Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1938/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5973/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-68/3 nömrəli xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi; cavabdeh AR DMX-nin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvlərinə (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü Ansari Aliullah) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, ərizəçi Əfqanıstan vətəndaşıdır və Bamiyan vilayətinin Qəzni şəhərində anadan olmuşdur. O, dini etiqadına görə müsəlman, etnik olaraq şiə hazəradır. Ərizəçi təhsil almamış, dərziliyi bacarmışdır. Ərizəçi Kabildə yaşayarkən evlərdə təmizlik işləri aparıb. Ərizəçi subaydır, 4 qardaşı və 2 bacısı vardır. Qəzni şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi Qəzni müharibəsi (09-xx xxxxxx 2018-ci il) zamanı qardaşları ilə Ali Sina və Aliullah ilə birlikdə evdən çıxmış, qayıdan zaman döyüşün başlaması və evə gedən yolların bağlaması səbəbindən evə qayıda bilməmiş, taksi ilə Bamyana tərəf getmiş, Bamyanda qaldıqdan sonra Kabilə getmişdir. Ərizəçi Kabildə ailəsini axtarmağa cəhd etmişdir. Bu məqsədlə Kabil Qəzni marşrutu ilə fəaliyyət göstərən sürücülər vasitəsi ilə ailəsindən məlumat almağa çalışmış, lakin ərizəçinin cəhdləri nəticəsiz olmuşdur. X1 ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi ilə iş tapmış, evlərdə təmizlik işləri ilə məşğul olmuş, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağı ərizəçiyə çətin olmuş, buna görə də, Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanıstanı tərk etmiş, 1 ay Özbəkistanda qaldıqdan sonra xx.xx.2019-cu il tarixində qardaşları ilə birlikdə Azərbaycana gəlmişdir. xx xxxxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 09-2020- saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxx 2020-ci ildə DMX İQ-68/3 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin söylədikləri mötəbər deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 164 saylı xx.xx.2020-ci il qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5973/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5973/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MS-429-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1998-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvləri (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü Ansari Aliullah (mətnə uyğun)) qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 09- 2020 saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. - 09-2020 №-li Qaçqın statusunun verilməsi haqqında Vəsatətə (ərizə-anket) əsasən X2 (pasportda qeyd edilməyib) Ansari xx.xx.1998-ci il tarixdə ƏİR, Qəzni, şəhəri, Heydərabad küçəsi (pasportda: Bamyan) anadan olmuşdur.X3 (təxminən 14 yaşında) və Əli Ullah (təxminən 11 yaşında) (mətnə uyğun) Razində onunla birlikdə yaşayırlar, Vətəndaşlığı olduğu ölkədə sonuncu yaşayış yeri (ünvanı) – Kabil şəhəri, Əfşare Silo, 15ci nahiyyə, Sərəmyaş küçəsi, Xədicə-kobra məscididir, o, Azərbaycana gəlməzdən əvvəl kirayə ev tutmuş, gah bu məsciddə , gah da Arifə adlı tanışının evində, onun evi Bəlxi ziyarətgahının yaxınlığında idi. Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi? Sualına cavab olaraq – Küçədəki avara oğlanların onu təhdid etdiyini, onlardan şikayət etmək istədiyini, lakin qardaşlarına görə qorxduğu üçün şikayət etmədiyini, Qəzniyə qayıda bilmədiyini, müharibə olduğunu, Kabildə evinin olmadığını, yanına gedəciyi heç kimin olmadığını, təhsil almadığını, “sizin söhbətinizdən savadsıza bənzəmirsiniz, əllərinizdən isə kobud işlə məşğul olana bənzəmirsiniz, lakin deyirsiniz ki, savadsızsınız qulluqçu olmusunuz, bunu necə izah edə bilərsiniz?” sualına cavab olaraq, onu Arifənin biraz dəyişdiyini, görkəminin də dəyişdiyini bildirdi. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-68/3 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 164 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, DMX İQ-68/3 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 09-2020 nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan qeydiyyatı və müsahibəsi zamanı müəyyən еdilmişdir ki, Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman olduğunu, təhsil almadığını, dərziliyi bacardığını, Kabildə yaşayarkən evlərdə təmizlik işləri ilə məşğul olduğunu, 4 qardaşı, 2 bacısı olduğunu, Qəzni şəhərində ailə üzvləri ilə birlikdə yaşadığını, Qəzni müharibəsi zamanı qardaşları Ali Sina və Aliullah ilə birlikdə evdən çıxdıqlarını, döyüşün başlaması və evə gedən yolun bağlı olması səbəbilə evə qayıda bilmədiklərini, taksi ilə Bamyana tərəf getdiklərini, Bamyanda qohumlarını axtardıqlarını, lakin tapa bilmədiklərini, 1 həftə Bamyanda qaldıqdan sonra Kabilə getdiklərini, Kabildə ailəsini tapmağa cəhd etdiyini, bu məqsədlə Kabil Qəzni marşrutu ilə fəaliyyət göstərən sürüclər vasitəsilə ailəsindən məlumat almağa çalışdığını, lakin bu cəhdinin nəticəsiz qaldığını, Kabildə Bəlxi ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi iş tapdığını, evlərdə təmizlik işləri ilə məşğul olduğunu, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağın ona çətin olduğunu, buna görə də Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanıstanı tərk etdiyini 1 ay Özbəkistanda qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə qardaşları ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının 1 ildən çox müddətdə Kabildə yaşadığı, Qəznidə döyüşlərin başa çatmasını, Kabil-Qəzni yolunda hərəkətin bərpa olunmasına baxmayaraq Qəzniyə getmədiyini, digər ailə üzvlərini axtarmadığı məlum olmuşdur, bu isə onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5973/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5973/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1938/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1938/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver