Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-194/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “06.09.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “06.09.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2305/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1996-cı il təvəllüdlüdür. AZ-İ seriyalı 314835 saylı 17 sentyabr 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçının X2 06 sentyabr 2008-ci ildə ölmüşdür. 9 saylı Xəzər Tibbi Sosial Ekspert Komissiyasının 247757 saylı arayışından görünür ki, İddiaçı İİİ dərəcəli müddətsiz əlilldir. DSMF-nin Bakı şəhər Xəzər rayon şöbəsinin 2306 saylı 26.10.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 23.01.2014-cü il tarixdən ümumi səbəblərə görə 52 manat məbləğində müavinət alır. SX seriyalı ******* saylı 09.02.2015-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı hərbi xidmətə yararsızdır və hərbi xidmət keçməmişdir. Beləliklə, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildir. Hazırda əlilliyə görə müavinət alır. İddiaçı ona 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə iddiaçıya ünvanlanmış 11/03-857 saylı 03.08.2016-cı il tarixli imtina məktubunda qeyd etmişdir ki, onun mərhum X2nın "xxxx" kiçik müəssisəsində 15.05.1992ci il tarixdən 11.10.2004-cü il tarixədək olan iş stajının araşdırılması mümkün olmadığından həmin dövrün ailə başçısını itirməyə görə pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 əlil kimi Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. X2 06 sentyabr 2008-ci il tarixdə ölmüş, ölümünə qədər və ondan sonra da onunla birlikdə yaşayan qardaşı X13 onun ölümündən sonra ailə başçısını itirməyə görə pensiya almaqdadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əlil olduğundan anasının ölümündən sonra onun pensiyasını almaq hüququna malikdir. Bununla əlaqədar əmək kitabçası təqdim edilməklə DSMF Xəzər rayon şöbəsinə müraciət edildikdə, həmin orqan tərəfindən cavab olaraq bildirilmişdir ki, əmək stajının yoxlanılması mümkün olmadığından X2nın əmək pensiyasının ona təyin edilməsi mümkün olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: əmək kitabçasında X4 15.05.1992-11.10.2004-cü il tarixlərdə işlədiyi qeyd olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin 13.11.2020-ci il tarixli **********424200 nömrəli məktubunda "xxxx" müəssisəsinin 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi bildirilmişdir. 11.10.2004-cü il tarixdə işdən azad olunma zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25.12.1991-ci il tarixli qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 2004-cü il tarixdə istifadə olunan möhürdə rus dilində sözlərdən istifadə oluna bilməz. Əmək kitabçasında 15.05.1992-ci il tarixdə “düzəlişə inanılsın” qeydi əmək kitabçasına sonradan müdaxilə olunduğuna dəlalət edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən daxil olmuş 26.02.2021-ci il tarixli 4/430 nömrəli məktubunda "xxxx" müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq 15.05.1992-ci il tarixdən 11.10.2004-cü il tarixədək "xxxx" müəssisəsində olan dövrün mərhumun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İş üzrə məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı 26 oktyabr 2018ci il tarixli qərarı ilə İddiaçı mərhum X2nın əmək kitabçasında əksini tapmış 16 aprel 1980ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004- cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1469/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1469/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1453/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə birinci instansiya qaydasında yenidən baxılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının mərhum anasının mübahisələndirilən müəssisədə işləməsinə dair əmək kitabçasında qeyd olsa da, bu qeydlərin mötəbərliyində şübhə yaranmışdır. Bu hal əmək kitabçasında 15.05.1992-ci il tarixdə “düzəlişə inanılsın” qeydinin edilməsindən ibarətdir. Məhkəmə tərəfindən qeyd edilmiş hallar araşdırılmamış, düzgün əsaslandırılma aparılmadan qərar çıxarılmış, bununla da maddi hüquq normaları pozulmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. 16.03.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı və 3-cü şəxs X13 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və 3-cü şəxs X7 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 09.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı, həmçinin 3-cü şəxsin nümayəndəsi kimi İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı 23.10.2017-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş (bu müraciətin edilməsi i.v. 5də olan göndəriş qəbzi və apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədəki daxil olma ştampı ilə təsdiq olunur), lakin sonuncu tərəfindən həmin ərizəyə münasibətdə hərəkətsizlik edilmişdir. İddiaçı 26.12.2017-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və bu zaman iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunduğu üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İşə kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı birinci instansiya qaydasında yenidən baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona X17 Yasin qızının vəfat etdiyi 06.09.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və onun tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildir. Hazırda əlilliyə görə müavinət alır. Apellyasiya baxışı zamanı İddiaçı ilk dəfə əlilliyin verilməsi barədə sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş sorğuya cavab olaraq 09.03.2022-ci il tarixdə daxil olmuş məktubda göstərilmişdi ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən İddiaçı 23.01.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik statusuna malikdir. Eyni zamanda məktuba əlavə edilmiş ətraflı qiymətləndirmə məlumatlarından da görünür ki, İddiaçı 23 yanvar 2008-ci il tarixdə tibbi nəzarətə götürülmüş, 23 yanvar 2014-cü il tarixdə keçirilmiş müayinədən əvvəl sağlamlıq imkanı məhdud olan uşaq qrupuna aid edilmişdi. Beləliklə, İddiaçı hesab edir ki, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil şəxs kimi ona 06 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş digər sənədlərdən, o cümlədən iddiaçının atası X1 məxsus “müavinət alanın şəxsi işindən” görünür ki, İddiaçı atası Fazil Məmmədov və qardaşı Riad Məmmədov ailə başçısını itirməyə görə pensiya deyil, müavinət alırlar. İddiaçının ona hüququnun yarandığı 06.09.2008-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı müraciətinə münasibətdə cavabdeh inzibati orqan məhkəmə icraatı dövründə iddiaçının mərhum X2nın "xxxx" kiçik müəssisəsində 15.05.1992-ci il tarixdən 11.10.2004-cü il tarixədək olan iş stajının araşdırılması mümkün olmadığından həmin dövrün ailə başçısını itirməyə görə pensiya hesablanması zamanı nəzərə alınmasının mümkün olmadığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyas əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarından görünür ki, iddiaçının X2 06 sentyabr 2008-ci ildə ölmüşdür. Hazırki işdə iddiaçının 25.01.1961-ci il təvəllüdlü mərhum anası Sura Məmmədovanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: onun öldüyü 47 yaşdan (qanunvericiliyin tələblərinə əsasən əmək qabiliyyətli yaş dövrünün hər tam il üçün müəyyən olunduğu, mərhumun isə 06.09.2008-ci ildə, yəni 48 yaşı tamam olmadan öldüyü nəzərə alınmaqla) 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü çıxıldıqda = 32 yaş : 12 x 4 ay = 10 il 6 ay. Beləliklə, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ailə başçısının ölüm gününədək minimum 10 il 06 ay iş stajının olması tələb olunur. İddiaçı mərhum anasının qanunla tələb olunan iş stajının olması ilə bağlı onun əmək kitabçasını təqdim etmişdir. İddiaçının mərhum anası Sura Məmmədovaya məxsus əmək kitabçasından görünür ki, 25.01.1961-ci il təvəllüdlü X4 əmək stajı 16.04.1980-ci ildən 01.08.1984-cü ilədək, 07.09.1987-ci ildən 21.03.1988-ci ilədək, 16.05.1989-cu ildən 01.07.1989-cu ilədək və 15.05.1992-ci ildən 11.10.2004-cü ilədək olan dövrləri əhatə edir və həmin dövrlər nəzərə alınmaqla mərhumun ümumi iş stajı 15 ildən artıq olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının mərhum anasının işlədiyi 15.05.1992- 11.10.2004-cü il üzrə olan dövrü mübahisələndirir və ona istinad edir ki, işlədiyi müəssisə barəsində araşdırma aparılması mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, əmək kitabçasında olan məlumatların doğruluğunu yoxlamaq cavabdehin vəzifəsi olsa da, cavabdeh etirazının dəlili ilə bağlı hər hansı araşdırma aparmamışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının mərhum anasının 1992-2004-cü illərdə işlədiyi müəssisə ilə bağlı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********424200 saylı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********754400 saylı 13.11.2020-ci il tarixli məktublarında göstərilmişdir ki, idarədə olan reyestrə əsasən "xxxx" müəssisəsi 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Apellyasiya baxışı zamanı "xxxx" Müəssisəsinin hansı müəssisənin hüquq varisi olması, hüquq varisi olduğu təqdirdə həmin müəssisənin hüquqi sənədlərinin, o cümlədən 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməsini təsdiq edən sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 15.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, idarədə olan reyestrdə 08.06.1998-ci il tarixdə 1125 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Müəssisəsinin hər hansı hüquqi varisi olması barədə məlumatın akşar edilmədiyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş "xxxx" Müəssisəsinin təsis sənədlərindən görünür ki, sözügedən müəssisə 08 iyun 1998-ci il tarixdə yaradılaraq Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Beləliklə, iddiaçının mərhum anasının 15.05.1992-ci ildən 11.10.2004-cü ilədək işlədiyi "xxxx" Müəssisəsinin Ədliyyə Nazirliyində 08.06.1998-ci ildə qeydiyyatdan keçdiyi üçün 08.06.1998-11.10.2004-cü illər arasında da həmin müəssisənin mövcud olduğu müəyyən olunur. İddiaçının həmin müəssisədə qeyd olunan dövrdə işləyib-işləməməsinə gəldikdə isə Kollegiya aşağıdakı normaların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-483/19 saylı qərar) hüquqi mövqe belə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının mərhum anasının 15.05.1992-ci ildən 11.10.2004-cü ilədək işlədiyi müəssisə ilə bağlı yoxlamanın aparılmasının qeyri-mümkünlüyü səbəbindən həmin stajın qəbul edilməməsi barədə cavabdeh tərəfin gətirdiyi dəlillər əsassızdır. Belə olan halda iddiaçının anasının 16.04.1980-ci ildən 01.08.1984-cü ilədək (4 il 3 ay 15 gün), 07.09.1987-ci ildən 21.03.1988-ci ilədək (6 ay 14 gün), 16.05.1989-cu ildən 01.07.1989-cu ilədək (1 ay 15 gün) və 08.06.1998-ci ildən 11.10.2004-cü ilədək (15.05.1992-ci ildən işlədiyi müəssisə 08.06.1998-ci ildə qeydiyyatdan keçdiyi üçün stajı həmin tarixdən hesablanır və 6 il 4 ay 3 gün təşkil edir) işlədiyi dövrlər nəzərə alınmaqla, mərhumun vəfat etdiyi 06.09.2008-ci il tarixədək stajı qanunla tələb olunan 10 il 6 aydan çoxdur. Kollegiya onu da nəzərə alır ki, mərhumun mübahisələndirilən dövrdə işlədiyi müəssisə ilə bağlı əmək kitabçasında aparılan qeydləri və ya əmək kitabçasının özünün mötəbərliliyini şübhə altına alan hallar mövcud olmadığından, aparılan düzəlişin isə məhz iddiaçının təqsiri üzündən aparılmasını və həqiqətə uyğun olmadığını təsdiq edən sübutlar olmadığı halda mərhumun həmin müəssisədə 08.06.1998-ci ildən (müəssisənin qeydiyyata alındığı vaxtdan) 11.10.2004-cü ilədək işləməsi faktı təsdiqləndiyindən mərhumun əmək kitabçasına əsasən vəfat etdiyi tarixədək qanunla tələb olunan 10 il 6 aydan çox iş stajının olduğu təsdiqlənir. Beləliklə, hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyindən, inzibati orqan isə belə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddiaçının ailə başçısını itirməyə görə ona pensiya təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan iddiaçının ailə başçısını itirməyə görə ona pensiya təyin olunması üçün mərhum anasının tələb olunan 10 il 6 aya qarşı onun 01.01.2006-cı ilədək ümumilikdə 11 il iş stajı olduğundan iddiaçıya həmin əsasla hüququnun yarandığı vaxtdan- 06.09.2008-ci il tarixdən pensiya təyin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda iddiaçıya ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı 06.09.2008-ci il tarixdən pensiyanın təyin edilməsi göstərilsə də, həmin pensiyanın hansı tarixdən hesablanıb ödənilməsi qərarda dəqiq olaraq göstərilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İşin apellyasiya baxışı zamanı sözügedən Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası iddiaçının ona ailə başçısını itirməyə görə pensiya almaq hüququnun 06.09.2008-ci il tarixdən yaransa da, həmin dövrdən indiyənədək olan müddət üzrə cavabdeh inzibati orqana 23.10.2017-ci il tarixdən əvvəl (bu barədə 23.10.2017-ci il tarixdə müraciət etməsi i.v. 5-də olan poçt qəbzi və cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi inzibati orqana 31.10.2017-ci il tarixdə daxil olan ərizə ilə təsdiq olunur) müraciət etməməsinin səbəblərini araşdırmış, belə müraciətin 01.07.2017-ci il tarixədək təqdim edilməməsinin nə ilə bağlı olduğu, yəni şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olduğuna dair iddiaçıya suallar vermiş, lakin məlum olmuşdur ki, iddiaçının müraciət etdiyi 23.10.2017-ci ildən əvvəlki 3 illik dövrdən, yəni 23.10.2014-cü ildən də əvvələ tələbinin təmin olunması üçün qeyd olunan üzrlü hallar hazırki işdə mövcud deyil. Kollegiya nəzərə alır ki, iddiaçı 01.07.2017-ci il tarixədək ailə başçısını itirməyə görə ona pensiya təyin olunması barədə cavabdeh inzibati orqana yazılı müraciət etməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçının ailə başçısını itirməyə görə pensiyası almaq hüququnu anasının vəfat etdiyi 06 sentyabr 2008-ci il tarixdə qazandığını, keçən müddət üzrə əmək pensiyasının verilməsi üçün inzibati orqana 23.10.2017-ci il tarixdə müraciət etdiyini (i.v.5-də poçt qəbzi var), “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi 23.10.2017-ci il tarixdən əvvəlki üç il üzrə, yəni 23.10.2014-cü il tarixdən hesablanmaqla ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı i.v. 218-də olan iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə ona 06.09.2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə yanaşı, həm də yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, nə iddiaçıya, nə də onun qardaşı Riad Məmmədova əvvəllər ailə başçısını itirməyə görə pensiya təyin olunmamış, bu barədə yalnız müavinət alındığı üçün iddiaçının “yaranmış fərq məbləğinin ödənilməsi” barədə tələbi əslində hüququnun yarandığı 06.09.2008-ci ildən ona ailə başçısını itirməyə görə pensiya təyin olunduğu üçün pensiyasının da məhz həmin tarixdən hesablanmaqla verilməsi kimi başa düşülməlidir. Çünki iddiaçının hüquqi marağı ona pensiyanın 06.09.2008-ci il tarixdən təyin olunmaqla, elə həmin tarixdən də hesablanıb ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 saylı 10 iyun 2021ci il tarixli qərarı qismən, “yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən, iddiaçının hüququnun yarandığı 06.09.2008-ci ildən ödənilməsini tələb etdiyi pensiyanın cavabdehə müraciət etdiyi 23.10.2017-ci il tarixdən əvvəlki 3 il (23.10.2014-23.10.2017) üzrə hesablanıb ödənilməsi hissəsində təmin edilməli, tələb qalan- 06.09.2008-ci il tarixdən 23.10.2014-cü ilədək olan dövr üzrə pensiyanın hesablanıb verilməsi hissəsində rədd edilməli, qərar qalan- iddiaçıya 06.09.2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 saylı 10 iyun 2021-ci il tarixli qərarı qismən, “yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən, iddiaçının hüququnun yarandığı 06.09.2008-ci ildən ödənilməsini tələb etdiyi pensiyanın cavabdehə müraciət etdiyi 23.10.2017-ci il tarixdən əvvəlki 3 il (23.10.2014-23.10.2017) üzrə hesablanıb ödənilməsi hissəsində təmin edilsin. İddiaçı 06.09.2008-ci il tarixdən ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın ödənişi 23.10.2014-cü il tarixdən hesablanmaqla aparılsın. İddia tələbi qalan- 06.09.2008-ci il tarixdən 23.10.2014-cü il tarixədək olan dövr üzrə pensiyanın hesablanıb verilməsi hissəsində rədd edilsin. Qərar qalan- iddiaçıya 06.09.2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-194/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-194/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver