyyəti Aparatının əlillərə və şəhid ailələrinə kömək komissiyasının rəyi nəzərə alınaraq, Qarabağ müharibəsinin 2-ci qrup əlili İddiaçı təsisçisi olduğu “Samir” firmasına Nizami rayonu, Ə.Kürçaylı küçəsindəki 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Qeyd olunan Sərəncamla Sifarişçiyə sahəni yerində qəbul etmək, qorumaq və onun sanitar vəziyyətinə nəzarət etmək, layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirmək, ərazinin və obyektin memarlıq-planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırmaq, layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etmək, layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların görülməsini razılaşdırmaq üçün Memarlıq və şəhərsalma baş idarəsinə məlumat vermək tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş cizginin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 1147 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş, cizgidə qonşu torpaqlar kimi ərazinin şimal şərqdən Ə.Kürçaylı küçəsi ilə, digər tərəflərdən boş ərazi ilə əhatə olunduğu göstərilmiş, cizgiyə situasiya planı əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixdə tərtib edilmiş ayrıc aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Samir” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 4 noyabr 1998-ci il tarixli 1147 nömrəli sərəncamı ilə Nizami rayonu, Ə.Kürçaylı küçəsi, məhəllə 2513 ünvanında cizgidə göstərilən sərhəd daxilində 0,008 hektar çörəkbişirmə sexi üçün torpaq sahəsinin verildiyi göstərilmiş və ayrıc aktlarının qeydiyyat kitabında 99/100 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Normallaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsinin “Samir” firmasına torpaq sahəsi ayrılması haqqında xx.xx.1999-cu il tarixli, NTNŞ 29 nömrəli Rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi qanunvericiliyin tələblərinə əsasən ayrılmış torpaq sahəsindən artıq sahənin mənimsənilməməsi və öz təyinatına görə istifadə olunması, mövcud olan bina və qurğularla yanğına qarşı ara məsafəsinə riayət edilmək şərti ilə yararlıdır. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin su təchizatı ilə bağlı X5 Su Cəmiyyətinin xx.xx.1999-cu il tarixli, 89/T saylı, çörəkbişirmə sexində yaranacaq çirkli sularla bağlı Bakkanalizasiyanın xx.xx.1999-cu il tarixli, 8805 saylı, elektrik təchizatı ilə bağlı “Bakıelektrikşəbəkə” İB-nin xx.xx.1999-cu il tarixli, 011-1/599 saylı, qaz təchizatı ilə bağlı Bakı şəhəri istehsalat qaz idarəsinin xx.xx.1999-cu il tarixli, ƏA-554/4-10 saylı Texniki Şərtləri verilmişdir. İş materiallarında olan Baş memarı tərəfindən təsdiq edilmiş torpaq sahəsi ayrılmasına dair 10711 nömrəli İnşaat Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İnşaat pasportunda razılaşdırma və texniki şərtlər öz əksini tapmışdır. İş materiallarında olan çörəkbişirmə sexinin eskiz layihəsinin surətindən görünür ki, layihə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.1999-cu il tarixdə razılaşdırılmışdır. İşdən görünür ki, iddiaçı “Samir” firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında ciddi uyğunsuzluq var. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Eyni zamanda qeyri-yaşayış binasına dair razılaşdırılmış layihə, tikintiyə icazə və istismara icazə sənədi ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı təqdim edilmiş “Torpaq sahəsinin ayrılması haqqında" Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. İşdən görünür ki, iddiaçı “ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində “Samir” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilərək "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmiş, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman həmin Əsasnamə qüvvədə olmuşdur. Həmin Əsasnamənin 13-cü maddəsinin “q” bəndinə əsasən İcra Hakimiyyəti başçısı torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir, tikilməli, təmir edilməli, və genişləndirilməli olan obyektlərin titul siyahılarını qanunla müəyyən edilmiş qaydada təsdiq edir, tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyalarını yaradır, başa çatdırılmış obyektlərin istifadəyə verilməsi haqqında aktları təsdiq edir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2012-ci il tarixədək qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə“nin 28.1-ci maddəsinə əsasən kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; Həmin Əsasnamənin 31.1-ci maddəsinə əsasən tikinti, nəqliyyat və rabitə sahələrində icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın 2-ci hissəsinə əsasən: 2.1. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. 2.2. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıq-planlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. 2.4. Yeni obyektlərin yerləşdirilməsi və tikintisi üzrə tamamlanmış layihə təsdiq edilənə qədər o, layihə müəllifinin iştirakı ilə yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti tərəfindən baxılmalı və razılaşdırılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Yuxarıda istinad olunan və məhkəmə iclasında tədqiq olunan sənədlərə əsasən müəyyən olunmuşdur ki, yerli icra hakimiyyəti çörəkbişirmə sexinin layihələndirilməsi üçün iddiaçıya torpaq sahəsi ayırmış, cizgisi, ayrıc aktı təsdiq edilmiş, tikili aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra inşaat pasportu tərtib olunmuşdur. İddiaçı hazırda bu qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, iddiaçı imtina cavabı vermişdir. Sonuncu imtina məktubunun dəlilləri:
1. təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında uyğunsuzluq təşkil etməsi;
2. qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi;
3. qeyri-yaşayış binasına dair razılaşdırılmış layihə, tikintiyə icazə və istismara icazə sənədlərinin ərizəyə əlavə edilməməsi;
4. “Torpaq sahəsinin ayrılması haqqında" Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməməsi olmuşdur. Məhkəmə cavabdehin istinad etdiyi bu dəlillərlə bağlı qeyd etmişdir ki: dəlil 1: İşdə olan və cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında görünür ki, hüquqmüəyyənedici sənəd-layihə üzrə və faktiki olaraq tikintinin ümumi sahəsi 81.4 kv.metrdir, ayrıc aktında torpaq sahəsinin ölçüsü 80.4 kvadrat metr göstərilmişdir, təqdim olunan eskiz-layihəyə və yerləşmə mövqeyinə uyğundur. Göründüyü kimi, təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında uyğunsuzluq olmadığını cavabdehin öz nümayəndələri yerində müayinə etməklə bilavasitə müəyyən etmişlər. dəlil 2: xx.xx.1999-cu il tarixdə təsdiq edilmiş 10711 nömrəli İnşaat Pasportunun 6-cı bəndində göstərilmişdir ki, sahədə heç bir tikinti və yaşıllıq yoxdur. Cavabdeh isə dəlilini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. dəlil 3. İddiaçı cavabdehə xx.xx.1998-ci il tarixli, 1147 nömrəli tikinti üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı, xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihəni təqdim etmişdir. İstismara icazə sənədinə gəldikdə isə tikinti 1998-ci ildə aparılmış, həmin dövrdə istismara icazə sənədi qanunvericiliklə nəzərdə tutulmamış, bununla yanaşı bütün aidiyyəti dövlət orqanları tikintinin aparılmasına razılıqlarını bildirmişlər (həmin sənədlərə artıq yuxarıda istinad olunmuşdur). dəlil 4: xx.xx.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməsə də, həm ayrıc aktında, həm inşaat pasportunda ayrılmış torpaq sahəsinin 0,008 ha olması göstərilmiş, həmin sənədlər torpaq sahəsini ayıran dövlət orqanın vəzifəli şəxsləri tərəfindən təsdiq olunmuşdur. Beləliklə, göründüyü kimi cavabdehin dəlilləri əsassız olmuş, formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. Çünki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır); - Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; - Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - torpaq sahəsinin planı və ölçüsü; - torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu plan-cizgisi; - dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İşin hallarından göründüyü kimi, qeyri-yaşayış sahəsi üzərində “Samir” firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsaslardan birinin mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Hazırkı halda da cavabdeh sözügedən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, belə şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün qanuni əsasların mövcud olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1751/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.