Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1931/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7254/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə ərizə ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciət araşdırılmış və ona güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 25 fevral 2022-ci il tarixli **********4 nömrəli cavab məktubu verilmişdir. Məktubda ona güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmasının səbəbi kimi göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az (24 il 10 ay 19 gün (1 sentyabr 1977-ci il tarixdən 19 aprel 1978-ci il tarixədək, 20 aprel 1978-ci il tarixdən 24 may 1980-ci il tarixədək, 17 sentyabr 1980-ci il tarixdən 4 iyul 1986-cı il tarixədək, 7 iyul 1986-cı il tarixdən 12 mart 1993-cü il tarixədək, 13 mart 1993-cü il tarixdən 8 may 1994-cü il tarixədək (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), 9 may 1994-cü il tarixdən 22 yanvar 1997-ci il tarixədək, 28 yanvar 1997-ci il tarixdən 31 mart 1997-ci il tarixədək, 1 aprel 1997-ci il tarixdən 16 may 2001-ci il, 17 may 2001-ci il tarixdən 28 sentyabr 2001-ci il tarixədək olan dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən onun əmək stajının müddəti düzgün hesablanmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanunsuz və əsassızdır və bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, onun (iddiaçının) 1 sentyabr 1977-ci il tarixdən 28 sentyabr 2001-ci il tarixədək işlədiyi müddətlər 17 sentyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında göstərilmişdir. Həmin əmək kitabçasında onun işlədiyi müddətlər aşağıdakı kimi əks olunmuşdur: 1 sentyabr 1977-ci il tarixdən 19 aprel 1978-ci il tarixədək, 20 aprel 1978-ci il tarixdən 24 may 1980-ci il tarixədək, 17 sentyabr 1980-ci il tarixdən 4 iyul 1986-cı il tarixədək, 7 iyul 1986-cı il tarixdən 12 mart 1993-cü il tarixədək, 13 mart 1993-cü il tarixdən 8 may 1994-cü il tarixədək, 9 may 1994-cü il tarixdən 22 yanvar 1997-ci il tarixədək, 28 yanvar 1997-ci il tarixdən 31 mart 1997-ci il tarixədək, 1 aprel 1997-ci il tarixdən 16 may 2001-ci il tarixədək, 17 may 2001-ci il tarixdən 28 sentyabr 2001-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1992-ci il tarixli 631 saylı qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1993-cü il tarixli 191 saylı əmrinə əsasən 13 mart 1993cü il tarixdən 8 noyabr 1996-cı il tarixədək olan xidmət müddətinin 1 günü 3 gün sayılsa da, cavabdeh tərəfindən həmin müddətin yalnız 13 mart 1993-cü il tarixdən 8 may 1994-cü il tarixədək olan hissəsi ikiqat hesablanmış, qalan hissəsi isə 1 günə 1 gün hesabı ilə hesablanmışdır. Hansı ki, həmin müddətin 1 günü 3 gün hesablanacağı halda onun ümumi əmək stajı 25 ildən çox olur. Göründüyü kimi, cavabdeh tərəfindən müddətin hesablanması zamanı pozuntulara yol verilmiş və əsassız olaraq iddiaçının guya 25 ildən az iş stajının olduğu göstərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin ona ümumi iş stajının 25 ildən az olması səbəbindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 10 ay 19 gün (1 sentyabr 1977-ci il tarixdən 19 aprel 1978-ci il tarixədək, 20 aprel 1978-ci il tarixdən 24 may 1980-ci il tarixədək, 17 sentyabr 1980-ci il tarixdən 4 iyul 1986-cı il tarixədək, 7 iyul 1986-cı il tarixdən 12 mart 1993-cü il tarixədək, 13 mart 1993-cü il tarixdən 8 may 1994-cü il tarixədək (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), 9 may 1994-cü il tarixdən 22 yanvar 1997-ci il tarixədək, 28 yanvar 1997-ci il tarixdən 31 mart 1997-ci il tarixədək, 1 aprel 1997-ci il tarixdən 16 may 2001-ci il tarixədək, 17 may 2001-ci il tarixdən 28 sentyabr 2001-ci il tarixədək olan dövrlər) təşkil edir. İddiaçı 13 mart 1993-cü il tarixdən 8 noyabr 1996-cı il tarixədək olan xidmət müddətinin 1 gününün 3 gün sayılmalı olduğunu, belə olan təqdirdə tələb olunan ümumi sosial sığorta stajının (25 il) tamamlanacağını iddia edir. Lakin qeyd etmək zəruridir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin 25 yanvar 2022-ci il tarixli 162 nömrəli arayışında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu ərazisində gedən döyüşlərdə 13 mart 1993-cü il tarixdən 12 may 1994-cü il tarixlərdə iştirak etdiyi qeyd edilmişdir. Bu səbəbdən həmin müddət ikiqat ölçüdə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7254/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı 60 yaşdan (13 fevral 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun və iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin 26 may 2022-ci il tarixli arayışında qeyd olunur ki, 1960-cı il təvəllüdlü arxiv qeydiyyatında olan baş leytenant İddiaçı həqiqətən 30 aprel 1978-ci il tarixdən 24 may 1980-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət, 3 mart 1993-cü il tarixdən 3 noyabr 1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respulikasınn ərazi bütövlüyü uğrunda Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştrak edib (13 mart 1993cü il tarixdən 12 may 1994-cü il tarixədək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 dekabr 1992-ci il tarixli qərarına və AR MN-nin 191 saylı 2 iyun 1993-cü il tarixli əmrinə əsasən 13 mart 1993-cü il tarixdən 8 noyabr 1996-cı il tarixədək olan xidmət müddətinin 1 günü 3 gün sayılır. «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Baş leytenant İddiaçı 22 noyabr 1996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsində hərbi qeydiyyatdadır. ARDNŞ “Azneft” İB “”Bibiheybət” NQÇİ-nin 31 yanvar 2022- ci il tarixli “İş stajı haqqında” arayışında bildirilir ki, “Bibiheybətneft” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən İddiaçı 17 sentyabr 1980-ci il tarixdə (əmr N-225/p, xx.xx.1980-ci il) 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft” NQÇİ) İstehsalata xidmət bazasının İstismar avadanlıqlarının kirayə təmir sexində 2-ci dərəcə üzrə elektrik qazqaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 10 aprel 1980-ci il tarixdə (əmr N-390, xx.xx.1981-ci il) həmin sexdə 3-cü dərəcə üzrə elektrik qazqaynaqçısı (əl ilə) peşəsinə keçirilmişdir. 16 iyul 1982-ci il tarixdə (əmr N-623, xx.xx.1982-ci il) həmin sexdə 4-cü dərəcə üzrə elektrik qazqaynaqçısı (əl ilə) peşəsinə keçirilmişdir. 4 iyul 1986-cı il tarixdə (əmr N-432, xx.xx.1986-cı il) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddənin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş Ofisinin Mərkəzi Arxivinin 10 fevral 2022-ci il tarixli arayışında bildirilir ki, SOCAR Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftikinti” X2 Dəstəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən İddiaçı həqiqətən 1988-ci ilin yanvar ayından dekabr ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı, 1989-cu ilin yanvar ayından noyabr ayına kimi 4-cü dərəcəli elektrik qaynaqçısı, 1989-cu ilin dekabr ayından (əmr № 56/a, xx.xx.1989-cu il) 1990-cı ilin dekabr ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. “Azərneftlayihətikinti” Birliyinin 5 saylı Tikinti-Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən 1991-ci ilin yanvar ayından 1996-cı ilin mart ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. “Azərneftlayihətikinti” Birliyinin 5 saylı Tikinti- Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən 1997-ci ilin aprel ayından 1998-ci ilin iyun ayına kimi 5-ci dərəcəli qaynaqçı, 1998-ci ilin iyul ayından 6-cı dərəcəli qaynaqçı peşəsində çalışmış, 2001-ci ilin may ayında işdən azad olunmuşdur. SOCAR Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftikinti” X2 Dəstəsinin kadr sənədlərində işə qəbul və işdən azad olunma barədə əmrlər aşkar olunmadığından, “Azərneftlayihətikinti” Birliyinin 5 saylı Tikinti-Quraşdırma İdarəsinin 1997-ci ilə dair kadr əmrləri natamam olduğundan, 2001-ci ilə dair əmr və şəxsi vərəqələr (T-2) saxlanılmadığından, işə qəbul və işdən azad olunma barədə əmrlərə istinad etmək mümkün deyildir. Bu səbəbdən həmin dövr üzrə iş stajı mövcud haqq-hesab cədvəllərinə istinadən yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin 11 oktyabr 2001-ci il tarixli 177 saylı və Quruda NQÇ İB-nin 15 oktyabr 2001-ci il tarixli 124 saylı əmrlərinə əsasən “Azərneftlayihətikinti” Birliyi (keçmiş “Aznefttikinti” Tresti) "xxxx" ASC-yə çevrilmiş, Quruda NQÇ İB-nin struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər Mərkəzi Arxivə təhvil verilməmişdir. Arayışın hazırlanmasında sənədlərin yalnız bir hissəsinin 2019-cu ildə aşkarlanaraq natamam fondlaşdırılmasının nəzərə alınması xahiş olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 oktyabr 2022-ci il tarixli 22/14 saylı arayışında qeyd olunur ki, İddiaçı həqiqətən 8 avqust 2022-ci il tarixdən hal-hazırkı vaxta qədər "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində çalışır. İşdən müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur, 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək ayrı-ayrı təşkilatlarda müxtəlif işlərdə işləmişdir, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə – “elektrik qaynaqçısı (əl ilə)” vəsifəsində iş stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi göstərmişdir ki, iddiaçının sığorta stajına Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq qurumda xidmət dövrünün 13 mart 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək olan hissəsi ikiqat ölçüdə, 12 may 1994-cü il tarixdən 8 noyabr 1996-cı il tarixədək olan hissəsi isə birqat ölçüdə hesablandıqda onun ümumi iş stajı 24 il 10 ay 19 gün, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 34.560 manat hesablandığı halda, qeydə alınan kapital 19.754,65 manat təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, 13 mart 1993-cü il tarixdən 8 noyabr 1996-cı il tarixədək hərbi xidmət müddətinin üçqat hesablanmasını iddia edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 iyul 2005-ci il tarixədək qüvvədə olan redaksiya üzrə tələblərinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: - a) xidmətin bir ayı üç ay sayılmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2005-ci il tarixli 125 nömrəli qərarı ilə 2-ci bəndin “a” yarımbəndin birinci və ikinci abzaslar çıxarılmışdır. Göründüyü kimi, 1 iyul 2005-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri üzrə xidmətin 1 ayının 3 ay sayılmasını nəzərdə tutmuşdur. 1 iyul 2005-ci il tarixdən sonrakı dövrdə müvafiq qanunvericilikdən müvafiq müddəa çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütöblüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçu kimi hazırkı iş üzrə iddiaçının xidmət dövrünün 13 mart 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək olan hissəsi ikiqat deyil, üçqat ölçüdə hesablanmalı və həmin qaydada hesablanma ilə onun 25 il sığorta stajı toplanmış olur. Həmçinin, əmək pensiyaları haqqında qanunvericiliyin hazırkı tərəflər arasındakı inzibati münasibətlərin yarandığı dövrdə, yəni 1 iyul 2022-ci il tarixədək olan dövrdə qüvvədə olmuş normaları 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 1 iyul 2002-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları isə, həmin stajları toplamış qadınlara “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağı cavabdeh inzibati orqana müraciətindən imtina edildikdə, “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtinə riayət olunmadığını əsas gətirilsə də, hazırda, daha dəqiq desək 1 iyul 2022-ci il tarixdən sonra belə xüsusat imtina əsas kimi çıxış edə bilməz. İddiaçının 1 iyul 2022-ci il tarixə 25 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olması müəyyən edilir. Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 60 yaşı tamam olduğu 13 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşdan (13 fevral 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7254/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1931/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1931/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver