Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1933/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla kirayə müqaviləsinin iddiaçı ilə bağlanması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1 Bakı Kanalizasiya idarəsində işlədiyi üçün xx.xx.1986-cı il tarixdə 006157 nömrəli xüsusi orderlə Hövsan qəsəbəsi, ev 20a ünvanında yerləşən 3 otaqlı 93 saylı xidməti mənzil verilmişdir. Həmin orderdə X4, X10, Salayeva (hazırda Hüseynova) Kəmalə Tahir qızı və iddiaçı qeyd edilmişdir. Həmin tarixdən hazıradək iddiaçı ailəsi ilə orada yaşayır. X11 29 dekabr 2020-ci ildə rəhmətə getmişdir. Bununla əlaqədar iddiaçı həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla kirayə müqaviləsinin onunla bağlanmasına dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, icra hakimiyyəti iddiaçıdan məsələ ilə bağlı balanssaxlayıcı təşkilatın razılıq məktubunu tələb etmişdir. Daha sonra aidiyyəti üzrə balanssaxlayıcı təşkilat olan Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinə müraciət etmiş, sonuncu ərizə və sənədlərini Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yönəltmiş, həmin Birlik isə iddiaçıya cavab vermişdir ki, məsələ onun səlahiyyəti xaricindədir. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla yenidən kirayə müqaviləsinin bağlanılması məqsədi ilə balanssaxlayıcı təşkilatın razılığı lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 saylı Fərmanına əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhəri İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Sözügedən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20a saylı evin 93 saylı mənzili də Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən cavabdehin iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin rədd olunması qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən isə görünür ki, o halda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Orconikidze rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli qərarı ilə Hövsan qəsəbəsi, ev 20a, mənzil 93 ünvanında yerləşən 3 otaqdan ibarət 38,71 kv.metr sahəsi olan mənzili 4 nəfər ailə tərkibi ilə X2 verilmişdir. - xx.xx.1987-ci il tarixli 006157 saylı xidməti yaşayış sahəsini əldə etməyə dair xüsusi orderdən görünür ki, Orconikidze rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli qərarı ilə X2 verilmiş Hövsan qəsəbəsi, ev 20a ünvanında yerləşən 93 saylı xidməti mənzildə N.Salayeva ilə yanaşı əri T.İddiaçı, qızı K.T.Salayeva və oğlu İddiaçı yaşamaq hüququna malikdir. - Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Suraxanı rayon (keçmiş Orconikidze) XDS İcraiyyə Komitəsinin 22 oktyabr 1986-cı il tarixli qərarı ilə, 22 yanvar 1987-ci il tarixli, 006157 saylı xüsusi orderə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20A saylı evin yaşayış sahəsi 38,71 kv.metr olan üç otaqlı 93 saylı mənzili 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu və qızı) X1 verilmişdir. - Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli 6 girişli, 108 mənzildən ibarət yaşayış binası dövlət mənzil fonduna aid olmaqla, istismara qəbul edildiyi 1986-cı ildən Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd edilən binada yerləşən mənzillərin bir qismi xidməti yaşayış sahəsi kimi Bakı Kanalizasiya İstehsalat Birliyinin işçilərinin istifadəsinə verilmişdir. - AZ-İİ №148155 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - 289579 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X10, anası isə X3r. İddiaçı cavabdehdən N.Salayevaya verilmiş 93 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla yenidən kirayə müqaviləsinin bağlanılması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və balanssaxlayıcı təşkilatın sözügedən məsələyə dair razılıq məktublarının əsli RlH-ə təqdim edilməsi xahiş olunur. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda isə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhəri İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyini göstərməklə aidiyyəti üzrə müraciət edilməsini tövsiyə etmişdir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə qeyd dir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı bəndinin 2ci hissəsinə əsasən “rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.” Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı “müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir”. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya xidməti mənzilə dair xüsusi order verən keçmiş Orconikidze rayon İcra Hakimiyyətinin hüquqi varisi olduğunu, həmin mənzilin balansında olduğu Suraxanı rayon ərazsində fəaliyyət göstərən Suraxanı rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz ona məxsusdur. Başqa sözlə, hazırkı iddiaya cavab verməli olan inzibati oran Suraxanı rayon İcra Hakimiyyəti hesab edilməlidir. Buna görə də məhəmə cavabdehin bu imtinası ilə razılaşmır. Lakin tələbin mahiyyətinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı mənzil xüsusi təyinatlı mənzil fonduna məxsus yaşayış sahəsidir və bu işin mübahisələndirilməyən halıdır. İddiaçının tələbi məhz ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan 93 saylı mənzil xidməti mənzillər sırasından çıxarılaraq onunla mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddiaçının iddia ərizəsində və nümayəndəsinin məhkəməyə verdiyi izahatında ifadə olunan məqsəd və istəyindən isə görünür ki, onun mənzilin xidməti mənzillər sırasından çıxarılmasında məqsədi kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. Lakin, mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil məcəlləsinin 91.1.1-ci maddəsinin tələbinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmin Məcəllənin 10.0.7-ci maddəsinin tələbinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. Həmin Mcəllənin 91.1.2-ci maddəsi isə nəzərdə tutur ki, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Məcəllənin qeyd olunan tələbi baxımından, xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan, başqa sözlə xidməti mənzillər sırasından çıxarılması məhkəmə tərəfindən deyil, dövlət mənzil fondunun idarəetməsini həyata keçirən dövlət orqanın qərarı əsasında həyata keçirilə bilər. Odur ki, konkret halda, iddiaçıya məxsus mənzil xüsusi təyinatlı mənzil fonduna aid edildiyi halda, həmin mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi qanunla istisna edilir. Çünki, ən azından Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçının tələbini təkzib edən faktiki şərtlərin mövcüdluğu sübuta yetirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən imtina verilməsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda bu imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu olmaqla şikayətin dəlillərinə yuxarıda hüquqi qiymət verilmiş və həmin dəlillər mübahisələndirilən qərarın ləğvinə əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1933/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1933/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver