Məhkəmə qərarları › İş №2-1(103)-1938/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1938/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1938/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı «qərarların ləğv edilməsi» barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 945/2023 saylı, 22 noyabr 2023- cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı «qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanda 0,17906 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 1.614,7 kv.m olan daşınmaz əmlak İddiaçı mülkiyyətindədir və onun həmin əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reuestrində qeydiyyata alınması (3 may 2011-ci il tarixdə) barədə MA seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlakın yerləşdiyi 0,17906 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi və iddiaçı arasında 21 oktyabr 2011-ci il tarixdə 1434 nömrəli, daha sonra isə 28 mart 2017-ci il tarixdə 216/1484 nömrəli icarə müqavilələri bağlanmışdır. İddiaçı icarə müqaviləsinin şərtlərinə uyğun məbləğdə və vaxtda icarə haqqını dövlət büdcəsinə ödəmiş və onun müqavilə üzrə hər hansı məbləğdə borcu yoxdur. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol y/s, Böyük Şor küçəsində istifadədə olan 0,0614 ha torpaq sahəsində yerləşən 15G nömrəli binada 560 kv.m ümumi, 446.1 kv.m əsas, 113.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (A və B tikililəri) da tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin əmlak üzərində onun mülkiyyət hüququnun 10 may 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması barədə MH seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşur ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi onun barəsində 13/07 nömrəli 23 aprel 2021-ci il tarixli və 25/17 nömrəli 27 may 2021-ci il tarixli qərarlar qəbul edilmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsinin 13/07 nömrəli 23 aprel 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla ünvan 2 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 7.926,46 manat məbləğində borcun bələdiyyə büdcəsinə ödənilməsinə iddiaçının məcbur edilməsi qərara alınmışdır. Eləcə də, M.Ə.Rəsulzadə Bələdiyyəsi 25/17 nömrəli 27 may 2021-ci il tarixli qərarından isə məlum olur ki, həmin qərarla ünvan 3 ünvanında yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 1.612,80 manat məbləğində borcun bələdiyyə büdcəsinə ödənilməsinə onun məcbur edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin qəbul etdiyi hər iki qərar məhkəmə qaydasında ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, İPMnin 2, 14, 32, 45, 46-cı maddələrini, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222 – 225-ci maddələrini rəhbər tutaraq, məhkəmədən cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ünvan 2 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 7.926,46 manat məbləğində borcun ödənilməsi barədə 13/07 nömrəli 23 aprel 2021-ci il tarixli qərarı və ünvan 4 ünvanında yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 1.612,80 manat məbləğində borcun ödənilməsi barədə 25/17 nömrəli 27 may 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1 və 205-ci maddələrinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin rezident və qeyrirezident fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 200.1, 200.6 və 208.1, 208.6-cı maddələrinə uyğun olaraq torpaq və əmlak vergisi daşınmaz əmlak barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi yerli bələdiyyə büdcəsinə ödənilir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin”dən MA seriyalı, ******* nömrəli, 3 may 2011-ci il tarixli çıxarışa əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 10E ünvanında vətəndaş İddiaçı mülkiyyət hüququ əsasında məxsus 1.614,7 kv.m sahəsi olan qeyriyaşayış binasına, istifadə hüququ əsasında məxsus olan 0,17906 ha torpaq sahəsinə görə bələdiyyənin vergilər şöbəsində onun adına yerli vergi ödəyici kodu (YVÖK) açılaraq hesablamalar aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3cü maddəsinin tələbinə uyğun olaraq MA seriyalı ******* nömrəli reyestrdən çıxarışda göstərilən ölçülərə uyğun olaraq aparılmış hesablamalara görə 2020-ci ilin sonunadək yaranmış əmlak, torpaq vergisi üzrə borc məbləği onun tərəfindən M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-945/2023 saylı, 22 noyabr 2023- cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ünvan 2 ünvanda yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 7.926,46 manat məbləğində borcun ödənilməsi barədə 13/07 nömrəli 23 aprel 2021-ci il tarixli qərarı və ünvan 4 ünvanında yerləşən əmlaka və torpaq sahəsinə görə yaranmış 1.612,80 manat məbləğində borcun ödənilməsi barədə 25/17 nömrəli 27 may 2021-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-945/2023 saylı, 22 noyabr 2023- cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “ünvan 5 ünvanında və ünvan 6da yerləşən İddiaçı məxsus əmlak və torpaq sahəsinə görə ödənilməmiş borcun ödənilməsi barədə qərarlar qəbul etmişdir. Həmin əmlaklar iddiaçının mülkiyyətində olsa da, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlaklara münasibətdə əmlak və torpaq vergisinin ödənilməsinin zəruriliyi ilə bağlı qərar qəbul etmiş, lakin prosessual qənaət prinsipi baxımından inzibati aktlar inzibati icraat qaydalarına riayət olunmadan qəbul edilmişdirlər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. - 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. - 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kv.m-ə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. - 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. - 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. - 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1- ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində “sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı” torpaq sahələrinə münasibətdə vergi dərəcəsi hər 100 kv.m-ə görə (sahəsi 10.000 kv.m-dək olduqda) 10 manat tətbiq olunur. - 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. «Bələdiyyələtin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: (3.1.1) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; (3.1.2) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (3.1.3) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İlk növbədə qeyd edilməlidir ki, əmlak vergisi – siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar Vergi Məcəlləsinin Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən M.Ə.Rəsulzadə Bələdiyyəsinin 13/07 nömrəli 23 aprel 2021-ci il tarixli və 25/17 nömrəli 27 may 2021-ci il tarixli qərarları yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. «İnzibati icraat haqqında» Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçıya əmlak və torpaq vergisi hesablamazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd edilməlidir ki, «Bələdiyyələrin statusu haqqında» Qanunun 16-cı maddəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən isə, iddiaçının bələdiyyə iclasının vaxtı və yeri barədə məlumatlandırılması, bələdiyyə iclasına dəvət olunması barədə məlumat müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə mübahisələndirilən inzibati aktların bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Beləliklə cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan əmlaklara görə əmlak və torpaq vergisinin tutulması haqqında qərarlar qəbul etsə də, həmin qərarlar «İnzibati icraat haqqında» Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, bu hal inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmadığına dəlalət edir. Həmçinin qəbul edilmiş qərarların mətnində iddiaçıya tədiyyə bildirişlərinin göndərilməsinə baxmayaraq onun vergi borcunun bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayındığı qeyd olunsa da, tədiyyə bildirişlərinin iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-945/2023 saylı, 22 noyabr 2023- cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-945/2023 saylı, 22 noyabr 2023- cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar