Məhkəmə qərarları › İş №2-1(103)-1937/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1937/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1937/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 fevral 2017-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı M.X1 təqdim etdiyi 6 dekabr 1979-cu il tarbdi VİT-İ ******* nömreli emek kitabçasında xx.xx.1983-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "Azbaşenerji"-nin "Azarenerjisazlama" müəssisəsinin Yüksek Gerginlikli açarların təmiri va sazlanması üzrə va xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində "Azarenerji xüsusi təmirsazlama müəssisəsi” MMC-nin Elektrik Avadanlıqlarının təmiri ve sazlanması sexinin Paylayıcı Qapalı avadanlığın tamiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla da, həmin dövrlərin güzəştli iş stajı kimi qəbul edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüz hesab edilir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Ağayeva şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" ASC-nin iş materiallarında olan, xx.xx.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışında qeyd olunur ki, İddiaçı 05 oktyabr 1983-cü ildən - 08 oktyabr 2020-ci il tarixlərində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik mantyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə tam identik olması səbəbilə, ona həmin staj əsasında yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İddiaçı 05 oktyabr 1983 - 08 oktyabr 2020-ci il tarixlərində topladığı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı: 37 il, 03 gün təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş. qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə (qüvvədə olan «Əmək pensiyaları haqqındav Qanunun 21.2.3-cü maddəsinə) əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) sosial sığorta stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (“Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”nın 3.1.1-ci bəndinə əsasən də bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının əmək kitabçasının işdə olan notarial qaydada təsdiq edilmiş surətinə əsasən aşağıdakı sığorta stajı müəyyən edilir: -xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Lalvar” sovet təsərrüfatı zavodunda işçi (02 il 04 ay 09 gün); -xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ciil tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət (02 il 01 ay 08 gün); -xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Lalvar” sovet təsərrüfatı zavodunda işçi (fəhlə); (08 ay 30 gün) -xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ciil tarixədək Yüksək "xxxx" müəssisəsində Yüksək gərginlikli söndürücülərin (kommutasiya aparatları) sazlanması və təmiri sexinə 2-ci dərəcəli paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri (daha sonra 3-5-ci dərəcələr verilmişdir); (18 il 07 ay 10 gün) -xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC "xxxx" MMC (2008-ci ildən "xxxx" ASC adlandırılıb) Elektrik avadanlıqların təmiri və sazlanması sexinin yüksək gərginlikli açarların təmiri və sazlanmasının Bakı sahsinə PQ avadanlıqlarrın təmiri üzrə 5ci dərəcə elektrik çilingəri; (09 ay 19 gün) -xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin idarədə 6-cı dərəcəli elektrik çilingəri; (05 il 04 ay 14 gün, o cümlədən xx.xx.2006-cı ilə qədər 02 il 09 ay 25 gün). İddiaçının əmək kitabçasının qeydləri üzrə iş stajı toplandıqda, onun xx.xx.2006-cı il tarixinə, yəni, «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə minənə qədər onun 27 il 05 ay 13 gün (yəni 25 ildən çox) ümumi sığorta stajı toplanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 24-cü fəslində (hissəsində) aşağıdakılar nəzərədə tutulur: - «a» (fəhlələr) bəndinin 25-ci yarımbəndinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; 36-cı yarımbəndinə əsasən, eyni zamanda, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan); - «b» (rəbər və mütəxəssislər) bəndinin 4-cü yarımbəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) - xüsusilə ağır iş şəraiti olan peşələrə aid edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.” Dəlilinə münasibətdə bildirir ki, iddiaçının əmək kitabçasının sadalanan qeydlərinə əsasən qeyd olunan ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində 37 il, 03 gün iş stajı vardır. Yəni 12 il 6 aydan çox xüsusilə ağır şəraitdə çalışmışdır. Əslində, iddiaçı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajını xx.xx.2006-cı il tarixə qədər topladığını nəzərə alsaq, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qeyd edilən 13-cü maddəsinin «b» bəndinə əsasən - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə yaranır. Belə ki, həmin Siyahının da Xİİİ hissəsinin «a»(fəhlələr) bəndinin «2140000a18455» və «214000a-19834» kodları üzrə yarımbəndlərində iddiaçının çalışdığı, qeyd olunan elektrik çilingəri peşəsi ağır iş şəraitin aid olan peşələr sırasına aid edilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qeyd olunan 13-cü maddəsinə edilən dəyişiklikdən göründüyü kimi, həmin Siyahı üzrə çalışanların pensiya yaş həddi, xx.xx.2000-ci il tarixdən 57 yaş təşkil etmişdir ki, iddiaçının da məhz tələb olunan 25 il sığorta stajı həmin tarixdən sonra tamamlanır. Beləliklə də iddiaçıya, 57 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapır. Belə olan halda cavabdehin onun qeyd olunan yaşından əmək pensiyası təyin edilməsindən imtinası iddiaçının hüquqlarını pozur. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsində isə nəzərədə tutulmuşdur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsində əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan, İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar