Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1933/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-1678/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Suraxanı r, Zığ qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış 600 kv.m. torpaq sahəsinin özələşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bunun əsasında Torpaq bölgüsünə dair akt, Torpaqların alqı-satqısına dair akt tərtib edilib imzalanmış və bələdiyyə sədri tərəfindən möhürlənmişdir. Torpağın alqı-satqısı üçün Zığ Bələdiyyəsinin hesabına, həmin dövrdə ******* (iki milyon dörd yüz min) manat pul ödənilmişdir. Eyni zamanda Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı Sərəncamının 3-cü bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət olunmuşdur. Müraciət əsasında həmin torpaq sahəsi Bakı şəhər xəritəsinə işlənmiş, həmin torpaq sahəsinin planı və xəritədən çıxarış iddiaçıya təqdim edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X4) müraciəti qeydə alınmışdır. Həmçinin torpaq sahəsinin alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirazında göstərmişdir ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” istehsalat Birliyinin daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 12 metrliyində - 464 saylı, 30 metr məsafədə - 416 saylı, 64 metr məsafədə - 333 saylı, 69 metr məsafədə - 669 saylı və 72 metr məsafədə - 300 saylı ləğv edilmiş neft-qaz quyuları yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bənddə verilmiş cədvəl üzrə ləğv edilmiş quyularla yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasında 75 metrlik mühafizə zonası müəyyən edilmişdir ki, həmin məsafə gözlənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X8 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında” Qanunun 6cı maddəsinə əsasən, Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-1678/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Lakin məhkəmə nəzərə almamışdır ki, fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bunun əsasında Torpaq bölgüsünə dair akt, Torpaqların alqı- satqısına dair akt tərtib edilib imzalanmış və bələdiyyə sədri tərəfindən möhürlənmişdir. Torpağın alqı-satqısı üçün Zığ Bələdiyyəsinin hesabına, həmin dövrdə ******* (iki milyon dörd yüz min) manat pul ödənilmişdir. Eyni zamanda Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı Sərəncamının 3-cü bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət olunmuş, nəticədə də həmin torpaq sahəsi Bakı şəhər xəritəsinə işlənmiş, həmin torpaq sahəsinin planı və xəritədən çıxarış iddiaçıya təqdim edilmişdir. Məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2493 nömrəli ekspert rəyinə istinad etmişdir ki, həmin rəydə də torpağın hansı tarixdən, hansı qərarla ARDNŞ-nin balansına verildiyi göstərilməmiş, həmin balansa dair registrdən çıxarış əlavə edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2493 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m. təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri bir tərəfdən qonşu hasarla həmsərhəd, digər üç tərəfi isə şərti olaraq göstərilmişdir (digər torpaq sahələrində yaşayış evləri tikilmiş və fotoşəkillər işə əlavə edilmişdir). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Belə olan halda sual olunur bəs qonşu torpaq sahələrində tikilmiş evlər kimin balansındadır, şirkət torpağı elə hər tərəfi evlərlə əhatə olunmuş “ada”dırmı? Eyni zamanda məhkəmə həmin torpaq sahəsi ilə bilavasitə qonşu olan digər yaşayış olan torpaqların da ARDNŞ-in balansıda olması və həmin yaşayış olan torpaqların da ərazisində neft quyularının olması olması barədə məsələni ümumiyyətlə araşdırmamışdır. Belə olan təqdirdə həmin yaşayış evlərinin tikilməsinə, torpaq ayrılmasına bələdiyyə tərəfindən icazə verilə bildiyi halda niyə iddiaçının hüquqları məhdudlaşdırılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Bu normanın tətbiqi ilə əlaqədar bildirirlər ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bunun əsasında Torpaq bölgüsünə dair akt, Torpaqların alqı- satqısına dair akt tərtib edilib imzalanmış və bələdiyyə sədri tərəfindən möhürlənmişdir. Torpağın alqı-satqısı üçün Zığ Bələdiyyəsinin hesabına, həmin dövrdə ******* (iki milyon dörd yüz min) manat pul ödənilmişdir. Eyni zamanda Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı Sərəncamının 3-cü bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət olunmuşdur. Müraciət əsasında həmin torpaq sahəsi Bakı şəhər xəritəsinə işlənmiş, həmin torpaq sahəsinin planı və xəritədən çıxarış iddiaçıya təqdim edilmişdir. Məhz bələdiyyənin bu sərəncamı qüvvədə olduğu halda hansı əsasla həmin torpaq ARDNŞ-in balansında göstərilir və əgər bu sərəncam ləğv edilmişdirsə, bunun ləğvini təsdiq edən sənədlər hardadır və vətəndaşın ödədiyi pulun qaytarılması niyə həyata keçirilmir. Bu normanın tətbiqi də məhkəmə tərəfindən düzgün həyata keçirilməmiş, sərəncamın ləğv edilməsi barədə hər hansı mötəbər sübut olmadığı halda məhkəmə sadəcə natamam ekspert rəyinə əsaslanmaqla iddianı təmin etməmişdir. “İnzibati icraat haqqında” qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu normanın tələbi baxımından Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı Sərəncamının mötəbərliliyi tam təsdiqini tapsa da, məhkəmə mötəbərlilik prezumpsiyasının tələbini pozmaqla qərar qəbul etmişdir. Belə ki, məhkəmə onun ləğvinə, qeyri-həqiqiliyinə dair hər hansı dəlilə istinad etməmişdir. Eyni zamanda həmin Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Lakin məhkəmə Zığ bələdiyyəsini üçüncü şəxs kimi işə cəlb etməməklə bu dəlillərin məhkəməyə təqdim edilməsinə maneçilik törətmiş oldu və bu da öz növbəsində iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilməsi ilə nəticələnmiş oldu. təqdim edilmiş sübutlar tam və hərtərəfli araşdırılmadan, iş üzrə verilmiş natamam ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Ekspert rəyinin natamamlığı ondan ibarətdir ki, rəydə sadəcə göstərilən torpaq sahəsinin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Lakin bu torpaqların hansı tarixdən, hansı qərarla şirkətin balansına verilməsi, bununla bağlı hansı sənədlərin olması göstərilməmiş və belə sənədlərə istinad edilməmişdir. Eyni zamanda məhkəmə iş üzrə Zığ bələdiyyəsinin cəlb edilməsi barədə iddiaçının vəsatətini təmin etməmiş, lakin üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı hər hansı müraciət olmadığı halda X1 üçüncü şəxs qismində cəlb etmişdir. Bundan başqa məhkəmə iddiaçının yerli baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli vəsatətini təmin etməmiş, bununla da üçüncü şəxs ARDNŞ tərəfindən verilmiş etirazda göstərilən hallar ümumiyyətlə araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirzında göstərmişdir ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” istehsalat Birliyinin daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 12 metrliyində - 464 saylı, 30 metr məsafədə - 416 saylı, 64 metr məsafədə - 333 saylı, 69 metr məsafədə - 669 saylı və 72 metr məsafədə - 300 saylı ləğv edilmiş neftqaz quyuları yerləşir. Lakin həm əlavə edilən fotoşəkillərdən, həm də işdə olan sənədlərdən görünür ki, ərazidə ümumiyyətlə hər hansı neft quyusu olmamışdır. Bütün bunlar bir daha təsdiq edir ki, məhkəmə tam, hərtərəfli araşdırma aparmadan sadəcə qərəzli rəyə əsaslanmaqla əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismindən inzibati məhkəmə icraatına cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxsin nümayəndəsi və vəkili ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicəsi ilə bağlı İstanbul şəhərində olacağını bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının: -2-ci bəndinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): -7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı qeyd olunan sərəncama əsaslanaraq Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış 600 kv.m. torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina əsası kimi o hallara istinad etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır, müvafiq torpaq sahəsi dövlət mülkiyyətindədir, torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməməmişdir, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsasları müəyyən edilmişdir, hazırki iş üzrə iddiaçı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas olan sənədlərdən heç birini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2493 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m. təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri bir tərəfdən qonşu hasarla həmsərhəd, digər üç tərəfi isə şərti olaraq göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Beləliklə, ekspert rəyi ilə torpaq sahəsinin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismindən inzibati məhkəmə icraatına cəlb edilmiş, daha sonra Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə, X2 və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğular ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 14 dekabr 2004cü il 97 saylı Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması haqqında sərəncamın və həmin sərəncamın verilməsi ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, X5 sorğuya cavab məktubunda qeyd etmişdir ki, Zığ bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 97 nömrəli sərəncamı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyatdan keçməmişdir. Dövlət Arxivinin Bakı Filialı 12 iyun 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. X3 140 nömrəli, 24 iyun 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması barədə protokol qeydiyyatı aparılmamış və bələdiyyənin arxivində məlumat aşkarlanmamışdır. Həmçinin birinci instansiya məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli Zığ Bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsi İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilibedilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib-verilməsi barədə sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar tələblərə baxılarkən məhkəmələr tərəfindən hüquqi əsas qismində qəbul edilən bələdiyyə qərarına münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bu isə onu qeyd etməyə əsas verir ki, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması yalnız bələdiyyə iclasının qərarı əsasında həyata keçirilə bilər. Odur ki, məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərara hüquqi qiymət verilməsi üçün eyni tarixdə bələdiyyə iclasının keçirilibkeçirilmədiyini, həmin iclasda sözügedən məsələnin müzakirə olunub olunmadığını və bu növ qərarın qəbul edilib-edilmədiyini, bələdiyyənin iclasının protokolu, bələdiyyə iclasının qərarı və torpaqayırma sənədlərinin (torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxematik təsviri, cizgisi, alqı-satqı aktı və ya müqaviləsi, ödəniş qəbzi və s.) arxiv nüsxələrinin mövcud olub-olmadığını araşdırılmış, lakin qeyd edilən bələdiyyə qərarı və ona məxsus inzibati icraat materialları nə bələdiyyənin arxivində, nə də digər arxiv idarələrində aşkar edilməmişdir. Həmçinin, göründüyü kimi, iddiaçı hüquqmüəyyənedici sənəd qismində bələdiyyə sərəncamına istinad edərək torpaq sahəsinin ona fərdi yaşayış evinin tikintisi üçün ayrıldığını iddia etsə də, iş üzrə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid dövlət mülkiyyətində olan torpaqlardır və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-1678/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Səadət Səlimova
Məhkəmə qərarları › İş №2-1(103)-1933/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1933/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver