Məhkəmə qərarları › İş №2-1(103)-1934/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1934/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1934/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-4133/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X2 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********806600 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, küçələrdən metal qırıntıları yığıb satmaqla ailəsini dolandırmışdır. Topladığı metal qırıntılarını müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim etmişdir, malları salarkən ona alıcılar tərəfindən bildirilmişdir ki, onun heç bir vergi öhdəliyi yoxdur, eyni zamanda dəfələrlə 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən məlumat almışlar ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. O da işini, gəlir və xərclərini buna uyğun olaraq qurmaqla fəaliyyət göstərmişdir. Lakin bu yaxınlarda Bakı şəhəri X2 üzrə Baş İdarəsindən ona məktub gəlmişdir ki, onnu məcburi olaraq öz ərizəsi olmadan xx.xx.2021 -ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna almışlar. Bundan sonra heç bir xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixli **********095200 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən ona 7.571,28 manat məbləğində gəlir vergisi hesablanılmışdır. Həmin qərarın əsaslandırma hissəsində qeyd olunur ki. “Vergi Məcəlləsinin müddəalarına əsasən ona Gəlir vergisi bəyənnaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır”. Halbuki, onu xx.xx.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyi də bundan sonraki dövrə yarana bilərdi. Vergi orqanı isə hesablamanı vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışlar. xx.xx.2021-ci il tarixində tərəfindən 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə “fiziki şəxsin gəlir vergisi bəyannaməsi” təqdim etsə də vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********806600 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 7.571,28 manat məbləğində gəlir vergisi hesablanmışdır. Bütün bu baş verən qanunsuzluqlarla bağlı olaraq Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021 tarixli **********651200 saylı qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********602800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-4133/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 21 dekabr 2021-ci il tarixli **********602800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-4133/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında iddianın təmini əsaslarından biri kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə istinad edilərək qeyd etmişdir ki, " metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir.Məhkəmənin bu mövqeyinin əksinə olaraq bildirirlər ki, iddiaçının fəaliyyəti bilavasitə olaraq malların təqdim edilməsindən gəlir götürməyə istiqamətlənən, işçi qüvvəsindən ərsəyə gələn sahibkarlıq fəaliyyəti olduğundan məhkəmənin gəldiyi nəticəni qanunsuz hesab edirlər. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1934/2022 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********483300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı ilə vergi ödəyicisinə hesablanmış 7571,28 manat vergi məbləği azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, vergi məbləği ləğv olunduğundan icraata xitam verilməsinə razılığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdən də göründüyü kimi iddiaçının mübahisələndirilən qərarla vergi borcu mövcud deyildir. Göründüyü kimi tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********602800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar