Məhkəmə qərarları › İş №2-1(103)-1935/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1935/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1935/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinın razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinətinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “... xx.xx.1992-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0532 №-li əmrilə “Hərbi XidmətKeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü 44 günlük Vətən Müharibəsində iştirak etmişcir. Lakin ona “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir." Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 nömrəli qərarına əsasən döyüş əməliyyatları aparılan ərazidə xidmət etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...N №-li hərbi hissədə hərbi hissə komandiri vəzifəsində xidmət edərkən mən döyüş tapşırığının yerinə yetirilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparan N №-li hərbi hissədə ezamiyyətdə olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamında göstərilir ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, o, cümlədən İddiaçı-polkovnik leytenant “Hərbi xidmətlərə görə “medalı ilə təltif edilsinlər. Göründüyü kimi, o, bu medalla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyimə görə təltif olunmuşdur. Bundan əlavə, hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış və xəstəliyə görə ehtiyata buraxılmasının səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma olmuşdur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: “... iddiaçının xidmət keçdiyi N saylı hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməmişdir. 09 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək ezam olunduğu N nömrəli hərbi hissənin isə qərargahı, zenit raket-artilleriya divizionu və qərargah təchizat bölüyü 44 nəfərlik heyətlə N sentyabr - N noyabr 2020-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, N nömrəli hərbi hissənin bütün şəxsi heyəti deyil, yalnız qeyd olunan 44 nəfərlik heyəti döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının isə həmin hərbi hissəyə ezam olması özlüyündə adıçəkilən 44 nəfərlik heyətə daxil olması qənatinə gəlməyə əsas vermir. Bu barədə hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bir halı da nəzərdən qaçırmaq olmaz ki, həmin 44 nəfərlik heyət N sentyabr - N noyabr 2020-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi halda, iddiaçı müharibənin son günü həmin hərbi hissəyə ezam olunmuşdur...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan ikinct abzasının redaksiyasına əsasən müharibə müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan müddasından göründüyü kimi, həmçinin, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının 44 günlük “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və bu zaman onun travma alması, həmin travma səbəbli xəstəliyinə görə ehtiyata buraxılması və döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçu kimi onun medalla təltif olunması faktları işdə olan sübutlla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş, EZ No ******* nömrəli hərbi biletinin qeydlərinə (i.v.8), N №-li hərbi hissənin N No-li xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqsinə (i.v.9), Müdpafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 6308 No-li xəstəlik haqqında şəhadətnaməyə (i.v.16), habelə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına (i.v 10-13) əsasən müəyyən olunur ki: -iddiaçı N №-li hərbi hissədə hərbi hissə komandiri vəzifəsində xidmət edərkən, döyüş tapşırığının yerinə yetirilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparan N №-li hərbi hissədə ezamiyyətdə olmuş, döyüş tapşırığının yerinə yetirilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırıqlarını yerinə yetirərkən hərbi travma almış və hərbi-həkim komissiyası tərəfindən onun onun xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdpafiəsi zxamanı alınmışdır” kimi şəhatələndirilmiş və xəstəliyinə görə ehtiyata buraxılmış və o, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası prezinetinin qeyd olunan sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı (i.v.14) ilə təltif olunmuşdur. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömərli Qərarının 1.4-cü bəndinə əsasən Əsasnamənin on dördüncü abzasa aşağıdakı məzmunda “Qeyd” əlavə edilmişdir: “Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.” Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının tələbində haqlı olduğu, yəni, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, xcavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması onun hüquqlarını pozur. İPM-nin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia rədd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutların nəzərə alınmadığını və iddianın rədd olunmasının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinın razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinətinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9914/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərarı çıxarılsın. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsinın razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar