Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1931/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9532/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka bağ massivində “1341a” ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestridən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…İstifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən torpaq sahəsi ona Bakı Şəhər İcra hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park - X5 Departamenti tərəfindən 2004-cü il tarixində müqavilə əsasında verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavadehə müraciət etsə də, əsassız olaraq imtina edilmişdir...” Cavabdeh işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli həmin imtina məktubunda imtinanın əsası kimi, göstərilən torpaq sahəsinin fiziki sərhədləri tam hasarlanmamış, bir hissəsi arxiv cizgisində göstərilən sahədən kənarda yerləşir, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini qeyd etmiş və eyni əsaslarla iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9532/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 0,12 ha “1341a” saylı torpaq sahəsinə (nömrə təkrarlılığı aradan qaldırılaraq) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanıməlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin fiziki sərhədləri tam hasarlanmamış, həmçinin, torpaq sahəsinin bir hissəsi arxiv cizgisində göstərilən sahədən kənarda yerləşir. Eyni zamanda, iddiaçının 2-1(112)-9532/2023 saylı xx.xx.2023-cü il tarixli müraciətləri zamanı göstərilən torpaq sahələrinin koordinatları arasında fərq mövcuddur. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən eyni nömrəli bağ sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bağın hasarlanmadığı öz cizgisindən kənarda yerlşdiyini, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşdüyü və eyni nömrəli bağa digər X4 adına çıxarış verildiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, bağ sahəsinə dair mütəxəssis rəyi alındığını, habelə mübahisəli elektrik xəttinin 6 kilovotluq məhlədaxili keçən xətt olduğunu və bu da iddiaçının bağdan istifadə etməsinə maneçilik törətmədiyini və bu barədə məhkəməyə “Azərişığ”ın arayışının təqdim edildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; İş materiallarına əlavə edilmiş, cavabdeh orqan tərəfindən sorğu əsasında birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv materialarına əsasən müəyyən olunur: İddiaçı, ərizəsi və ailə üzvlərinin razılığı ilə X2 və İstismarı Birliyi ilə 31 mart 1993-cü il tarixdə bağlanmış 20614 saylı “Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən ona - Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində 0,12 ha bağ sahəsi ayrılaraq, həmin bağın xx.xx.1993-cü il tarixdə plan-sxemi də tərtib olunmaqla, akt əsasında ona təhvil verilmişdir. Sonradan, xx.xx.2004-cü il tarixli ərizəsi əsasında Bakı Şəhər İcra hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən aralarında 20614 saylı xx.xx.2004-cü il tarixli müqavilə bağlanraq, Vişnyovka bağ massivində yerləşən “1341a” saylı həmin bağ sahəsinin icarə müddəti uzadılmışdır. Beləliklə də tədqiq olunan sənədlərdən göründüyü kimi, iddia olunan bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun əvəzsiz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını alılınmasını zəruri edən halları təsdiq edən hüquqmüəyyənedici arxiv sənədləri mövcuddur və bütün bu hallar cavabdehin özü tərəfindən də mübahisələndirilmir. Konkret halda, cavabdedeh tərəfindən ilk öncə mübahisələndirilir ki, bağ fiziki sərhədləri tam hasarlanmamış, həmçinin, torpaq sahəsinin bir hissəsi arxiv cizgisində göstərilən sahədən kənarda yerləşir. Halbuki, iddiaçının bağ sahəsini tam hasarlaması qeydiyyatdan imtina üçün əsas olan hal deyil. Bağ saəhsinin cizgisindən kənarda yerləşməsinə gəldikdə, bağ sahələrinin yerquruluşunda sürüşmə halları Abşeron yarımadasına xarakterik olan bir haldır və bu qəbildən olan oxşar işlərin hər birində cavabdeh tərəfindən eyni dəlilini irəli sürür. Hər bir halda cavabdehin bu dəlili onu deməyə əsas vermir ki, bağ sahəsi iddiaçıya ayrılan bağ sahəsi deyil, başqasınındır. Eyni nömrəli bağ sahəsinin X4 da adına mövcud olmasına gəldikdə, onların bağ sahələri ayrı-ayrı sahələrdir və cavabdeh orqan özü də iddia ərizəsinə etirazında etiraf edir ki, F.Məmmədovun istifadəsində olan bağ saəhəsinə artıq mülkiyyət hüququ qeydə də alınmşdır. Başqa sözlə, nə onun, nə də ki iddiaçının ona qarşı hazırkı bağ saəhəsi ilə bağlı aralarında mübahisə mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. İddiaçıya məxsus bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar isə qeyd olunmalıdır ki, Azərişıq ASC-nin işin 57-ci vərəqində olan xx.xx.2023-cü il tarixli arayışına əsasən həmin elektrik xətti 6 kV-luq elektrik xəttidir (şəbəkəsi) və mübahisəli bağ sahəsi həmin xəttin istsmarına heç bir maneçiliyi yoxdur. Hazırkı mərhələdə iddiaçının məhkəməyə təqdim etdiyi X6 və Ekspertiza Mərkəzi MMCnin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, sahəsi 1200 kv.m olan 1341a saylı bağ sahəsinin sərəhdəlri tam hasarlanmışdır, F.Məmmədovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, torpaq sahəsi ilə arxiv cizgisi arasında qismən uyğunsuzuq var, lakin digər toşəxslərin torpaq sahələrinə müdaxilə halı yaratmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan formal xarakterli dəlilləri ilə bağ sahəsinin iddiaçının adına qeydiyyatından yayınır. Daha konkret, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə zidd olaraq onun xeyrinə olan halların nəinki nəzərə alınmasından çəkinir, hətta müxtəlif üsul və vasitələrlə imtina üçün yeni səbəblər arayıb-axtarmaqdan yorulmaq bilmir, bununla iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9532/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9532/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1931/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1931/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver