Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1937/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) «ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7761/2021 nömrəli 19 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən adına verilmiş 103431 ******* nömrəli, 27 iyun 2002-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-7761/2021 nömrəli 19 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş 103431 ******* nömrəli, 27 iyun 2002-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə öz qərarını əsaslandırarkən, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 19-cu maddəsinə də istinad etmişdir ki, həmin maddədə ali məktəblərdə kadr hazırlığının əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilməsi öz əksini tapmışdı. Sözügedən müddəaya əsasən müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilərdi. Lakin iddiaçının təqdim etdiyi ali təhsil haqqında sənədi nəzərdən keçirərkən də məlum olur ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən İddiaçı bakalavr diplomu deyil, məhs mütəxəssis diplomu təqdim edilmişdir. Belə ki, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Halbuki Rusiya Federasiyasının qanunvericiliyinə əsasən mütəxəssis diplomu əsasında müvafiq kvalifikasiya əldə etmiş şəxslərlə bakalavr diplomu əsasında müvafiq kvalifikasiya əldə etmiş şəxslərin fərqli akademik və peşə hüquqlarına sahib olması xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 19-cu maddəsində göstərilən əsasların İddiaçı işi üzrə hallara tətbiq edilməsinin doğru olmadığını təsdiq edir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə əlaqədar gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1015/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7761/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı onun “eksternat” təhsilalma forması üzrə təhsil almasının müəyyən edilməsi, Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin nəzərdə tutulmadığı, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini əsas tutularaq, aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş 103431 ******* nömrəli, 27 iyun 2002-ci il tarixli diplomun dublikatının azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyanı müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. Diplom Moskva şəhər Təhsil və Elm Departamenti tərəfindən xx.xx.2020-ci ildə 544776 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı 2000-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 2001-2002-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır. (tarix xx.xx.2002, giriş Rusiya). İş materiallarında olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həmin Akademiyada həqiqətən də təhsil almış, Dövlət İmtahan Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyasında təhsil almış və həmin Universitet tərəfindən onun adına verilmiş diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun “eksternat” təhsilalma forması üzrə təhsil almasını, Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin nəzərdə tutulmamasını əsas gətirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.39-cu maddəsinə əsasən sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır. 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0-cu maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 156 nömrəli Fərmanının 1.3cü bəndinə əsasən üç ay müddətində həmin Qanunun 6.3-cü və 29.0.12-ci maddələrində nəzərdə tutulmuş qüvvədə olma müddəti müəyyən edilməklə təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını təsdiq etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 8.9-cu bəndinə əsasən əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın (xx.xx.2023-cü ilədək qüvvədə olmuşdur): 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Yuxarıda sadalanan normalardan görünür ki, qanunverici eksternat təhsili müstəqil təhsilalma forması kimi qəbul edir, təhsilalanın həmin təhsilalma formasını seçmək hüquq qanunla tanınır. Məhkəmə kollegiyası qeyd edir ki, ali təhsil pilləsi üzrə təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və eksternat təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı olaraq yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Cavabdehin «Təhsil haqqında» Qanunun 1.0.39-cu yarımbəndinə istinadən sərbəst (eksternat) təhsil formasının ümumi təhsilə aid olması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qanun xx.xx.2009-cu il tarixdə qüvvəyə minmişdir və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma forması ali təhsilə aid edilmişdir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndindən də görünür ki, ali təhsil pilləsində müəyyən edilmiş təhsilalma formalarından biri də eksternat təhsilalma formasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, eksternat təhsildə auditoriya saatlarına dair normativlər mövcud olmasa da, bu təhsilalma formasında imtahanların əyani formada verilməsi nəzərdə tutulur. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının təhsil aldığı ölkənin qanunvericiliyində və ya təhsil aldığı müəssisənin həmin təhsil formasına aid qaydalarında eksternat təhsialma formasında imtahanların hansı qaydada verilməsi araşdırılmamış, cavabdehin qeyd edilən dəlilinin təsdiq olunduğu halda iddiaçının həmin dövr ərzində Rusiya Federasiyasında olubolmadığı araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişinə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı 2000-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsinin texniki cəhətdən imkanları xaricində olması, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 2001-2002-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasından girişi barədə məlumatın qeydə alındığı bildirilmişdir (tarix xx.xx.2002, giriş Rusiya). Göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə Rusiya Federasiyasında olmuş, təhsil müddəti bitdikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Həmçinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı həmin Akademiyada həqiqətən də təhsil alması, Dövlət İmtahan Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə ona hüquqşünas ixtisasının verilməsi Akademiya tərəfindən təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş diplom mütəxəssis diplomudur və həmin diplom üzrə iddiaçıya hüquqşünas ixtisası üzrə mütəxəssis dərəcəsi verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə zamanı verdiyi izahatında iddiaçıya verilmiş mütəxəssis diplomunun magistratura təhsil səviyyəsinə bərabər tutulduğunu qeyd etmişdir (iş mat. səh.75). Eyni zamanda iş materiallarına əlavə edilmiş 2018-ci il tarixli 015925 və 015344 nömrəli şəhadətnamələrin surətlərindən görünür ki, X4 Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası tərəfindən verilmiş 103418 ******* nömrəli xx.xx.2003-cü il tarixli mütəxssis diplomu (“Hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas ixtisas dərəcəsi) Azərbaycan Respublikasında tanınmışdır və Azərbaycan Respublikasında hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyi müəyyən edilmişdir. Bu da onu göstərir ki, mütəxəssis diplomu üzrə hüquqşünas ixtisas dərəcəsinin Azərbaycan Respublikasında hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma bərabərliyi cavabdeh inzibati orqan tərəfindən tanınmışdır. Göründüyü kimi, bakalavr təhsil səviyyəsini bitirən şəxslərdən fərqli olaraq, qeyd olunan mütəxəssis dərəcəsi almış şəxslərin təhsili magistratura təhsil səviyyəsinə bərabər tutulur və onların təhsillərini magistratura səviyyəsində davam etdirmələrinə ehtiyac olmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə əsasən müvafiq mənfi rəyin verilməsi üçün həmin Qaydalarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcud olması da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7761/2021 nömrəli 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1937/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1937/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver