Məhkəmə qərarları › İş №2-1(103)-1936/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1936/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1936/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1,cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçünçü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1in ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)- 2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır . Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili Vəkil2 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 3də yerləşən tikilməkdə olan binada qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən qeyri-yaşayış sahəsi 2-ci mərtəbədə arxa hissə - 98 kvm.-dir. Qeyri-yaşayış sahəsinin hər kv.m-nin qiyməti 3.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri 294.000 manat təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən Kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 2-ci mərtəbəsində arxa hissədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 98 kvm. olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 294.000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********87 №-li məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə İdarədə baxılmışdır. Aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsıni təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmış tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yeləşən çoxmənzilli yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmişdir və həmin bina istismara qəbul edilməmişdir. İddiaçı “Avro Qrand" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin binadan ümumi sahəsi 98 kv.m olan qeyri-yaşayış sahəsini 294.000 manat ödəməklə almışdır. İddiaçı həmin daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərin olmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-ci maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. - 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. - 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. - 139-1.1.6-ci maddəsinin tələblərinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlak mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyindən, həmin əmlakla bağlı sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən tərtib edildiyindən, eyni zamanda qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina istismara qəbul edilmədiyindən, həmçinin iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə malik olması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın İddiaçı müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı icra edilərək ünvan 4 ünvanına dair İddiaçı adına çıxarış (xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında sahəsi 89,7 kvm. qeyriyaşayış sahəsi) verilmişdir. Çıxarışın verilməsinə əsas olan 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərar isə məhkəmənin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2-cü maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3-cü maddəsinin tələbinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. - 236-1.4-cü maddəsinə əsasən icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5-ci maddəsinə əsasən işə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.6-cü maddəsinin tələbinə görə bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır, mülahizə xarakteri daşıyır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən və işə yenidən baxıldıqdan sonra iddiaçının tələbi tamamilə rədd edildiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməli, həmin qərar əsasında İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar