Məhkəmə qərarları › İş №2-1(103)-1937/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1937/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1937/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və yaşamaq üçün icazə müddətinin uzadılması tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2021 saylı 28.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 oktyabr 2020-ci il tarixli, ******* nömrəli inzibati aktın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması barədə 10 avqust 2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı Gürcüstan Respublikasının vətəndaşı (pasport GEO 18AE047241) olmaqla, Azərbaycanda daimi yaşamaq icazəsi vardır (DYİ №0014204, DMX tərəfindən 24.06.2015 tarixdə verilib). X1 ilə birlikdə anasının yas mərasimində iştirak etmək üçün şəxsi avtomobili ilə “Sınıq Körpü” (“Qırmızı Körpü”) sərhəd buraxılış məntəqəsindən keçərək, Gürcüstana getmiş, 14.03.2020-ci il tarixdə geri qayıdarkən, eyni sərhəd buraxılış məntəqəsində ona 14.03.2020-ci il tarixdən (saat 00:00dan) Gürcüstan Azərbaycan sərhədinin bağlanıldığı, Azərbaycan Respublikasına yalnız Azərbaycan Respublikasının vətəndaşlarının buraxıldığı bildirilərək ölkəyə girişi qadağan edilmişdir. Daimi yaşama icazəsinin olması və Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikahda olduğunu təsdiq edən sənədlər təqdim olunsa da, ölkəyə girişi qadağan olunmuş və o, həmin tarixdən etibarən Gürcüstan Respublikasında qalmışdır. Yardım üçün müxtəlif dövlət qurumlarına müraciət olunmuş və yalnız 29.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının Gürcüstandaki səfirliyinin yardımı ilə Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasında daimi yaşama yerinə qayıda bilmədiyi zaman ərzində onun DYİ-nin müddəti 24.06.2020-ci il tarixdə bitmişdir və göstərilən səbəblərdən o, DYİ-nin uzadılması üçün vaxtında müraciət edə bilməmişdir. Beləliklə, DYİ-nin uzadılması barədə müraciət müddətinin ötürülməsi və DYİ vəsiqəsinin müddətinin bitməsi ondan asılı olmayan səbəblərdən (COVİD-19 pandemiyası ilə bağlı Gürcüstan- Azərbaycan sərhədinin bağlanması) yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2021 saylı 28.04.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti forma və məzmunca İPM-in 85.2-ci maddəsinin tələblərinə uyğun tərtib olunmuş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, daimi yaşayış yerinə qayıda bilmədiyi zaman ərzində onun daimi yaşama müddəti 24.06.2020-ci il tarixində bitmiş və ölkəyə buraxılmadığı səbəbindən həmin müddətin uzadılması üçün vaxtında müraciət edə bilməmişdir. Beləliklə müddətin ötürülməsi və daimi yaşayma icazəsi vəsiqəsinin müddətinin bitməsi ondan asılı olmayan səbəbdən (COVİD-19) pandemiya ilə bağlı sərhəddin bağlanması) yaranmışdır. Məhkəmə isə qeyd edilənlərii nəzərə almamış, Miqrasiya Məcəlləsininin müvafiq maddələrini düzgün təsfir etməmiş, qanunsuz və əsassız qərar qəbul etmişdir. Miqrasiya Məcəlləsinin 53-cü maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) üçün sənədləri təqdim edərəkən əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) fiziki olaraq Azərbaycan Respublikasının ərazisində olmalı olduğu qənaətinə gəlmək olar. Belə ki, Məcəllənin 53.1.2-ci maddəsinə və həmin maddənin qeyd hissəsinə əsasən pasportun və ya digər sərhədkeçmə sənədinin surəti onun əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədin əsli onları təqdim etmiş şəxsə qaytarılır.Göründüyü kimi, məhkəmə icazənin alınması barədə ərizə anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilməsi imkanının olması barədə gəldiyi nəticənin yalnız əcnəbinin fiziki olaraq Azərbaycan Respublikasıın ərazisində olduğu halda mümkünlüyünü diqqətə almamışdır. Bu barədə müvafiq sorğuya isə cavabdeh tərəfindən “şəxs ölkə ərazisində olduğu halda daimi yşama icazəsi ilə müraciət edə bilər. Ölkə ərazisi hüdudlarından kənarda olduqda müraciət qəbul olunmur” cavabı verilmişdir.ni Məhkəmənin iddiçının 14.03.2020-ci il tarixdən 24.06.2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamamı” barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin özünün verdiyi məlumata görə “COVİD-19” pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqədar qarşılıqlı razılaşmaya əsasən 14.03.2020-ci il tarixdən dövlət sərhəddindən buraxılış məntəqələrində vətəndaşların buraxılışına müvəqqəti olaraq məhdudiyyətlər tətbiq olunmuşdursa və nəticədə o, buraxılmırsa, dövlət sərəhədindən hərəkəti barədə İAMAS bazasında hansı məlumat qeydə alına bilər. Beləliklə məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə iclasılarının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəmsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İş materiallarına əsasən müəyyən olunur ki, Gürcüstan Respublikasının vətəndaşı, iddiaçı Sədaqət .Hacıyevaya, 24.08.2015-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmiş və ona təqdim olunmuş DYİ № ******* nömrəli icazə vəsiqəsinin etibarlılıq müddəti 24.06.2020-ci il tarixədək müəyyən olunmuşdur (Vəsiqədə ünvan 1 ünvanı yaşayış yeri kimi göstərilmişdir). Eyni zamanda, idldiaçının GEO 18AE04721 nömrəli ümumvətəndaşlıq pasportunun surətinə əsasən müəyyən olunur ki, o, 29.07.2020-ci il tarixdə Gürcüstan Respublikasının ərazisindən çıxaraq Azərbaycan Respublikasının sərhədini keçərək ölkə ərazisinə daxil olmuşdur. İşdən görünür ki, o, daha sonra, 08.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketi dolduraraq, 10.08.2020-ci il tarixində cavabdehə müraciət etmiş, lakin cavabdehin 06.10.2020-ci il tarixli qərarı ilə onun həmin müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0-cı maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə; 55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir); 55.0.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş hallar aradan qalxdıqda; 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 55.0.14. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Cavabdehin işə əlavə olunmuş 06 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, qərarda iddiaçı tərəfindən təqdim edilən vəsiqənin etibarlılıq müddəti bitdikdən sonra müraciət etdiyi əsas gətirilməklə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 53.0.3-cü maddəsi rəhbər tutularaq iddiaçıya müddətin uzadılmasından imtina olunmuşdur. Məcəllənin qeyd olunan 755.0.3-cü maddəsindən isə göründüyü kimi, şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir . Bu maddədə nəzərədə tutulan hallardan biri də 55.0.9-cu maddəsində nəzərdə tutulan hala görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş hallar aradan qalxdıqda daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır). İddiaçının da, məhz, cavabdehə icazə müddətinin uzadılması üçün müraciət etdiyi vaxt, yəni 08.08.2020-ci il tarixində artıq onun daimi yaşamaq üçün icazə müddəti (24.06.2020-ci il tarixində) bitmişdir. Onun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciəti isə 10 avqust 2020-ci il tarixində, yəni Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin etibarlılıq müddəti bitdikdən 1 ay 15 gün sonra cavabdeh orqana daxil olmuşdur. Halbuki Miqrasiya Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Yuxarıda qeyd edilənlərdən isə göründüyü kimi, iddiaçının müddətin uzadılması barədə cavabdehə müraciət müddət bitdikdən sonra daxil olmuşdur. İddiaçının dəlillərindən göründüyü kimi, gec müoraciət etməsinin səbəbini 14.03.2020-ci il tarixdə Gürcüstandan geri qaydarkən sərhəddən buraxılmaması və pandemiya ilə bağlı sərhədlərin bağlı olması ilə əlaqələndirir. Məhkəmə kollegiyası bununla əlaqədar onu qeyd edir ki, birincisi, iddiaçının Gürcüstan- Azərbaycan sərhəddindən buraxılmaması cavabdehin təqsirinə yozula bilməz. İkincisi, onun sərhəddən buraxılmaması, eləcə də, ümumiyyətlə, pandemiya şəraiti ilə bağlı həmin sərhəddin bağlanması heç də cavabdehin onun ölkə ərazisində yaşama müddətinin uzadılmasından imtina etməsinin qanunsuz sayılması üçün əsas ola bilməz. Çünki, Məcəllənin qeyd olunan normaları ilə, qeyd-şərt qoyulmadan və imperativ qaydada müəyyən edilmişdir ki, müvəqqəti yaşama müddətinin bitməsinə 3 ay qalmış həmin müddətin uzadılması üçün müraciət olunmalıdır. Əks halda, yəni, yaşama müddətinin bitdiyi təqdirdə, iddiaçı artıq Məcəllənin 55.0.3-cü maddəsinin təsiri alıtına düşmüş olur və bu səbəbdən də ona daimi yaşamaq üçün icazə verilməsi və ya yaşama üçün icazə müddətinin uzadılması imkanını itirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, cavabdehin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının daimi yaşama müddətinin uzadılmasından imtina edərkən qanunvericiliyin tələblərini pozması təkzib olunur. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə arzu olunan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmə vəzifəsi, məhz, iddiaçının üzərinə düşür. Bu baxımdan,məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2021 saylı 28.04.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2951/2021 saylı 28.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar