Məhkəmə qərarları › İş №2-1(103)-1937/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1937/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1937/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X2 və üçüncü şəxs X1 iştirakı ilə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyata alınma vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5193/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X3) məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3785/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan X4 ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1046/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Ş.Əliyeva üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, onun apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.2020-ci il tarixli qərar iddiaçıya xx.xx.2020-ci ildə təqdim olunmuşdur və həmin tarixdə qərarın alınması barədə məhkəmə qəbzi məhkəmə işindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 22.2-ci maddəsinə əsasən, “Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur”. MPM-in 128.3-cü maddəsinə görə, günlərlə hesablanan prosessual müddətin axımı hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qərar ona xx.xx.2020-ci ildə təqdim olunduğundan, 30 günlük şikayət müddəti xx.xx.2020-ci ildən hesablanmalıdır ki, bu halda müddət xx.xx.2020-ci ildə bitir. Qərar xx.xx.2020-ci ildə təqdim olunduğundan və 30 günlük şikayət müddətinin sonu xx.xx.2020-ci ilə düşdüyündən, şikayəti xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsinə vermişdir. MPM-in 129.3-cii maddəsinə əsasən, “Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur”. Deməli, qərardan şikayət verilməsi üçün müəyyən olnmuş 30 günlük müddət xx.xx.2020-ci ildən hesablanmaqla, qərardan şikayəti şikayət müddəti bilmədən - xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsinə vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası haqqında ərizə ilə Məhkəməyə müraciət etmək hüququ izah edilmiş və o, belə bir ərizə təqdim edərək, apellyasiyanın mümkün sayılmasını, üçüncü şəxs Ş.Əliyeva prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdə olan, qərarın iddiaçıya göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixdə həmin məktuba imza etməklə rəsmi qaydada iddiaçıya təqdim olunmuşdur (iş vərəqi - 122). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə qərar ona təqdim edildiyi gündən (xx.xx.2020-ci il tarixdən) hesablanmaqla, xx.xx.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə imzalanmış və həmin tarixdə məhkəməyə təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən 1 gün buraxılmışdır. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 22.1-ci maddəsində müddətin axımının hansı tarixdən (təqdim edilmə anından) başlandığı dəqiq tənzimləndiyindən, həmin Məcəllənin “Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.” məzmunlu 22.2-ci maddəsindən göndərişlə MPM-in 128.3-cü maddəsi (128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.) hazırkı mübahisəyə tətbiq oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsi üzrlü hal kimi qəbul edilə bilməz. Belə ki, hər hansı halın iddiaçıya münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar olunmur. Çünki, iddiaçı özü bu halın onun iradəsi hüdudlarında baş verdiyini apellyasiya şikayətində müdafiə edir. Başqa sözlə, iddiaçının İPM-in 22.2-ci maddəsini yanlış təfsir etməsi prosessual müddətin buraxılması ilə nəticələnmişdir ki, bu da qanunla müəyyən edilmiş müddətin iddiaçının təqsiri ilə ötürülməsi, yəni müddətin buraxılmasının üzrlü səbəblərdən baş vermədiyi deməkdir. Odur ki, ərizə təmin edilməməli, apellyasiya isə mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5193/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Müddətin bərpa edilməsindən imtina edilsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar