Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1938/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 11.413,97 manat pensiya məbləğinin Mərkəzi Filialın hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X2 departamenti tərəfindən lakin pensiya təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılarkən müəyyən olunmuşdur ki, vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.1993 - xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “Neftqaztikinti” trestində qazanxana qurğusunun maşinisti vəzifəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm ümumi peşələr bölməsinin (35) qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən X2 departamenti tərəfindən ona xx.xx.2015-30.11 2020-ci il tarixləri arasındakı dövr ərzində iddaçıya ümumilikdə 11413,97 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və Fond tərəfindən həmin pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya mərhələsində məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin qərarı qanuna zidd və əsassızdır. Belə ki, AR ƏƏSMN DSMF-nin Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya güzəştli stajı olmadığı halda, Nizami rayon şöbəsi tərəfindən 57 yaşınının tamam olduğu xx.xx.2015-ci il tarixdən pensiya təyin edilmiş cavabdehə həmin tarixdən 30.11 2020-ci il tarixə qədər ona əsassız olaraq ümumilikdə 11413,97 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdehdən həmin pulun büdcəyə qaytarılması Fond tərəfindən Filiala tapşırılmışdır. Bununla əlaqədar Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinə müvafiq olaraq pensiya ödənişi dayandırılmış və cavabdehdən həmin pulun Filialın hesabına ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh M.Şərifova məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə kolleciyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından isə görünür ki, birincisi, iddiaçıya xx.xx.2015-ci il tarixdə pensiya təyinatı aparılması barədə DSMF-nin Nizami rayon şöbəsinin qərarı ləğv olunmamış, qüvvəsindədir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehin əmək pensiyasının onun iştirakı təmin olunmadan yoxlanılaraq xx.xx.2015-30.11 2020-ci illərdə ona ödənilən əmək pensiyasının araşdırılma aparılmaqla, 11.413,97 manat artıq pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi və bu əsasla pensiya ödənişinin dayandırılması barədə 18.02 2021-ci il tarixli qərar qəbul edilməsi və həmin pulun Filialın hesabına ödənilməsi bixəbər cavabdehdən tələb olunması – bütün bu prosedurlar inzibati icraat haqqında hüquq normalarına zidd qaydada həyata keçirilmişdir. Çünki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Göründüyü kimi,iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə isə iddiaçı tərəfindən riayət olunmamışdır. İşin mahiyyətinə gəldikdə, konkret halda, cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tutulumasının tələb olunması da qanunvericiliyə uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Konkret halda da məhz, cavabdeh, etimad göstərdiyi qərara əsasında 2015- 2020ci illər üzrə ödənilmiş pensiya məbləğlərini xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı məqamda iddia olunan artıq ödənilmiş pul vəsaitini qaytarmaq iqtidarında ola bilmədiyi vəziyyətində iddiaçı tərəfindən ondan artıq ödənilmiş həmin vəsaitin qaytarılmasının tələb olunması Qanunun qeyd olunan tələbləri baxımından tamamilə qanunsuzdur. Ən azından, sözügedən Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçının iddia ərizəsində isə cavabdehin Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, iddia ərizəsinə və apellyasiya şikayətinə və iş üzrə digər sənədlərə əsasən cavabdeh tərəfindən tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinə dair heç bir mübahisələndirilmə də mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Beləliklə də, iddiaçı tərəfindən cavabdehdən artıq ödənilmiş pensiya vəsaitinin tutulmasını tələb olunmasının qanunsuz və əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, iddiaçı o halda öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər ki, bu qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə ödədiyi pulları ondan tutmaq, sonuncunun isə həmin pulu birinciyə qaytarmaq kimi qanunla üzərinə düşən öhdəliyin mövcudluğu şərtləri öz təsdiqini tapmır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanuna zidd və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1938/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1938/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver