Məhkəmə qərarları › İş №2-1(103)-1933/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1933/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1933/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndələri X5 oğlu və X1 iştirakları ilə, Məhkəmə iclas katibi: X3, İddiaçı (xx.xx.1958-ci il tarixdə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - “X8 Kompani S.A.” şirkəti) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 150 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 111 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya verilmiş və onunla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bunun əsasında iddiaçıya icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 150 saylı Sərəncamı ilə Suraxanı RİHB-in xx.xx.2018-ci il tarixli, 111 saylı Sərəncamı ləğv edilmiş və bu akt onunla əsaslandırılmışdır ki, “X8 Kompani S.A.” şirkəti icra hakimiyyətinə müraciət edərək qeyd edilən torpaq sahəsinin “Kontrakt Sahəsi”nin hüdudları daxilində yerləşdiyini bildirmələri və sərəncamın ləğvi barədə xahiş etmişlər. Lakin inzibati akt olan Suraxanı RİHB-in xx.xx.2018-ci il tarixli, 150 saylı Sərəncamı tamailə əsassızdır və qanunsuzdur. Bu səbəbdən də həmin Sərəncam ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli R-63-151 saylı məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsinin sahibkarlıq faaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya ayrılmasına dair rəy bildirməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi xx.xx.2018-ci il tarixli **********10 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi üçün maneə olmadığını və buna etiraz etmədiklərini bildirilmişdir. Bundan başqa "X8 Kompani S.A" şirkəti məhkəmədə iddia qaldıraraq icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onların bu iddiası Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-903/19 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə baxışları zamanı da müəyyən edildi ki, qeyd edilən torpaq sahəsinin "X8 Kompani S.A" şirkətinın kontrakt sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, iş materiallarında olan "Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 11515 saylı rəyində göstərilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********45 saylı mütəxəssis rəyində göstərilmişdir ki, "Kadastr və X4 Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətnamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X8 Kompani S.A" şirkətinə və SOCAR-a heç bir aidiyyatı yoxdur. Başqa sözlə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı Sərəncamında göstərilmiş halların heç biri mövcud deyildir. Bela olan halda həmin inzibati akt qanunsuzdur va iddiaçının manafelərinə toxunur. Bu inzibati akt, yəni Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı Sərəncamı barəsində məhkəməyə şikayət verilməmişdir. Qeyd edilən İnzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh həmin ərizəyə bu günədək ümumiyyətlə cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərardadı ilə “X8 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) iddiaçının “X8 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab etməklə inzibati işin baxılması üçün həmin Məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu günədək mübahisələndirilən inzibati aktı qəbul etmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin akt iddiaçıya rəsmən təqdim edilməmiş və ya elan edilməmişdir. İddiaçının həmin sərəncam barədə məlumatı Bakı şəhəri, Suraxanı rayon Məhkəməsində "X8 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏMDR xidmətinə qarşı "Çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair baxılan mülki iş üzrə keçirilən məhkəmə baxışı zaman yaranmışdır. Lakin qeyd edilən məhkəmə prosesində iddiaçı "X8 Kompani S.A" şirkəti tərəfindən məhkəməyə təqdim edilən sənəd hazırda mübahisələndirilən sərəncamın kserosurəti olmuşdur. Qeyd edilən məhkəmə proseslərində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəf kimi cəlb edilsə də, heç bir prosesdə iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil (ünvan 4 mənzil 290 ünvanda fərdi qaydada fəaliyyət göstərən vəkil) məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçı, onun nümayəndə və vəkili, üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 111 nömrəli sərəncamının (sərəncam İcra Hakimiyyəti Başçısı İlqar Abbasov tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəainə verilsin. İş materiallarında olan RX seriyalı, ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə (çıxarış Əİ-nin rəis vəzifəsini müvəqqəti icra edən Z.Abdulov və qeydiyyat icraçısı R.Mirzəyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, xeyrinə hüquq yüklü edilən şəxs-İddiaçı; hüququ yüklü edilən şəxs-dövlət; yüklü edilən əmlakın növü və ünvanı- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında torpaq sahəsi; yüklü edilən əmlakın ölçüsü-0, 72 ha; yüklü edilən torpaq sahəsinin kateqoriyası-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; yüklülüyün növü-icarə; yüklülüyün müddəti-49 il; əsas öhdəliyin mahiyyəti və icra müddəti-Suraxanı RİHB-in 111 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir; hüququn əvvəlki yüklülüyü-yoxdur; yüklü edilən əmlakın reyestr nömrəsi-**********97; qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi-xx.xx.2018; ipoteka kağızı-yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamının surətinə əsasən qeyd edilmişdir ki, Suraxanı RİHB-nin xx.xx.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ləğv edilsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-(103)-13297/2019 nömrəli qətnaməsi ilə (hakimlər-İ.Şirinov, T.Səmədov, E.Kazımov) iddiaçı “X8 Kompany S.A.” şirkəti tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı “X8 Kompany S.A.” şirkətinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3049/2020 nömrəli qərarı ilə (hakimlər-M.Əhmədova, Ə.Nurməmmədov, İ.Xəlilov) iddiaçı “X8 Kompany S.A.” şirkətinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-(103)-13297/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2018-ci il tarixli, 150 saylı sərəncamından ən geci xx xxxx 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə (bundan sonra - İPM) bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (24.1.). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2.). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1.). Normaların məzmunundan göründüyü kimi prosessual müddətin bərpa edilməsinə o hallar əsas ola bilər ki, həmin hallar müddəti buraxmış şəxsin təqsiri olmadan yaranan hallardır. Lakin hazırkı halda iddiaçının göstərdiyi dəlillər, yəni sərəncamın rəsmi təqdim edilməməsi, inzibati orqan tərəfindən sərəncamın kserosurətinin təqdim olunması iddiaçıdan asılı olmayan hallar hesab edilə bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. İş materiallarından göründüyü kimi iddiaçı mübahisələndirmə barədə iddia versə də bununla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan işin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, sədrlik edən hakim (A.Oruczadə) Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya prosessual müddəti ötürdüyünü bildirmiş, iddiaçı isə prosessual müddəti ötürmədiyini bildirərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar