Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1939/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin mütəxəssis nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pul vəsaitinin geri qaytarılması və pulun tutulmasının qadağan edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında dəqiqləşdirilmiş iddia ərizəsində ondan pulun tələb edilməsi qanunsuz hesab edilməklə, 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının cavabdehə həvalə edilməsi və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İş vərəqi 123.) İşin faktiki hallarına görə: xx.xx.2007-ci il tarixdən sabiq deputat kimiəmək pensiyası təyin edilmiş, həmçinin, cavabdeh tərəfindən müəyyən olunmuşdur ki, hərbi qulluqçu kimi də onun əmək pensiyası aldığı, ümumilikdə ona xx.xx.2017-ci ilə qədər 58120,82 manat məbləğində artıq pensiya ödənişi edildiyi aşkar olunmuşdur. Həmin məbləğdən xx.xx.2017-ci il - xx.xx.2021-ci illər üzrə hissə-hissə ümumilikdə 36112, 38 manat iddiaçıdan tutulmuş, qalan məbləğ 22008,44 manat təşkil edir. İddiaçı ondan artıq ödəniş əsası ilə ondan pulun tutulmasının qanunsuz hesab edərək bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən 18 mart 2021-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı etirazında və artıq ödəmə barədə məktubunda iddiaçının qanunsuz olaraq sabiq deputat, həm də hərbi qulluqçu kimi iki əmək pensiyası aldığını mübahisələndirərək, iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: «Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əlavə pensiya ödənişi əsası ilə ödənilmiş 58120,82 manat pul məbləğinin İddiaçı geri tələb edilməsi qanunsuz hesab edilsin. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı tutulmuş 36112,38 manat məbləğində pul vəsaitinin İddiaçı geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əlavə əmək pensiya ödənişi əsası ilə ödənilmiş, lakin tutulmamış qalıq 22008,44 manat pul vəsaitinin tutulması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin.» Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı 11 fevral 2021 -ci il və 18 fevral 2021-ci il tarixlərində iddia tələbinə müvafiq eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 23 yanvar 2007-ci il tarixindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixindən onun əmək pensiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Bildirilir ki,iddiaçı 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 2007-ci il tarixindən 01 dekabr 2013-cü il tarixinədək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-1(112)-262/2020 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial haqqında 23 iyul 2020-ci il **********1 nömrəli Əsasnaməyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi, ödənilməsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olduğundan Fondun Səbail rayon şöbəsi əsl cavabdeh ilə əvəz olunmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2-1(103)- 1346/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1(102)-1013/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2-1(103)-1346/2020 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Eyni zamanda bildiririlir ki, iddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazirki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona 58120,82 manat artıq pensiya ödənilmişdir. Həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasından tutulmuş, qalıq 22008,44 manat təşkil etmişdir…» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1553/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3/2023 saylı xx.xx.2023-cüil tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti şismən təmin edilmiş, apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilərək iş təkrar baxılması üçün göndərilmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclaslarında iştirak edən mütəxəssis nümayəndəsi T.Qasımlı iddiaçının əmək pensiyası haqqında yazılı izahatını (arayışları) və onun pensiya işini baxış keçirilmsi üçün məhkəməyə təqdim edərək, iddiaçıya xx.xx.2007-xx.xx.2017-ci illərdə 58120,82 manat məbləğində artıq pensiya aldığı və həmin məbləğin yalnız 36112,38 manat hissəsinin xx.xx.2017-xx.xx.2021-ci ilərdə hissə-hissə tutulduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir (İddiaçının pensiya işinə iş materialları illə müqayisədə baxış keçirilərək cavabdehin nümayəndəsinə qaytarılmışdır). Cavabdehin nümayəndəsi Vəkil1 isə onunla razılaşmamış, apellyasiya şikayətinə yazılı etirazını təqdim edərək işdə olan sənədlərdə xx.xx.2007-xx.xx.2017 dövrü üzrə artıq ödənişin 56525,10 manat təşkil etdiyini və həmin pulun da ondan tutulduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını, Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alınmaqla, təkrar araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn hüquqi mövqeyi isə aşağıdakılardan ibarətdir: «44…apellyasiya məhkəməsi tərəfindən artıq ödəmənin məbləğinin hansı icraat çərçivəsində və hansı qaydada hesablandığı, 36112,38 manat məbləğində artıq ödəmə ilə bağlı pensiya məbləğinin tutulması zamanı cavabdehin yuxarıda istinad olunan normada nəzərdə tutulmuş və bu qərarın 43-cü bəndində qeyd olunmuş həmin qaydaya əməl edib-etmədiyi və bunlarla bağlı cavabdehin davranışının qanuni əsasları araşdırılmamışdır. 45.Apellyasiya məhkəməsi iddiaçıya eyni zamanda iki əmək pensiyasının ödənilməsinin sadəcə iddiaçının təqsirli davranışına bağlı olduğunu deyil, eləcə də, inzibati orqanın təqsirli davranışına bağlı olduğunu, hər iki pensiyanın onun səhvi nəticəsində təyin olunduğunu və hazırkı iş üzrə pensiya məbləğinin artıq ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqlarını nəzərə almamışdır.
46. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir…» Beləliklə də, Ali Məhkəmənin qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, işin təkrar apellyasiya mərhələsində müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı, ona 2007-ci ildən həm sabiq deputat kimi, həm də hərbi qulluqçu kimi pensiya ödənildiyi, yəni, iki pensiya aldığını bilmişdir. Eyni zamanda, cavabdeh pensiya təyinedicisi də bilmiş və ya bilməli idi ki, iddiaçıya iki pensiya təyin etmiş və illər boyu hər iki pensiyanı ödəmişdir. Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 5.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Konkret halda, iddiaçının qeyri-dövlət pensiyası mövcud olmamış, qeyd olunanlardan göründüyü kimi, iddiaçıya ödənilən hər iki pensiya dövlət pensiyasıdır. Belə olan halda, hər iki tərəf qanun qarşısında müştərək qaydada məsluiyyət daşımalıdır. Ən azından ona görə ki, iddiaçıya münasbətdə «Əmək pensiyaları haqqında» Qanunun 38.1-ci maddəsi nəzərdə tutur ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Cavabdehə münasibətdə isə həmin Qanunun 37.8.3-cü maddəsinin tələbinə görə bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılır (Həmin vaxt qüvvədə olan Qanunun 39.1-ci maddəsi nəzərədə tuturdu ki, Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.) Hər iki tərəf isə əmək pensiyaları haqqında qanunvericiliyin qeyd olunan tələblərinə məhəl qoymamış, iddiaçı artıq ödənişdən bəhrələnmiş, cavabdeh bu ödənişlərə göz yummuşdur. Belə olan halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir ( Mülki Məcəllənin 1092.1-ci maddəsi isə nəzərdə tutur ki, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.) Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəməyə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2007-xx.xx.2017-ci illərdə artıq ödənilən pensiya məbəlğinə görə tərəflər yarıbayarı məsuliyyət daşımalıdır. Konkret halda, cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında, arttıq ödəməyə dair məktubunda və hazırkı apellyasiya şikayətində mübahisələndirir ki, xx.xx.2007-xx.xx.2017-ci il tarixə kimi iddiaçıya 58180,82 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin işə əlavə olunmuş pensiya işinə dair sənədlərin surətlərə, o cümlədən artıq ödənilən pul vəsaitinə dair qrafik şəklində aylar üzrə hesab cədvəlinə əsasən müəyyən olunur ki, 2007-ci ilin yanvar ayından 2017 -ci ilin oktyabr ayına kimi iddiaçıya 56525,10 manat məbləğində artıq pul ödənilmişdir (İş vərəqi 94). Belə olan halda, tərəflərin hər birinin qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə müəyyən olunan məsuliyyəti, yarıbayarı bölünməli və hər kəsin payına düşən məsuliyyətin miqdarı 28262,55 manat məbləğində müəyyən olunmalıdır. Qeyd olunmalıdır ki, işə əlavə olunmuş iddiaçının pensiya işinə dair sənədlərdən çıxarışlarda mübahisələndirilən xx.xx.2007-xx.xx.2017 dövr üzrə artıq ödənişin 58180,82 manat məbləğində olmasını təsdiq edən hər hanı bir mötəbər sənəd-sübut aşkar edilmir. Hazırkı mərəhələdə də məhkəməyə belə bir sənəd-sübut təqdim olunmamışdır. İşdən, o cümlədən, 96-ci vərəqində olan artıq ödənilmiş pul məbəlğinin tutulması barədə cədvəl göstəricilərindən isə görünür ki, xx.xx.2017-ci il - xx.xx.2021-ci illər üzrə iddiaçıya edilən 56525,10 manat artıq ödənişdən hissə-hissə, ümumilikdə, 36112,38 manat pul məbləği onun pensiyasından tutulmuşdur. Bundan əlavə, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi, iddiaçının əmək pensiyası haqqında arayışdan aydın olur ki, deputatların əmək haqlarının artırılması ilə əlaqədar iddiaçının deputat pensiyası yenidən hesablanaraq 4628,25 manatdan 7029 manata çtdırılmış, xx.xx.2022-xx.xx.2022 dövrü üzrə ona hesablanmış və ödənilməli olan 7202,25 manat fərq məbləği artıq ödənişin qalıq məbləği ilə əvəzləşdirilmişdir. Həmin məbləğ, iddiaçıdan tutulmuş 36112,38 manat pul məbləği ilə toplandıqda, cəmi, ondan 43314,63 manat məbləğində pul vəsaiti tutulmuş olur. Belə olan halda da, artıq ödəniş şəkilində, onun əsassız varlanma kimi məsuliyyət payına düşən, yuxarıda qeyd olunan 28262,55 manat pul məbləğindən 15052,80 manat pulun ondan tutulması qanunsuzdur, həmin məbləğ ona qaytarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşıraq hesab edir ki, həqiqətən də məhkəmə işdə olan sübutlarla müəyyən olunan hallara qaununvericiliyin tələbləri qaydasında düzgün hüquqi qiymət verməmiş, iddianı tam təmin etməklə, səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı: - mübahisələndirilən «xx.xx.2007-xx.xx.2017» dövrü üzrə iddiaçıya iki pensiyanın ödənilməsindən yaranmış 56525,10 manat məbləğində artıq ödəniş üzrə tərəflərin bərabər məsuliyyəti müəyyən edilməklə, həmin dövr üzrə artıq ödəniş əsası ilə iddiaçının əmək pensiyasından 15052,80 (43314,63-(56525,10:2)) manat məbləğində pulun tutulması qanunsuz hesab edilməli, İddiaçı əmək pensiyasından tutulmuş həmin məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh AR ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, xx.xx.2007-xx.xx.2017 dövrü üzrə artıq ödəniş əsası ilə iddiaçının əmək pensiyasından başqa pul vəsaitinin tutulması cavabdehə qədağan edilməli, iddia qalan hissədə rədd edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 23 yanvar 2023-cü il tarixdən qüvvədə olan birinci cümləsində nəzərədə tutulan «əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulmasının ehtiva olunmasına gəldikdə, AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddəsinin tələbi baxımından, həmin müddəanın iddiaçının vəziyyətini yüngülləşdirən hal kimi geriyə tətbiq olunması mümkünsüzdür. Çünki, «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1-ci cümləsi qanuni qüvvəsini alanadək mübahisələndirilən 2007-2017-ci illər üzrə artıq ödənişlər və geri tutulmalar həyata keçirilmiş, hadisələr artıq bitmişdir ( Eyni zamanda, iddiaçının hazırkı tələblə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən götürüldükdə də həmin dövrə münasibətdə son üç il buraxılmışdır.) Beləliklə də, yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Mübahisələndirilən «xx.xx.2007-xx.xx.2017» dövrü üzrə iki pensiya ödənilməsindən yaranmış 56525,10 manat məbləğində artıq ödəniş üzrə tərəflərin məsuliyyəti bərabər müəyyən edilməklə, həmin dövr üzrə artıq ödəniş əsası ilə iddiaçının əmək pensiyasından 15052,80 manat məbləğində pulun tutulması qanunsuz hesab edilsin. İddiaçı əmək pensiyasından tutulmuş 15052,80 (on beş min əlli iki) manat məbləğində pulun ona geri qaytarılması vəzifəsi cavabdeh AR ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Həmin (xx.xx.2007-xx.xx.2017) dövr üzrə artıq ödəniş əsası ilə iddiaçıdan başqa pul vəsaitinin tutulması cavabdehə qədağan edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.