Məhkəmə qərarları › İş №2-1(103)-1933/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1933/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1933/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarının icra edilməsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan AR Ali Məhkəməsi sədrinin vəzifə maaşına hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə, Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasına görə ödənilən 15 faiz əlavə və 3 dəfə aldığı maddi yardımın ona təyin olunmuş əmək pensiyasına yenidən hesablanmasını və xx.xx.2021-ci il tarixindən ödənilməmiş fərşqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1981 - 2000-ci illərdə Ali Məhkəmə statusunda olan Azərbaycan Respublikasının Dövlət Arbitrajında Dövlət arbitri və Baş Dövlət arbitrinin müavini vəzifəsində çalışmışdır. Ona 2006-cı ildən əlilliyə görə sabiq hakim kimi pensiya təyin olunmuşdur. Pensiya məbləği Ali Məhkəmənin sədrinin müavininin əmək haqqından, ona əlavələrlə birlikdə nəzərə alınmaqla, hesablanaraq 2021-ci ilə kimi ödənilmişdir. 2021ci ilin may ayında ərizə ilə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə müvafiq olaraq əmək pensiyasının növünü əllik pensiyasından yaşa görə əmək pensiyası növünə dəyişilməsini xahiş etmiş, yaşa görə pensiya hesablanarkən, lakin hakimiyyət səlahiyyətlərinin icrasına görə Ali Məhkəmənin hakimlərinə ödənilən 25 faiz əlavə və yüksək hüquqi ixtisasına görə 15 faiz əlavə, habelə işlədiyi dövrdə aldığı 3 maddi yardım nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, Əlillik pensiyasından yaşa görə əmək pensiyasına keçərkən, onun əmək pensiyası azaldıla bilməzdi. Cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı nəzərə alınmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli iddia ərizəsinə etirazının məzmunundan (i.v. 87, 99) görünür ki, iddiaçının əmək pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti təmin olunmamış və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinadən onunla əsaslandırılmışdır ki, “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Əmək pensiyalarının 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hessablanarkən xidmət etdiyi, işlədiyi ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək haqqındakı “sonrakı dəyişikliklər” anlayışı pensiya hüququ olan şəxsin vaxtilə aldığı əmək haqqının tərkib hissəsi olan pul təminatlarına aiddir. İddiaçının müraciətində göstərdiyi əlavələr, vaxtilə işlədiyi dövrdə ödənilmədiyindən orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mükün sayılmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı işlədiyi dövrdə 3 dəfə ödənilmiş maddi yardımlar, yəni 18 oktyabr X2 münasibəti ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə 207500 manat məbləğində İddiaçı ödənilmiş maddi yardımlar nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin cavabdehin 11 iyun 2021-ci il tarixli qərarı ilə həmin maddi yardımların əmək pensiyasının məbləğində nəzərə nəzərə alınmadan ödənilməyə başlandığı pensiya hüququnun yaranma tarixi kimi qeyd edilən xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, qalan hissədə (25 və 15 faiz əlavələr) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməyən hissələrində iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətində məhkəmənin qərarı ilə razı olmadığını bildirərək, bunu onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli qərarlarının tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsi və “Konstitsiya məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları AR Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsində nəzərədə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. “Hakimlərin stasuna dair Avropa Xartiyasının” 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verməlidir. Məhkəmə qətnamə qəbul edərəkən Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozaraq ayrı-seçkiliyə yol vermişdir. Pensiyaçı hakimlərin bir çoxuna əmək haqqına məhkəmə qərarlarına əsasən 15% və 25% əlavələrin ödənilməsi və digərlərinə isə məhkəmə qərarlarının olmaması bəhanə edilərək həmin əlavələrin ödənilməməsi, onlar arasında fərq qoyulması-bərabərlik hüququna əməl olunmamasıdır. Məhkəmə mübahisəni həll edərkən, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü madəsini tətbiq etməmişdir. Həmin maddədə pensiyanın yenidən hesablanması nəzərədə tutulmayıb. Məhkəmə tərəfindən Qanunun həmin norması tətbiq edilsəydi əlilliyə görə aldığı pensiya məbləğini dəyişdirmədən ona verilməsi barədə qərar qəbul etməli idi. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia edilən əlavələrin hakimlərə münasibətdə 2010-cu ildən sonra tətbiq edildiyini, iddiaçı işlədiyi dövrdə həmin əlavələri almadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən onun ərizəsinə əsasən sabiq hakim kimi əlillik pensiyasından yaşa görə əmək pensiyasına keçirilərkən, əmək pensiyasının hesablanmasından narazı qalaraq, öhdəliyin icrası haqqında iddia vasitəsilə pensiyasının işlədiyi dövrdə maddi aldığı maddi yardım, habelə, hazırda Ali Məhkəmənin hakimlərinə ödənilən hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz, yüksək ixtisasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını tələb etmiş, onun bu tələbi birinci instansiya məhkəməsinin qərarı ilə maddi yardım hissəsində təmin edilmiş, qalan 25 və 15 faiz əlavələr nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması hissəsində isə iddia rədd olunmuşdur. Konkret halda, iddiaçı, apellyasiya şikayətində məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etsə də, faktiki olaraq iddia ərizəsinin məzmunundan və məhkəməyə verdiyi izahatlarına əsasən həmin qərarla, iddia tələbinin təmin edilməyən hissələri, yəni, 25 və 15 faiz əlavələrlə bağlı hissəsində razı deyil, həmin hissədə məhkəmənin gəldiyi nəticəni əsassız sayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yoxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirir ki, Ali Məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 və yüksək ixtisasına görə onlara ödənilən 15 faiz miqdarında əlavələr onun əlillik pensiyasının tərkibində nəzərə alındığı halda, yaşa görə əmək pensiyası hesablanarkən həmin əlavələr nəzərə alınmamışdır. İddiaçının iş materiallarına əlavə olunmuş pensiya işinə dair sənədlərdən çıxarışlara əsasən müəyyən olunur ki, DSMF-nin Nəsimi rayon şöbəsinin 09 yanvar 2007-ci il tarixli qərarı ilə ona xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası Arbitraj Məhkəməsi sədrinin İ müavini vəzifəsindən, sabiq hakim kimi əlilliyə görə 1354 manat məbləğində əmək pensiyası təyin olunmuşdur (Pensiya Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin 14 fevral 2006-cı il tarixli 2No-li arayışı üzrə 1996-2000-ci illəri əhatə edən beş illik orta aylıq əmək haqqından hesablanmışdır) İddiaçıya əlilliyə görə pensiya təyin edildikdən sonra isə Ali Məhkəmənin hakimlərinin əmək haqqında aşağıdakı dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19 oktyabr 2010-cu il tarixli 1160 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Eyni zamanda, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunun 106-cı maddəsinə 2010-cu ilin oktyabrın 1-dən tarixdən qüvvədə olmuş üçüncü hissəsinə (hazırda qüvvədən düşmüş) əsasən "səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İddiaçının pensiya işindən görünür ki, iddiaçının əlillik pensiyasının tərkibində sonradan qeyd olunan əlavələr nəzərə alınmaqla, pensiyası yenidən hesablanmış və cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə onun əlillik pensiyası 5.944 manata qədər yüksəlmişdir. Lakin işdən görünür ki, iddiaçı daha sonra, onu əlillik pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizəsi ilə cavabdehə müraciət etmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə onun ərizəsi təmin olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixindən ona 4778,53 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim olunmuş sənədlərə, cavabdehin və iddiaçının hazırkı məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə birinci instansiya qərarı iddianın təmin olunan (iddiaçının işlədiyi dövrdə aldığı maddi yardım nəzərə alınmaqla pensiyasının yenidən hesablanması) hissəsi nəzərə alınmaqla ona təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanması nəticəsində əmək pensiysı 5.297,46 manata yüksəlmişdir. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı mübahisələndirir ki, əlillik pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilərkən, cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarından irəli gələn göstərişləri, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin və Əmək pensiyaları haqqında” Qanunun 34-cü və Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələblərinə riayət olunmamış, məhkəmə tərəfindən də işə baxılarkən bütün bunlar nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinin tələbinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarında şərh vermişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində aldıqları vəzifə maaşları» dedikdə, axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir. Eyni zamanda, iddiaçının özünün də istinad etdiyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında da hakimlər “... barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üsün sosial təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.” Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...” Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarında təsbit olunan göstərişlərindən göründüyü kimi, hər üç halda, hakimlərin sosial təminatlrında, o cümlədən, əmək pensiyaları hesablanarkən, onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş və aldıqları, məcburi dövlət sosial sığorta haqlarının ödənilən əmək haqqı nəzərə alınmalı olduğu təsbit olunmuşdur. Belə olan halda, 2010-cu ilin oktyabr ayından Ali məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtsasına görə ödənilən 15 faiz əlavələrin iddiaçının xx.xx.2021-ci il tarixdən təyin olunan yaşa görə əmək pensiyasında nəzərə alına bilməzdi. Çünki, 2000-ci ilədək işlədiyi dövrdə adıçəkilən əlavələr ümumiyyətlə mövcud olmamış, onları almamışdır. İddiaçının, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinin tətbiq edildiyi təqdirdə, onun əmək pensiyası üzrə yenidən hesablama aparılmasının qanunazidd olduğunu mübahisələndirən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası onun həmin dəlilləri ilə də razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası.Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının əlillik pensiyasından keçmiş olduğu yaşa görə əmək pensyası yeni bir növü olmaqla, sənədlərin təqdim olunduğu gündən, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalarla hesablanan yeni bir pensiya növüdür və bu sonuncu pensiya növünün hesablanma qaydasına müvaiq olaraq da ona pensiya təyin olunmuşdur. Belə ki, iddiaçıya xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunarkən, qüvvədə olan, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 №-li 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının “Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi” qaydalarının 6-cı bəndi aşağıdakıları nəzərdə tuturdu: “6.1.Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. 6.2.Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir. Misal 51. Şəxs İİİ dərəcə əlilliyə görə 90,5 manat (60,5 manat baza hissəsi + 30 manat sığorta hissəsi) məbləğində əmək pensiyası alır. 01 iyul 2017-ci il tarixdən pensiyanın şərti çevrilməsi aparılmaqla 90,5 manat sığorta hissəsi kimi ödənilir. 20 iyul 2017-ci il tarixdə pensiya yaşının tamam olması ilə əlaqədar pensiyasının növünün əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə dəyişdirilməsi barədə müraciət etmişdir. Bu zaman onun pensiyası Qanuna 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə uyğun olaraq hesablanacaq və yaşa görə pensiya növbəti ayın 1-dən ödəniləcəkdir” “Əmək pensiyaları haqqında”Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər əlavə almaq hüquqna malikdirlər. Həmin Qanunun 20.7-ci maddəsindən isə görünür ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. İş materiallarına (o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə) əsasən müəyyən olunur ki, iddiaçı, qanunvericiliklə müəyyən olunan qaydalar çərçivəsində və işlədiyi dövrdə aldığı əmək haqqına uyğun olan əmək haqqı nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixindən əlilliyi görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini işin hallarına, qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq olunmadığını, Konstitusiya məhkəməsinin qeyd olunan Plenumlarının qərarlarından irəli gələn göstərişlərinin və ayrı-seçkiliyə yol verildiyini onun bərəbərlik hüququnun nəzərə alınmadığını mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar