Məhkəmə qərarları › İş №2-1(103)-1935/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1935/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1935/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X13) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6077/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ünvan 1-dən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6077/2022 nömrəli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. O, anası, bacısı həmin ünvanda yaşayırlar. X1 uzun illər Rusiyada yaşamışdır. Orada ailə qurmuş və ailəsi ilə yaşamışıdır. 2004-cü ildə qardaşı Elxanın xahişi ilə ona mülkiyyətində olan evə pasport qeydiyyatına salınmışdır. Lakin o, 2004-cü ildə qeydiyyata düşməsinə baxmayaraq, daimi yaşayış üçün Rusiyaya yenidən qayıtmışdır. Sonuncu dəfə həyat yoldaşı və iki uşağını da götürüb onların evinə qayıtmışdır. Söz vermişdir ki, bir neçə ay onlarla evdə yaşayandan sonra Bakıda ev alacaqdır. Məhkəmə qətnaməsinə əsasən X9 ailə üzvləri - arvadı X8 və uşaqları X16 və X18 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 19 ünvandan çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icra məmuru onları evdən çıxarmışdır. O cavabdehin yerinə də kommunal xərcləri ödəməli olmuşdur. X9 mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də onun həmin evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş, bu barədə ona rəsmi məktub da verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6077/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X9 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə üçüncü şəxs X13 tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və bildirilmişdir ki, birinci instansiya məhkəməsi qərarında onun iddiaçı ilə mübahisəli mənzildə yaşamasına dair notariusda təsdiq edilmiş müqavilənin olmamasını əsas götürərək, AR Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad edilməsi qanunsuz və əsassızdır, çünki mübahisəli mənzil valideynlərinə məxsus satılan mənzilin pulları hesabına alınmış və həmin mənzilə X13 və onun ailə üzvləri iddiaçının razılığı ilə köçürülmüş, 18 ildir ki, orada daimi pasport qeydiyyatındadır və mənzilin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş 121202 №-li, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 19, 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X10, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009cı il təvəllüdlü X5, xx.xx.1977-ci il təvəllüdlü X13 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-3734- 1222 №-li və xx.xx.2022-ci il tarixli, 018- 4787-1222 №-li məktublardan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X13 xx.xx.2007-ci il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********32 №-li məktubdan görünür ki, X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 19, 44 saylı mənzilində istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4229/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X11 qarşı mənzildən çıxarılma barədə iddiası təmin edilmiş, cavabdeh X9 ailə üzvləri-arvadı X8 və uşaqları X16 və X18 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 19 saylı evin 44 mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6952/2020 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)- 4229/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq cavabdeh X9 və X2 uşaqları X16 və X18 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 mənzilindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2798/2021 nömrəli qərarı ilə cavabdehlər X9 və X4 kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(103)-6952/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Vüqar Alıyev, icra məmuru Samir Əzizov, iş üzrə tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi və anası X3 iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6952/2020 saylı, 25 iyun 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra vərəqəsində göstərilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 nömrəli mənzilinə gəlmişlər. Mənzildə olarkən müəyyən olunmuşdur ki, X13 və X8 uşaqları ilə birlikdə mənzildən könüllü olaraq çıxmışlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 073-3719Y-3222 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd etdiyi vətəndaş X9 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, ev 19, mənzil 44-dən pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mənzildən qeydiyyatdan çıxarılmasını tələb edilən şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2002-ci ildən İddiaçı tam mülkiyyətindədir. Üçüncü şəxs X13 mübahisəli yaşayış sahəsində xx.xx.2007-ci il tarixdən qeydiyyatda olsa da hal-hazırda həmin ünvanda yaşamır, məhkəmə qətnaməsinə əsasən həmin mənzildən çıxarılmışdır. Həmin şəxsin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüquqlarının olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılmasını tələb edilən şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması araşdırmalar zamanı müəyyən edilməmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil iddiaçının tam mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, mənzildən qeydiyyatdan çıxarılmasını tələb edilən şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma mövcud olmadığından və mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğundan iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6077/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar