Məhkəmə qərarları › İş №2-1(103)-194/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-194/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-194/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); x6 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (27.07.1961-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və x9 Nazirliyi yanında Dövlət x12 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “iddiaçının 14 iyun 1983-cü il tarixdən 25 noyabr 1993-cü ilə qədər və 03 iyun 2003-cü ildən 01 yanvar 2006-cı ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona 27.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı 28.08.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və x9 Nazirliyi yanında Dövlət x12 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının 14 iyun 1983-cü il tarixdən 25 noyabr 1993-cü ilə qədər və 03 iyun 2003-cü ildən 18 aprel 2009-cu ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyun 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır və 25 noyabr 1993-cü il tarixə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “x3”ndə xadimə kimi çalışmışdır. 03 iyun 2003-cü ildən 18 aprel 2009-cu il tarixə qədər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləmişdir. Qeyd edir ki, himayəsində “uşaq serebral iflici, spastik tetroplegiya, anortriya, veqetativ damar distrofiya” diaqnozlu, İ dərəcəli əlillik qrupu olan 07.08.2000-ci il təvəllüdlü övladı var. x14-Zəhra Hacıbala qızının 9 yaşından sonra başqa şəxsin qulluğuna ehtiyacı səbəbindən işdən azad olmuşdur və bu günə qədər ona qulluq edir. Onun təqaüd yaşı çatdığı üçün təqaüdə çıxmaq istəyir. Ona görə də 14 iyun 1983-cü ildən 25 noyabr 1993cü il tarixə qədər və 03 iyun 2003-cü ildən 18 aprel 2009-cu il tarixə qədər işləməyini təsdiq edən əmək kitabçasını cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan 16.09.2016-cı il tarixli, 1401-7334 saylı cavab məktubu ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh iddiaçının əmək kitabçasındakı stajları nəzərə almadan onu əsassız olaraq get-gələ salmış və ona pensiya təyin etməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının 14 iyun 1983-cü il tarixdən 25 noyabr 1993-cü ilə qədər və 03 iyun 2003-cü ildən 01 yanvar 2006-cı ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona 27.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.09.2019-cu il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim R.Daşdəmirov) iddia təmin edilmiş, iddiaçının 14 iyun 1983-cü il tarixdən 25 noyabr 1993-cü ilə qədər və 03 iyun 2003-cü ildən 01 yanvar 2006-cı ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona 27.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh 19.11.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 14.06.1983cü il tarixdən 25.11.1993-cü il tarixədək olan əmək fəaliyyətinin düzgünlüyünü yoxlamaq mümkün olmadığından və 01.01.2006-cı il tarixdən 18.04.2009-cu il tarixədək işlədiyi müəssisə tərəfindən vətəndaşın adına sosial sığorta ödəmələri edilmədiyi və fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı mövcud olmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, uşağının anadangəlmə serebral iflic olduğunu, bu barədə poliklinikadan sənəd təqdim etdiyini qeyd etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi sonuncu məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi x11 izahat verərək, qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, o, iddiaçının 1983-93 və 2003-2009-cu illərdə işlədiyi illərin qarşılıqlı yoxlanılması mümkün olmadığını, sığorta kapitalı barədə də məlumatın olmadığını qeyd etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.06.1983-cü il tarixdən 25.11.1993-cü il tarixədək x3ndə, 02.06.2003-cü il tarixdən 18.04.2009-cu il tarixədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də çalışmışdır. İ-AZ seriyalı 169289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyeva Fatimeyi-Zəhra Hacıbala qızı (atası x8, anası İddiaçı) 07 avqust 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2000-ci ilin 09 ayının 02-ci günündə 189 nömrəsi ilə qeyd edilmişdir.(Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi). AZE 17930608 seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Quliyeva Fatimeyi-Zəhra Hacıbala qızı 07.08.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və x9 Nazirliyinin x1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, Quliyeva Fatimeyi-Zəhra Hacıbala qızına 03 sentyabr 2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 7 nömrəli Birləşmiş şəhər x2 şöbəsi tərəfindən verilmiş x5 əsasən 07.08.2000-ci il təvəllüdlü Quliyeva Fatimeyi-Zəhra Hacıbala qızı İ qrup uşaqlıqdan əlildir və uşaq serebral iflici diaqnozu qoyulmuşdur. Qısa anamnez – uşaqlıq dövründən xəstədir, Dəfələrlə ambulator, stasionar, müalicə almışdır, Hal-hazırda əlil arabasındadır, kənar şəxsin qulluq və yardımına ehtiyacı var. İddiaçı ərizə ilə Əmək və x9 Nazirliyi yanında Dövlət x12 Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh ərizəyə cavab olaraq 16 sentyabr 2016-cı il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.07.1961-ci təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 10 il sığorta stajı olmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Nəzərinə çatdırılmışdır ki, vətəndaşın 14.06.1983-cü il tarixdən 25.11.1993-cü il tarixədək olan əmək fəaliyyətinin düzgünlüyünü yoxlamaq mümkün olmadığından və 01.01.2006-cı il tarixdən 18.04.2009-cu il tarixədək işlədiyi müəssisə tərəfindən vətəndaşın adına sosial sığorta ödəmələri olmadığı üçün fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı mövcud olmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixədək yarandığından hazırkı iş üzrə 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası iddiaçının sosial sığorta stajı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əmək kitabçasına əsasən 14.06.1983-cü il tarixdən 25.11.1993-cü il tarixədək və 03 iyun 2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək olan iş stajı öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də sosial sığorta stajı müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 27 iyul 2016-cı il tarixdə 55 yaşı tamam olmuşdur və 10 ildən çox sosial sığorta stajına malikdir. Həmçinin o 2000-ci il təvəllüdlü sağlamlıq imkanı məhdud olan qızını səkkiz yaşınadək tərbiyə etmişdir. Qanunvericiliyə əsasən həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 14.06.1983-cü il tarixdən 25.11.1993-cü il tarixədək və 03 iyun 2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək olan sığorta stajı iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapdığından, qeyd olunan müddətlər iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla iddiaçıya sağlamlıq imkanı məhdud uşağı olan ana kimi yaşa görə pensiya təyin edilməsindən imtina etməkdə cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi haqlı olmamış, bununla da iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh həm iddiaçıya ünvanladığı imtina məktubunda, həm də apellyasiya şikayətində iddiaçının 14.06.1983-cü il tarixdən 25.11.1993-cü il tarixədək olan əmək fəaliyyətinin düzgünlüyünü yoxlamaq mümkün olmadığı qeyd etsə də, cavabdeh tərəfindən həmin yoxlamanın həyata keçirildiyini təsdiq edən hər hansı sorğu, məktub və ya digər sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və x9 Nazirliyi yanında Dövlət x12 Bakı şəhəri Sabunçu rayon şöbəsininapellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3328/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar