Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1932/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına tərtib edilmiş yeni məlumat vərəqi xx.xx.2020-ci ildə tərtib edilərək Filiala göndərilmiş, cavabdeh isə həmin tarixdən yenidən hesablama aparmışdır. Hətta, fərz edilsə ki, iddiaçının hüququ daha əvvəl yaranmışdır. ƏPQ-nin 32-ci maddəsi (Əmək pensiyasının təyin edilməsi müddətləri) bunu məhdudlaşdırır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, xx.xx.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-202/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli 0800 nömrəli əmri X2 aid hissəsində müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi (hərbi geyim formasını daşımaq hüququ ilə) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin ZE-59551 nömrəli Məlumat Vərəqinin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Cəmi iş stajı və xidmət illəri 35 il 01 ay 05 gün təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı hazırkı iddia tələbi ilə əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin xx.xx.2008-ci il tarixdən bu günədək olan müddət üçün hesablanaraq ödənilməsini tələb edir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla... İşin hallarından, həmçinin apelyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının yenidən hesablanmalı olması mübahisələndirilmir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən A.Qasımovun pensiyası AR Müdafiə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli yeni məlumat vərəqi əsasında yenidən hesablanmışdır. Lakin, cavabdeh apelyasiya şikayətində “Əmək pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq, yenidən hesablanmış pensiya məbləğinin iddiaçıya xx.xx.2008-ci ildən ödənilə bilməməsini bildirmişdir. “Əmək pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. ... müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Konstitusiya məhkəməsinin qeyd edilən mövqeyini nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsinə dair birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçının əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqi tələb etmək hüququ onun iradəsindən asılı olmadan - AR Müdafiə Nazirliyinin sonradan müvafiq əmrə etdiyi düzəlişdən sonra, 2020-ci ildə yaranmışdır. Bu səbəbdən iddiaçının xx.xx.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayəti isə hər hansı əsaslı dəlillə əsasandırılmadığından, birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-314/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1932/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1932/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver