Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1932/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2022 saylı 02 sentyabr 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********144376 saylı 5 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MAC" MMC alkoqollu və digər içkilərin topdan satışı fəaliyyəti ilə məşğul olur. İddiaçının Bakı şəhərində, İsmayıllı, Quba, Göygöl və Şəki rayonunda anbarları mövcuddur. Cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilən zaman anbarlarda olan mal qalıqlarının fərqli-fərqli tarixlərdə sayımı həyata keçirilsə də, səyyar yoxlama zamanı anbardakı malların qalığının sayılması tarixi xx.xx.2020-ci il kimi qeyd edilmişdir. Eyni zamanda operativ vergi nəzarəti zamanı sadəcə olaraq anbarda olan mallar sayıldığından daşınması həyata keçirilən malların, yəni yolda olan malların nəzərə alınmaması əsassız vergi hesablanmasına gətirib çıxarmışdır. Belə ki, yolda olan mallara dair sənədlər yoxlama aparılan zaman cavabdehin yoxlama aparan əməkdaşlarına təqdim edilsə də, həmin sənədlər nəzərə alınmamışdır. Həmçinin operativ vergi nəzarəti zamanı malların sayılmasının məqsədi Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılmasına xidmət etməli idi. Lakin həmin sayımın nəticələrinin səyyar vergi yoxlaması zamanı istifadə edilməsi düzgün deyil. Belə ki, operativ vergi nəzarəti həyata keçirilən zaman adətən vergi orqanı 1 iş günü ərzində yoxlamanı həyata keçirib yekunlaşdırır. Lakin iddiaçıya məxsus anbarlarda olan malların və yolda olan malların sayılması üçün bir neçə gün müddət lazımdır. Bu səbəbdən də səyyar vergi yoxlaması başlanılan zaman iddiaçı tərəfindən yoxlamanı həyata keçirən vergi orqanının işçilərinə müəssisədə inventarizasiya işlərinin aparılmasının və həmin inventarizasiya nəticəsində mal qalığının şəffaf şəkildə sayılması təklif edilmiş, lakin vergi orqanı tərəfindən həmin təklif nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması aktına verilən etiraza baxılan zaman göstərilən hallar vergi orqanının nəzərinə çatdırılsa da, həmin hallar nəzərə alınmamışdır. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçındə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140338 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli **********140375 nömrəli aktla rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı malların daşınması ilə bağlı sübut kimi fərdi sahibkar X9 ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Nəqliyyat xidməti müqaviləsi”ni təqdim etmişdir. Azərbaycan Respublikası Baş X16 vahid məlumat bazasına inteqrasiya edilmiş X1 Sistemindən əldə edilmiş baza məlumatlarına əsasən fərdi sahibkar X5 məxsus yalnız 1 ədəd yük avtomobilinin olduğu müəyyyən edilmişdir. Halbuki xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən malların daşınması üçün 34 ədəd yük avtomobilinin nəzərdə tutulduğu qeyd edilir. İddiaçı tərəfindən yolda olan malların harada saxlanması, hansı dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri ilə daşınmasını, əgər yüklər daşınmışsa, həmin avtonəqliyyat vasitələrinin sahibləri ilə müqavilələrin, eyni zamanda onlara yüklərin daşınması və saxlaması müqabilində edilmiş ödənişlər barədə hər hansı sənəd yoxlamaya təqdim olunmamışdır. Həmçinin yuxarıda sadalanan və ya iddia ərizəsində qeyd edilənləri sübut edəcək hər hansı sənəd məhkəməyə də təqdim edilməmişdir. Həmçinin nəzərə alınsa ki, əgər daşınma həqiqətən də həyata keçirilmişsə, daşınma həyata keçirilən avtonəqliyyat vasitələri barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir, 2.514.168,80 manat dəyərində malın 34 ədəd yük avtomobili vasitəsi ilə yalnız X9 tərəfindən daşınması fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən, iddiaçı mal qalığında mövcud olmayan malların “X20 Qrup” MMC-yə təqdim edildiyini bildirsə də, bu fakt vergi nəzarəti tədbiri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********9225 nömrəli qərarı ilə “X20 QRUP” MMC-yə məxsus mehmanxanada operativ vergi nəzarəti tədbiri keçirilmiş və obyektdə heç bir mal qalığının mövcud olmadığı aşkar edilmişdir. Həmçinin MMC-nin rəhbəri X4 yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında malların İddiaçı MMC tərəfindən təqdim edildiyini, malların müəssisənin anbarında olmadığını, hər hansı saxlanc müqaviləsi olmadan dostlarına və yaxın qohumlarına verildiyini qeyd etmiş və malların yerləşdiyi ünvanlar barədə məlumat verə bilməmişdir. Göründüyü kimi iddiaçının mal qalığında mövcud olmayan malların yolda olması və daşınması ilə bağlı iddiası əsassız olduğundan qeyd edilən hal satış kimi qiymətləndirilmiş və vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.15ci və 159.1-ci maddələrinə əsasən vergi hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********144376 nömrəli xx.xx.2021-ci il tarixli qərarı 66524,9 (altmış altı min beş yüz iyirmi dörd manat 90 qəpik) manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33262,45 (otuz üç min iki yüz altmış iki manat 45 qəpik) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdehin xx.xx.2020-ci il tarixli **********140338 nömrəli qərarı ilə İddiaçındə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2019-avqust 2020 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli, KY201500241 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama barədə məlumat reyestrə daxil edilmişdir. - İşdə olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərarlardan görünür ki, hər dəfə yoxlamanın müddəti 30 iş günü artırılmışdır. - xx.xx.2020-ci il tarixli **********140375 saylı səyyar verg yoxlaması aktından görünür ki, növbədənkənar səyyar vergi yoxlaması zamanı vergi dövrü kimi aksiz vergisi yanvar 2019avqust 2020, mədən vergisi yanvar 2019- avqust 2020, əlavə dəyər vergisi yanvar 2019 - avqust 2020, əmlak vergisi 2019-cu il, torpaq vergisi 2019-cu il - 2020-ci il, muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2019-cu il, sadələşdirilmiş vergi 1-ci rüb 2019-cu il 2-ci rüb 2020, ödəmə mənbəyində tutulan vergi 1-ci rüb 2019-cu il 2-ci rüb 2020, mənfəət vergisi 2019-cu il üzrə yoxlama aparılmışdır. Vergi yoxlaması vergi ödəyicisinin direktoru X6 və baş mühasib X7 iştirakı ilə təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri, yük gömrük bəyannamələri və vergilərin hesablanması üçün zəruri olan sənədlər, bank əməliyyatları barədə alınmış rəsmi məlumatlar və digər mənbələr əsasında aparılmış, yoxlanılan dövrdə vergi ödəyicisi əsasən etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Akta əsasən mənfəət vergisi üzrə: Kameral vergi yoxlaması ilə 2019-cu ildə malların (iş və xidmətlərin) təqdim edilməsindən gəliri 997424.97 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri 984850.34 manat, vergiyə cəlb olunan mənfəəti 9672.34 manat müəyyən edilmiş və 2514.93 manat mənfəət vergisi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Hesabat və Axtarış” informasiya sisteminin məlumatlarına əsasən aparılan yoxlama nəticəsində vergi ödəyicisinin 2019cu il üzrə təqdim etdiyi illik ƏDV bəyannamələrinə əsasən malların (iş və xidmətlərin) təqdim edilməsindən ƏDV-siz gəliri 2019-cu ildə 1001534.86 manat müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmiş 4109.89 manat (10015xx.xx-997424.97) ƏDV-siz dövriyyə kənarlaşması nəzərə alınmaqla 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmalı mənfəət vergisi 3336,90 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə büdcəyə əlavə hesablanmış 580.46 manat mənfəət vergisi təsdiq edilməklə, cəmiyyət tərəfindən mənfəət vergisinin 2019-cu ildə 821,97 manat (3336,90-2514.93) azaldılması müəyyən edilmiş və əlavə olaraq 821,97 manat mənfəət vergisi Vergi Məcəlləsinin 103.1 -ci. 104.1-ci və 105.1-ci maddələrinə əsasən büdcəyə hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 821.99 manat mənfəət vergisinin 50 faizi miqdarında 410.98 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisi üzrə: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin və ərazi vergi orqanlarının xx.xx.2020-ci il tarixli **********5622, **********5600 və **********5627 nömrəli qərarlarına əsasən vergi ödəyicisində operativ vergi nəzarəti həyata keçirilmiş, götürülmüş elektron və kağız daşıyıcılarda vergilərin hesablanmasına əsas olan sənədlər və məlumatlara əsasən mal qalığı çıxarılmış və nəticədə 2514168.8 manat ((2911760,87 manat (xx.xx.2020 tarixə mal qalığı) - 397592,0 manat (446651.73 manat (OVN zamanı mal qalığı) - 174852,48 manat (alış) + 125792,75 manat (satış)) (ƏDV-siz) spirtli içkilərin satışının cari ƏDV bəyannamələrində göstərilməsinin öz əksini tapmadığı müəyyən edilmişdir. Cəmiyyətin 2019-cu il üçün təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində tətbiq edilən ticarət əlavəsinin orta həddinin 14,7 % təşkil etdiyi nəzərə alınaraq 2883751,61 manat (2514168,8+14,7 %) satış dəyərindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 2020-ci ilin avqust ayının ƏDV bəyannaməsi üzrə əlavə olaraq 519075,28 manat (2883751,61 manat x 18%) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 519075,29 manat vergi məbləğinin 50%-i miqdarında, yəni 259537,64 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçının qanuni təmsilçisi Ə.İsayev akı imzalamaqdan imtina etmiş və göstərmişdir ki, hesablamalarla razı deyil, çünki 1) operativ nəzarətin anbar qalığını fərqli-fərqli tarixlərdə sayması, lakin səyyar yoxlamanın anbar qalığını məhz xx.xx.2020-ci il tarixində götürməsi; 2) operativ nəzarətin sadəcə anbarda olan malları sayması, yolda olan malları nəzərə almaması, səyyar yoxlamaya da həmin yolda olan malların sənədləri təqdim edildiyi təqdirdə nəzərə alınmamışdır. 3) Operativ nəzarət işini 1 günə yekunlaşdırır. Lakin iddiaçıya məxsus mal qalığını saymağa bir neçə gün lazımdır. Bu səbəbdən səyyar vergi yoxlaması başlanılanda vergi yoxlayıcıları ilə danışıqlar apararaq təklif edildi ki, inventarizasiya aparılsın və mal qalığı şəffaf şəkildə sayılsın. Lakin inventarizasiya aparılmamışdır. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********144376 nömrəli xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "MAC” MMC-nin müraciətləri nəzərə alınaraq, əlavə dəyər vergisi 2019-cu ilin fevral ayı üzrə 1365,92 manat məbləğində, 2020ci ilin yanvar ayı üzrə 1888,15 manat məbləğində, mənfəət vergisi üzrə kameral vergi bəyannaməsi ilə hesablanmış 580,46 manat və səyyar vergi yoxlaması ilə hesablanmış 785,46 manat mənfəət vergisi və tətbiq edilməli maliyyə sanksiyaları 410,99 manat məbləğində azaldılmış, nəticədə əlavə hesablanmış verginin məbləği 515240,75 manat, maliyyə sanksiyası 259537,65 manat müəyyən edilmiş, cəmi 774778,41 manat məbləğində vəsaitin 5 gün müddətində büdcəyə ödənilməsi barədə **********783300 nömrəli tələbnamə göndərilmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, mübahisəli qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra – VM) əsasən: - maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - Maddə 38.2 Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. - -maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, - maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. - maddə 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - maddə 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi. İşdən görünür ki, cavabdeh istinad olunan normaların tələblərinə əməl edərək iş üzrə səyyar vergi yoxlaması keçirmiş və iddiaçı tərəfindən 519075,29 manat məbləğində əlavə dəyər vergisinin azaldılması aşkar edilmişdir. Belə ki, işdə olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş cədvəldən görünür ki, müəssisənin xx.xx.2020-ci il tarixə malının qalıq dəyəri 1711733,15 manat, xx.xx.2020-ci il tarixə isə 2911760,8 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********155474 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən iddiaçıya məxsus Anbar-01-də keçirilmiş operativ vergi nəzarəti tədbirinə əsasən tərtib edilən xx.xx.2020-ci il tarixli DVX000656 nömrəli aktdan görünür ki, vergi ödəyicisinə məxsus olan obyektdə 290083,08 manat dəyərində mal material olduğu müəyyən edilmiş, sənədsiz və ya uçota alınmayan mallar aşkar edilməmişdir. Aktı vergi əməkdaşları ilə yanaşı iddiaçının qanuni təmsilçisi X12 imzalamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5598 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən iddiaçıya məxsus Quba-Anbar-2-də keçirilmiş operativ vergi nəzarəti tədbirinə əsasən tərtib edilən xx.xx.2020-ci il tarixli DVX000664 nömrəli aktından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanda yerləşən dəyəri 20195,14 manat olan mal qalığı çıxarılmış, sənədsiz mal-material aşkar edilməmişdir. Aktı vergi əməkdaşları ilə yanaşı iddiaçının qanuni təmsilçisi X12 imzalamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5623 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən iddiaçıya məxsus Anbar-İsmayıllı-da keçirilmiş operativ vergi nəzarəti tədbirinə əsasən tərtib edilən xx.xx.2020-ci il tarixli DVX000604 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30-da İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən iddiaçıya məxsus anbarda 136373,51 manatlıq (ƏDV-siz) mal qalığı müəyyən edilmiş, bu mallardan 9499,12 manatının (ƏDV-siz) alışını təsdiq edən sənəd əsasında alınmaması aşkar edilmiş, 126874,39 manatlıq (ƏDV-siz) alışını təsdiq edən sənəd (elektron qaimə, faktura) əsasında alınması müəyyən edilmişdir. Aktı vergi əməkdaşları ilə yanaşı iddiaçının qanuni təmsilçisi X12 imzalamışdır. Beləliklə, vergi orqanı tərəfindən yoxlanılan yanvar 2019-avqust 2020 vergi dövrü üzrə iddiaçının tədim etdiyi sənədlərə əsasən mal qalığının 2911760,8 manat təşkil etdiyi, bu maldan 446651,72 manat dəyərində mal qalığının operativ vergi nəzarəti zamanı iddiaçıya məxus obyeklərdə olduğu müəyyən edilmiş, 2514168,80 manat dəyərində mal qalığı isə aşkar edilməmişdir. Yoxlama keçirilən dövrdə qüvvədə olan VM-nin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmçin Məcəllənin 159.4-cü maddəsinə görə vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmçin Məcəllənin 159.6-cı maddəsinə görə vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Göründüyü kimi, qanunverici malların əskik gəlməsini vergi tutulan əməliyyat saymaqla, həmin əməliyyatın vergiyə cəlb edilməsini müəyyən etmişdir. İşin yuxarıda sadalanan halları ilə iddiaçının yoxlama zamanı 2514168,80 manat dəyərində mal qalığı əskik gəldiyindən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablamaqda haqlı olmuşdur. İddiaçı qərarı mübahisələndirərkən operativ yoxlama zamanı bəzi malların yolda olmasını, lakin onların nəzərə alınmamasını bildirmişdir. İddiaçı yoxlanılan dövrdə etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.5-ci maddəsinə əsasən əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. İşdən görünür ki, iddiaçı malların yolda olduğunu bildirsə də, bununla bağlı “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”nı təqdim etməmiş, bununla da istinad etdiyi dəlili sübuta yetirə bilməmişdir. Bundan başqa, iddiaçı xx.xx.2020-ci il tarixli nəqliyyat xidməti müqaviləsini təqdim edərək X9 ilə yüklərin daşınması barədə müqavilə bağlamaqla malların həmin şəxs tərəfindən daşınmasının həyata keçirildiyini bildirsə də, ona xidmət haqqı ödənilməsi ilə bağlı heç bir sübutu təqdim etməmişdir. Halbuki, yoxlama keçirilən dövrdə qüvvədə olan VM-in 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 1-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində. Malların “X20 Qrup” MMC-yə təqdim edilməsi halına gəldikdə isə, birincisi, işdən görünür ki, iddiaçı tərəfindən həmin müəssisəyə təqdim edilmiş mallarla bağlı e-qaimə fakturalar xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş, daha sonra həmin qaimələr xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. İkincisi, işdən görünür ki, xx.xx.2021-ci il tarixdə “X20 Qrup” MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 00941 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktda qeyd olunmuşdur ki, operativ vergi nəzarəti zamanı heç bir mal qalığı aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilk əvvəl həmin malların yolda olması, daha sonra isə digər bir şəxsə verilməsi kimi iki ziddiyyətli hala istinad etmiş, bu hallara dair mötəbər sübutları təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi bu dəlilləri əsassız hesab etmişdir. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış verginin məbləğinə gəldikdə, işdən görünür ki, cavabdeh iddiaçıya vergi hesablayarkən müəssisənin 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində tətbiq edilən ticarət əlavəsinin orta həddinin 14,7 % təşkil etdiyini nəzərə alınaraq 2.883.751,61 manat (2.514.168,80+14,7 %) satış dəyərindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 2020-ci ilin avqust ayının ƏDV bəyannaməsi üzrə əlavə olaraq 519.075,29 manat (2.883.751,61 manat x 18%) ƏDV hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya əlavə vergi hesablanmasında cavabdehin qərarı ilə razılaşsa da, hesablanan əlavə verginin məbləğini əsaslı hesab etməmişdir. Belə ki, VM-nin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsaəsn əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. VM-in 161.3-cü maddəsinə görə bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Göründüyü kimi, əgər VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir. Buna görə də, cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən bu hesablamanı 2.883.751,61 manat (2.514.168,80+14,7%) satış dəyərindən deyil, 2.514.168,80 manat alış dəyərindən hesablamalı idi. Belə olan halda isə aydın olur ki, əlavə hesablanan vergi məbləği 452.550,38 manat (2.514.168,80 × 18%), maliyyə sanksiyası isə 226.275,19 manat olmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərar 66524,9 manat ƏDV və 33262,45 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Birinci instansiya məhkəməsi işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi, lakin bu hüquqpozmanın cavabdehin müəyyən etdiyi həcmdə olmadığı müəyyən olunduğundan haqlı olaraq iddia qismən təmin eytmişdir. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.; 53.2-ci maddəsinə əsasən, heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 54.0-cı maddəsinə əsasən, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. (xx.xx.2020-ci il tarixədək olan redaksiya) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 53.2-ci maddəsində nəzərdə tutulduğu kimi heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 51 və 52-ci maddələrinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi vergi orqanları tərəfindən və ya verilmiş iddia üzrə Mülki Prosessual Məcəlləyə müvafiq olaraq məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarı da həmin müddətin vergi öhdəliklərinə şamil edilməsini istisna etməmişdir. X19 və Cinayət Məcəllələrində vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etməklə bağlı müxtəlif müddətlərin nəzərdə tutulması ilə əlaqədar qəbul edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 658/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1932/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1932/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver