Məhkəmə qərarları › İş №2-1(103)-1938/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1938/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1938/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı “ilkin qeydiyyatın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X12 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 2 ünvanında bir mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları həmin ünvandan orta məktəbə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı üçüncü şəxs X12 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətləri pozulmuş, evə gəlməmiş, yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Yaxınlarda onlara məlum olmuşdur ki, X12 1993- cü ildən həmin ünvana qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ərizəsində Z.Səfərova qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddət məhz Çəmənzəmənli 106 v ünvanında yaşayır, həmçinin cavabdeh idarə tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanaraq Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b ünvanının X1 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında həmin məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarla X6 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün Z.Səfərovaya göndərilmişdir. Belə olan halda, mübahisəli ev necə sonuncunun adına ilkin qeydiyyatdan keçə bilərdi. Göründüyü kimi, onun adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən Z.Səfərovadan mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir Beləliklə də iddiaçılar hesab edirlər ki, mübahisələndirilən fərdi yaşayış evinə dair üçüncü şəxsin adına verilmiş ilkin qeydiyyat ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: F.Mədətli) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli, “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y. Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin - Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Beləliklə, Z.Səfərovanın ünvan 3 ünvana dair hüquqlarınilkin qeydiyyatının əsasını qanun pozuntusuna yol verilməklə dəyişiklik edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qərarı təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir. Qərardan narazı qalan üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbinin əsası kimi istinad olunan hal, yəni başqa bir şəxsin mülkiyyətində olan mənzildə bir neçə illər yaşamaq onlara üçüncü şəxsin həmin mənzilə mülkiyyət sənədlərinin mübahisələndirilməsinə hüquq vermir. Ümumiyyətlə, sözügedən mənzilə dair iddiaçılar heç bir subyektiv hüquqa malik deyillər. Məhkəmə tərəfindən hər bir halda, iddiaçıların subyektiv hüquqa malik olmaları araşıdırılmalı idi. Qanunvericiliyin tələbinə görə məhkəmə prosesində yalnız elə faktlara və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımından əhəmiyyət kəsb etsinlər. Məhkəmənin qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, ən əsası maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1944/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarının ləğv olunması və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması və yekun qərar qəbul edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-133/22 saylı 18 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1944/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-133/22 nömrəli qərarındakı göstərişlər: - iddiaçıların mübahisəli mülkə dair hüquqları həmin mülkə sahiblik və ondan istifadə faktına əsaslanmaqla, sözügedən mülkdə hər hansı etiraz olmadan uzun müddət yaşamaqla yanaşı, kimsənin etirazı olmadan, qarşılıqlı razılıq əsasında köçməsi və əlavə tikililər inşa etmələri də nəzərə alındıqda, ümumilikdə mülkə dair sahiblik və ondan istifadənin qanunsuz olmaması; - iddiaçıların Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarını deyil, düzəliş edilmiş həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvini tələb etdikləri, yəni öhdəliyin icrası haqqında iddia irəli sürüldüyü üçün iddia müddətinin ötürülmüş hesab edilməsinin əsassız olması. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarının ləğv olunması və iddianın təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçılar kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 275/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1336/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdilər. Əlavə olaraq üçüncü şəxsin nümayəndəsi-vəkili öz izahatında bildirdi ki, Səfərova Ziba mənzili pul verib almışdır və iddiaçılar onun razılığı ilə həmin mənzildə yaşamağa başlamışlar. Həmin evə dair qeydiyyat vəsiqəsi vardır və mülkiyyət hüququ tanınmışdır. Həmin evdə kommunal xidmətlərin hamısı Səfərova Zibanın adına olmuşdur. Yəni, iddiaçılar həmin mənzilin çıxarışlı mənzil olduğunu bilirdilər. Sənədlərlə bağlı isə onu bildirir ki, sənədlər hamısı rəsmi sənədlər olmuşdur, tərəflərindən sənədlərə hər hansı müdaxilə edilməmişdir. Nərimanov rayon XDS İcraiyyə Komitəsinin 16/279 saylı, 13 sentyabr 1991-ci il tarixli qərarında mövcud düzəliş rəsmi olmuşdur və düzəliş olan hissədə imza və möhür vurulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razı olduğunu, inzibati orqan olaraq təqdim edilən sənədlər əsasında qeydiyyatın aparıldığını qeyd edərək, mübahisənin həllinin məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, üçüncü şəxsin adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən Z.Səfərovadan mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 275/2023 nömrəli qərarındakı göstərişlər: - Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin X4 mülkiyyətində olmasına dair sənədlərlə və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlərlə bağlı işin hallarını hərtərəfli araşdırılması. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. - 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin hallarından görünür ki, hazırkı iş üzrə iddiaçının tələbi Daşınmaz Əmlakın Dövlət Reyestrində üçüncü şəxs X4 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi ilə bağlıdır və iddiaçılar 1988-ci ildən ünvan 2 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin alındığını və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarını, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyini və poliklinikalarda qeydiyyata alındıqlarını, üçüncü şəxs (İddiaçı3 bacısı) Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı qərarına saxta düzəlişlə həmin evə dair cavabdeh tərəfindən dövlət qeydiyyatı aparıldığını göstərərək, üçüncü şəxsin adına olan qeydini mübahisələndirirlər. İş materiallarında olan: - Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarından görünür ki, X6 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 04 noyabr 2020-ci il tarixli 853 saylı məktub əsasında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarının İ bəndindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 18 mart 1993-cü il tarixli 30/3311 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli ev X4 xüsusi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli **********53 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b saylı fərdi yaşayış evi 18 avqust 1993-cü il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanıldığı bildirilmişdir. - Nərimanov rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 07 dekabr 2019-cu il tarixli 35/1083 saylı Arayışdan görünür ki, X12 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b saylı mənzildə qeydiyyatdadır. Kup №22, 30/3311 saylı xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ev onun adına qeydiyyatdadır. 51 saylı Notariat ofisinin verdiyi akta əsasən sözügedən ünvanda İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 №li Uşaq Poliklinikası tərəfindən verilən 29 noyabr 2019-cu il tarixli 232 №li Tibbi arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı3 Pərviz qızı, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b ünvanından 14 №li uşaq poliklinikasına qeydiyyata götürülmüşlər. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğularına əsasən təqdim olunmuş: - Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında mühafizə olunan arxiv sənədlərində hər hansı düzəlişlərin aparılması səlahiyyətləri daxilində deyildir. Həmçinin qeyd olunan qərarda heç bir düzəlişlər olmamışdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 100 b saylı fərdi yaşayış evinin 18 avqust 1993-cü il tarixdə X4 adına ilkin qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni ki, vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Lakin Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin Qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, Qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Həmçinin. məhkəmə araşdırmaları zamanı Z.M.Səfərovaya verilmiş vəkalətnamə aşkar edilməmiş, 3cü şəxs də təkrar apellyasiya baxışı zamanı vəkalətnamənin onda olmadığını bildirmiş, həmçinin, qərarın əslinin cavabdeh inzibati orqana təhvil verildiyini qeyd etmişdir. Göründüyü kimi, mübahisələndirilən ilkin qeydiyyat inzibati akt əsasında aparılmışdır. Həmin inzibati akta münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən inzibati akt qanunsuz inzibati akt olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən aparılan ilkin qeydiyyat inzibati icraat haqqında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, eyni zamanda, Z.Səfərovanın ünvan 3 ünvana dair hüquqlarının ilkin qeydiyyatınn əsasını qanun pozutusuna yol verilməklə dəyişiklik edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qərarı təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar