Məhkəmə qərarları › İş №2-1(103)-1934/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1934/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1934/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X1) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12839/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən ayrılmış, ünvan 1də yerləşən 600 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən iddiaçıya fərdi ev tikintisi üçün ünvan 1də sahəsi 600 kv.m. olan torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin sərəncamdan da göründüyü kimi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.1996-cı il tarixli, 18/03-8/1626 saylı məktubla qeyd edilən sahədə fərdi ev tikintisi üçün razılıq vermişdir. Sözü gedən torpaq sahəsi üzərində iddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh imtina məktubunda bildirilmişdir ki, qeyd olunan sahə dövlət mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulan yolkənarı sahədir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12839/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12839/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 oktyabr 2023-cü il tarixli, 3-48-2F/2-07081/2023 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarışına əsasən 2457-ci məhəllədə istifadəsiz qalmış torpaq sahəsində 600 kv.m. torpaq sahəsində İddiaçı fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 1875 saylı sərəncamına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində 600 kv. m. torpaq sahəsinin yerləşdiyi situasiya planı Bakı şəhəri Nizami RİHB aparatının böyük-məsləhətçisi memar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən X2 X3 sədri Qurban Məmmədova göndərilmiş xx.xx.2020-ci il tarixli, 04/04-2/16258 nömrəli məktubu ilə bildirilmişdir ki, qeyd olunan ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir. - “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 163 nömrəli, 03 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 1875 saylı 16 dekabr 1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılmış ünvan 1də yerləşən ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsinin sənəd üzrə və faktiki vəziyyətdə yeri və koordinatları müəyyən edilərkən məlum oldu ki, bu koordinatlar naturaya uyğundur, torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Mütəxəssis rəyinə qoşma olaraq tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır.

65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamına əsasən 2457-ci məhəllədə istifadəsiz qalmış torpaq sahəsində 600 kv.m. torpaq sahəsində İddiaçı fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi torpaq sahəsinin yerləşdiyi situasiya planı Bakı şəhəri Nizami RİHB aparatının böyük-məsləhətçisi memar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən, şərti olaraq göstərdiyi sahə dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolkənarı ərazidir. Bundan əlavə, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarəyə eyni sənəd əsaslarla müxtəlif vaxtlarda fərqli ərazilərə dair müraciətlər qeydə alınmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlərin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan torpaq sahəsinin “situasiya planı”ndan görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçı səlahiyyəti şəxs tərəfindən təsdiq edilmiş cizgini təqdim etməmiş, onun şərti göstərdiyi torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolkənarı ərazidir. İlk öncə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin verildiyi 16 dekabr 1996- cı il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2497/2023 saylı xx.xx.2023-cü il tarixli iş üzrə hüquqi mövqeyinə görə torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin, eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət – 30 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin etməklə, qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmişlər. Hazırki iş üzrə iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən hüquqi yardım göstərilərək qanunvericilikdə torpaq sahəsinin yerquruluşu işlərinin aparılmasına hüququ olan orqan - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sərhədlərini yerə (naturaya) keçirilməsini göstərən yerləşmə sxeminin məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənəd məhkəməyə də təqdim edilməmişdir. Göründuyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamı iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan orqan tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi barədə torpagın yerləşmə sxemini təqdim etmədiyindən, sadəcə torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamı) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək sənədlə müraciət etdiyindən (cavabdehə eyni sənəd əsaslarla müxtəlif vaxtlarda fərqli ərazilərə dair müraciətlərin qeydə alınması da buna dəlalət edir) cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12839/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12839/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar