Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1932/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4222/2021 saylı 23 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27-30 iyul 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 21.10.2020-ci il tarixdən pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006cı il tarixədək 25 ildən artıq ümumi staja və 12 il altı aydan artıq güzəştli iş stajına malikdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində 23001000- 19878 şifrinə, 23001000-14241 şifrinə əsasən onun güzəştli pensiya hüququ vardır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4222/2021 saylı 23 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 29.07.1982-ci il tarixli ИТ-10634211 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 16.04.1985-31.12.2005-ci illər ərzində “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd edilmişdir. Adıçəkilən peşələr Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 28-ci bölməsində mövcuddur. Göründüyü kimi iddiaçının işlədiyi sahə (kimya) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının müvafiq bölməsindəki sahə (nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatı) ilə üst-üstə düşmür. Belə olan halda, iddiaçı “ƏPQ” ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ona 21.10.2020-ci il tarixdən pensiyasının təyin edilməsi və ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajı olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə (kod-23001000-16878 və kod-23001000- 14241) işləməsi tam sübuta yetirildiyindən onun 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu müəssisənin nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatına deyil, kimya sahəsinə aid olması təşkil edir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunda kimya istehsalı sahəsində deyil, dəmiryolu sexində işləmiş, əmək funksiyası istehsal olunan məhsul və digər yüklərin teplovozun köməyi ilə Birliyin dəmiryol sərhədinə və oradan zavoda təhlükəsiz daşınması, teplovozların fasiləsiz işinin təmin edilməsi, dəmiryol xətlərinin daşımalar üçün daim hazır vəziyyətdə olmasının təmin edilməsindən ibarət olmuşdur. İddiaçı məhz teplovozun səs səviyyəsinə, titrəyişinə görə işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün aylıq tarif maaşının 4%-i miqdarında əlavə vəsaitlə və əlavə məzuniyyətlə, habelə xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Bunda başqa, işdən görünür ki, "xxxx" QSC-nin 02.03.2021-ci il tarixli 46624 saylı məktubunda göstərilən teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinin əmək funksiyaları “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisinin peşə təlimatında göstərilən əmək funksiyaları ilə eynilik təşkil edir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşə 2 nömrəli Siyahıda göstərilən “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə bərabərdir, buna görə də onun 57 yaşdan, yəni hüququnun yarandığı 21.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NЭ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 27.10.1982-ci il tarixdən 24.11.1984-cü il tarixə kimi hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.09.1979-cu il tarixdən 17.07.1982-ci il tarixədək Sumqayıt şəhər 41 nömrəli peşə məktəbində təhsil almış, 02.08.1982-ci ildən 13.10.1982-ci ilədək Sumqayıt Superfosfat zavodunda təmir-mexaniki sexində tornaçı (tokar) işləmiş, 01.01.1985-ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində tornaçı (tokar) vəzifəsinə qəbul edilmiş, 16.04.1985-ci il tarixdən həmin sexdə teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmiş, 01.06.1985-ci il tarixdən həmin sexdə yol montyoru, 01.02.1986-cı il tarixdən 22.08.1988-ci il tarixə kimi həmin sexdə teplovoz maşinistinin köməkçisi, 22.08.1988-ci il tarixdən 10.11.1994-cü il tarixədək həmin sexdə teplovoz maşinisti, 11.11.1994-cü ildən 18.01.2011-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda teplovoz maşinisti, 19.01.2011-12.08.2014-cü il tarixlərində “Azərkimya” İstehsalat Birliyinin “Nəqliyyat və Xüsusi Texnika İdarəsi”ndə teplovoz maşinisti vəzifəsində işləmişdir, 13.08.2014-cü ildən hazıradək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda teplovoz maşinisti vəzifəsində işləyir. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən 18.11.2020-ci il tarixli, 174 nömrəli arayışdan görünür ki, iddiaçı 16.04.1985-ci il tarixdən 31.05.1985-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 28-ci bölməsinin 23001000-16878 şifrinə əsasən 2 saylı siyahısında sadalanan teplovoz maşinistinin köməkçisi peşəsi güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən 18.11.2020-ci il tarixli, 175 nömrəli arayışdan görünür ki, iddiaçı 01.02.1986-cı il tarixdən 10.11.1994-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 28-ci bölməsinin 23001000- 14241 şifrinə əsasən 2 saylı siyahısında sadalanan teplovoz maşinisti və maşinist köməkçisi peşəsi güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən 18.11.2020-ci il tarixli, 176 nömrəli arayışdan görünür ki, iddiaçı 11.11.1994-cü il tarixdən 31.12.2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 28-ci bölməsinin 23001000-14241 şifrinə əsasən 2 saylı siyahısında sadalanan teplovoz maşinisti peşəsi güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan cavabdehin 21.01.2021-ci il tarixli, **********0 №-li məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Filiala təqdim edilən 29.07.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 16.04.1985-31.12.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi sahə nəqliyyat sahəsi üzrə dəmiryolu nəqliyyatına aid olmadığı, bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmaması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 21.10.2020-ci ildə olmuşdur və o, 27.10.1982-ci il tarixdən 24.11.1984-cü il tarixə kimi hərbi xidmət keçmiş (2 il 28 gün), əmək kitabçasına əsasən iddiaçı 01.09.1979-cu il tarixdən 17.07.1982-ci il tarixədək Sumqayıt şəhər 41 nömrəli peşə məktəbində təhsil almış (2 il 10 ay 17 gün), 02.08.1982-ci ildən 13.10.1982-ci ilədək Sumqayıt Superfosfat zavodunda təmir-mexaniki sexində tornaçı (tokar) işləmiş (2 ay 12 gün), 01.01.1985-ci il tarixdən 10.11.1994-cü il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində tornaçı (tokar), teplovoz maşinistinin köməkçisi, yol montyoru və teplovoz maşinisti (9 il 10 ay 10 gün), 11.11.1994-cü ildən 18.01.2011-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda teplovoz maşinisti vəzifəsində işləmişdir (16 il 2 ay 8 gün (01.01.2006-cı il tarixədək 11 il 1 ay 21 gün)). Göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 26 il 1 ay 28 gün ümumi staja malik olmuşdur. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 16.04.1985-ci il tarixdən 31.05.1985-ci il tarixədək (1 ay 16 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində işlədiyi teplovoz maşinistinin köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 28-ci Bölməsinin 23001000-16878 şifrində, 01.02.1986-cı il tarixdən 10.11.1994-cü il tarixədək (8 il 9 ay 10 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində işlədiyi teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 28-ci Bölməsinin 23001000-14241 şifrində, 11.11.1994-cü il tarixdən 31.12.2005-ci il tarixədək (11 il 1 ay 21 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində işlədiyi teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 28-ci Bölməsinin 23001000-14241 şifrində nəzərdə tutulmuş vəzifələrə uyğun olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il 1 gün güzəştli iş stajına malik olmuşdur. Cavabdehin apelyasiya şikayətindəki “iddiaçının 16.04.1985-31.12.2005-ci illər ərzində “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi sahə (kimya) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının müvafiq bölməsindəki sahə (nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatı) ilə üst-üstə düşmür” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş 01.03.2021-ci il tarixli 70 saylı arayışdan görünür ki, iddiaçının zavodun dəmir yolu sexlərində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti peşəsində işləmiş İddiaçı teplovoz maşinistinə aid olan funksiyaları – burada olan vaqonların, dəmir yolu çənlərinin və digər dəmir yolu nəqliyyatı ilə daşıma vasitələrinin, teplovozların köməyi ilə məhsul və digər yüklərin Birliyin dəmiryol sərhədinə və oradan zavoda təhlükəsiz daşınması, teplovozların fasiləsiz işinin təmin edilməsi, dəmiryol xətlərinin daşımalar üçün daim hazır vəziyyətdə olmasının təmin edilməsindən ibarət olmuşdur. İddiaçı məhz teplovozun səs səviyyəsinə, titrəyişinə görə işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün aylıq tarif maaşının 4%-i miqdarında əlavə vəsaitlə və əlavə məzuniyyətlə, habelə xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Həmçinin "xxxx" QSC tərəfindən təqdim edilmiş 02.03.2021-ci il tarixli 46624 saylı məktubunda göstərilən teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinin əmək funksiyaları “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisinin peşə təlimatında göstərilən əmək funksiyaları ilə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində işlədiyi teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 28-ci Bölməsində qeyd olunan teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirdiyindən işlədiyi həmin dövr əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4222/2021 saylı 23 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1932/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1932/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver