Məhkəmə qərarları › İş №2-1(103)-1934/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1934/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1934/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X2 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X2 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1978-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar olaraq Ağdamdan olan məcburi köçkündür. Ailə üzvləri ilə birlikdə - həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu, 2-ci qrup əlil Qarabağ müharibəsi veteranı atası X6 ünvan 1 ünvanında yaşayırlar. Ailə üzvləri iddiaçının himayəsindədirlər. İddiaçı ali təhsillidir, 22.08.2000-ci ildən əmək fəaliyyətinə başlamış, 2012-ci ilədək müxtəlif təşkilatlarda işləmişdir. 01.01.2009-cu ildən dövlət qulluqçusudur. Dövlət qulluqçusu kimi 15.02.2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq idarəsində Əmək sektorunun müdiri vəzifəsinə təyin edilmiş, 18.01.2019-cu ildən isə Bakı şəhəri Binəqədi rayon X2 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və 04.06.2020ci ilədək həmin vəzifədə çalışmışdır. İddiaçı işlədiyi 20 il müddətində qüsursuz xidmət etmiş, fəxri fərmanla təltif olunmuş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 2004cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, sonuncu iş yerində - Bakı şəhəri Məşğulluq İdarəsinin Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə YAP-ın ərazi təşkilatının sədridir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən barəsində verilmiş 02.06.2020-ci il tarixli **********5 saylı əmrin (“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında”) 3.27-ci bəndi ilə “Dövlət qulluğu haqında” AR Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Tutduğu vəzifədən azad olunmağı barədə əmrdən 04.06.2020-ci il tarixdə iş günün sonunda iş yoldaşlarından şifahi olaraq eşitmişdir. Bu barədə ona rəsmi məlumat verilməmişdir. Həmin gün də daxil olmaqla iddiaçı Binəqədi rayon Məşğulluq Mərkəzində iş yerində olmuş və əmək funksiyalarını yerinə yetirmişdir. Əgər cavabdeh tərəfindən 02.06.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdirsə, deməli qanunsuz olaraq əlavə 3 gün (02 iyun, 03 iyun və 04 iyun 2020-ci il tarixlərdə) işlədilmişdir. Barəsində olan adı çəkilən əmrin surəti bu günədək rəsmi qaydada iddiaçıya verilməmişdir. İddiaçının əmək kitabçası 09.06.2020-ci il tarixdə ona təqdim edilmişdir. Əmr verilərkən cavabdeh tərəfindən həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun, həm də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin əmrlə məşğulluq xidməti tam ləğv edilməmiş (“Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsi (dövlət qulluğu orqanı ləğv edildikdə), həmin orqan Dövlət Məşğulluq Xidməti yenidən təşkil edilmiş və ştat sayları ixtisar edilmişdir, əmrdən məlum olur ki, işəgötürən tərəfindən dövlət qulluğu orqanının ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilməmiş, işlədiyi rəhbərliyin qərəzli məlumatı əsasında onu yenidən işə qəbul etməmiş, dövlət qulluğunda qüsursuz xidmətləri nəzərə alınmamış, dövlət qulluğunda ondan az olan işçilər işdə saxlanılmış, hətta işə yeni işçilər qəbul edilmiş, məcburi köçkün olmağı, YAP ərazi təşkilatının sədri olmağı, himayəsində azyaşlı oğlunun, həyat yoldaşının və 2-ci qrup əlil olan Qarabağ müharibəsi veteranı, 74 yaşlı atasının olması nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında Nazirliyin 2020-ci il 02 iyin tarixli əmrinin icrası haqqında 02.06.2020-ci il tarixli **********5 nömrəli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə ziddir. Həmin maddəyə görə işəgötürən ixtisasları (peşələri/ və ya peşəkarlıq səviyyələri eyni olduqda xüsusi məcburi köçkün və onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə işdə saxlanmasına üstünlük verir. Lakin məhkəmə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə qərarında istinad etsə də, Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad etməmişdir. Məhkəmə məcburi köçkünlərə işdəsaxlanılmasında üstünlük verildiyinə görə Əmək Məcəlləsinin 78-ci maddəsinə qəsdən istinad etməmişdir. Cavabdeh Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında Nazirliyin 2020-ci il 02 iyun tarixli əmrinin icra edərkən bu maddədə göstərilən tələbləri nəzərə almamışdır. Onun nə Ağdam rayonundan məcburi köçkün olmağını, nə də ki peşəkarlıq səviyyəsini nəzərə almamışdır. Belə ki, Ağdam rayonundan məcburi köçkündür və 15.02.2012-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində əmək sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 18.01.2019-cu ildən isə Bakı şəhəri Binəqədi rayon X2 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və 04.06.2020-ci ilə kimi həmin vəzifədə çalışmışdır. Göründüyü kimi o, 20 il birinci dərəcəli dövlət qulluğunda çalışmışdır ki, onun da 8 ilini məşğulluq xidməti sahəsi təşkil edir. Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında Nazirliyin 2020-ci il 02 iyun tarixli əmrdən sonra 136 nəfər yeni yaradılan qurumda işlə təmin edilmiş, hətta yeni işçilər işə qəbul olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi işdə saxlanılan 136 nəfərin və yeni işə götürülən işçilərin peşəkarlıq səviyyəsinin ondan daha yüksək olduğunu qərarında ətraflı əsaslandırmamışdır. Belə ki, o, birinci dərəcəli dövlət qulluqçusudur. İşdə saxlanılan və yeni isə götürən işçilərin heç biri dövlət qulluğu sahəsində dərəcəyə mailik deyillər. O, kollektivdə böyük nüfuza malikdir. Kollektivin qərarı əsasında Yeni Azərbaycan Partiyasının yerli ilk təşkilatının sədridir. 02.06.2020-ci il tarixli **********5 nömrəli əmr hüquqi baxımdan da düzgün tərtib edilməmişdir. Əmrin başlıq hissəsində göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında. Həmin əmrin 3-cü hissəsində yazılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş adları bu əmrin 3-cü və 4-cü hissələrində qeyd edilən işçilərə əmək stajından asılı olaraq müəyyən məbləğlərdə işdənçıxarma müavinətləri ödənilməsi təmin edilsin. Göründüyü kimi əmrdə göstərilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə işçilərin sayı və ştat ixtisar edilərkən işçilər üçün nəzərdə tutulan təminatdır. Əmrin həmin hissəsində isə göstərilir ki, müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş, adları bu əmrin 3-cü və 4-cü hissələrində qeyd edilən işçilərə əmək stajından asılı olaraq müəyyən məbləğlərdə işdənçıxarma müavinətləri ödənilməsi təmin edilsin. Belə ki, əmrin başlıq hissəsi ilə 3-cü hissəsi arasında ziddiyyət mövcuddur ki, bu da həmin əmrin hüquqi baxımdan düzgün tərtib edilmədiyini göstərir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və məhkəmə əmrin qanuni və yaxud da qanunsuz olmasına münasibət bildirməmişdir. Əmək kitabçamda **********5 saylı 02 iyun 2020-ci il tarixli əmrdə onun işdən çıxarılmağına səbəb kimi göstərilir ki, dövlət orqanı ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin. Məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, dövlət orqanı ləğv edilməyib, əvvəldə məşğulluq mərkəzi kimi fəaliyyət göstərirdi, indi daha geniş formada fəaliyyətini davam etdirir, onunla bərabər işləyən şəxslər öz əmək funksiyalarını davam etdirir, hətta işə yeni işçilər də götürmüşlər. Qətnamə Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə də ziddir. Qanunun həmin maddəsinə görə məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Dövlət məcburi köçkünlərin müstəqil olaraq işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait varadır. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında kvota müəyyən edilməsi, yeni iş yerlərinin açılması və digər tədbirlərin görülməsi ilə həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Azərbaycan Respublikasında icra hakimiyyətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanların siyahısına daxildir. Birinci instansiya məhkəməsinin qətnaməsi Dövlət qulluğu haqqında qanunun 21.1.6-cı bəndinə də ziddir. Həmin maddəyə görə dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük verilir. Belə ki, birinci instansiya məhkəməsi bu qanunun müvafiq maddəsinin tələbini də nəzərə almamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X2 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, işin həqiqi hallarına əsasən iddiaçının mübahisələndirdiyi əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin öz səlahiyyətləri çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi məqsədi ilə verilmişdir. İddiaçı dövlət qulluqçusu olmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçisi kimi 02 iyun 2020-ci il tarixədək xidmət etmişdir. İddiaçının əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, işin faktiki hallarına əsasən ləğv edilmiş Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı iddiaçının müvafiq vəzifəyə keçirilməsi imkan vermədiyi üçün (ilk növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vəzifəyə təyin edildiyi səbəbindən) iddiaçının işə düzəldilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının Dövlət Məşğulluq Xidmətində xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ağdam şəhərində anadan olmuş və həmin şəhərdə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı 15.02.2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin Əmək birjası sektorunun müdiri vəzifəsinə təyin edilmiş, 02.06.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında” Nazirliyin 02.06.2020-ci il tarixli əmrinin icrası haqqında **********5 nömrəli 02.06.2020-ci il tarixli əmrindən çıxarışından görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin, Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 23.07.2021-ci il tarixli 15/1-147 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin, Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında sözügedən Nazirliyin tabeliyində X4 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilmiş İddiaçı Ağdam Rayon Statistika İdarəsində vakant olan aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin Dövlət Statistika Komitəsinə göndərilməsi xahiş olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağdam rayon Statistika İdarəsinə ünvanlanmış 09.08.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı ehtiyatda olan kadrlar siyahısına daxil edildiyini nəzərə alaraq Ağdam rayon Statistika İdarəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 09.08.2021-ci il tarixli 13/k nömrəli əmrdən görünür ki, ləğv edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi Rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş və ehtiyat kadrlar siyahısına daxil edilmiş İddiaçı 2021-ci il avqust ayının 10-dan Ağdam Rayon Statistika İdarəsinin aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. Əsas: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 13.07.2021-ci il tarixli 03/05-22/1807 nömrəli məktubu, İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi. İddiaçı tərəfindən Ağdam rayon Statistika İdarəsinə ünvanlanmış 10.09.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı öz arzusunu nəzərə alıb onunla bağlanmış əmək müqaviləsinə 13.09.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 13.09.2021-ci il tarixli 16/k nömrəli əmrdən görünür ki, Ağdam Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi İddiaçı dövlət qulluğuna 2021-ci il sentyabr ayının 13-dən xitam verilmişdir. Əsas: İddiaçı ərizəsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərinin mövcud olub-olmaması və belə münasibətlərin müəyyən edilməsində iddiaçının marağının xarakteri, habelə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və yaxud qəbul edilmiş inzibati aktın artıq icra edilibedilməməsi yoxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 15.02.2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin Əmək birjası sektorunun müdiri vəzifəsinə təyin edilmiş, iddiaçının əmək müqaviləsinə 02.06.2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmiş və 02.06.2020-ci il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ehtiyat kadr siyahısında saxlanılmışdır. Cavabdehin 02.06.2020-ci il tarixli qərarı iddiaçı tərəfindən ona münasibətdə olan hissəsi məhkəmədə mübahisələndirilmiş və mübahisə apelyasiya icraatında araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 09.08.2021-ci il tarixli 13/k nömrəli əmrinə əsasən ləğv edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi Rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş və ehtiyat kadrlar siyahısına daxil edilmiş İddiaçı 2021-ci il avqust ayının 10-dan Ağdam Rayon Statistika İdarəsinin aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. Sonradan iddiaçının öz arzusu ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 13.09.2021-ci il tarixli 16/k nömrəli əmrinə əsasən onun dövlət qulluğuna 2021-ci il sentyabr ayının 13-dən xitam verilmişdir. Göründüyü kimi ehtiyat kadr siyahısına daxil edilmiş İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı və 28.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Ağdam Rayon Statistika İdarəsinin 09.08.2021-ci il tarixli 13/k nömrəli əmri ilə 10.08.2021-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və öz xahişi ilə onun dövlət qulluğuna 13.09.2021-ci il tarixdən xitam verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün səbəblərin aradan qaldırıldığı, qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan halları araşdırmaq apelyasiya instansiyası məhkəməsinin də xidməti vəzifəsinə aid olduğundan məhkəmə kollegiyası bu barədə araşdırma apararaq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı 06 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X2 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar