Məhkəmə qərarları › İş №2-1(103)-1934/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1934/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1934/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5248/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun adına ümumi sahəsi 43 kv.m. olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi 47a saylı evin 1 saylı mənzilinə dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası haqqında ərizə ilə Məhkəməyə müraciət etmək hüququ izah edilsə də, sonuncu, müddət ötürülmədiyi üçün belə bir ərizə verməkdən imtina edərək, apellyasiyanın mümkün sayılmasını, iddiaçının vəkili prosessual müddət cavabdeh tərəfindən ötürüldüyü üçün apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdə olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixdə xəbərnaməyə (SS660330601AZ) imza etməklə rəsmi qaydada cavabdehə təqdim olunmuşdur (iş vərəqi-36). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə qərar ona təqdim edildiyi gündən (xx.xx.2020-ci il tarixdən) hesablanmaqla, xx.xx.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə imzalanmış və həmin tarixdə poçta təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən 1 gün buraxılmışdır. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 22.1-ci maddəsində müddətin axımının hansı tarixdən (təqdim edilmə anından) başlandığı dəqiq tənzimləndiyindən, həmin Məcəllənin “Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.” məzmunlu 22.2-ci maddəsindən göndərişlə MPM-in 128.3-cü maddəsi (İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.) hazırkı kazusa tətbiq oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması haqqında ərizə ilə Məhkəməyə müraciət etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən ötürüldüyü üçün apellyasiya mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5248/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar