Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1940/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı X11 oğlunun iştirakı ilə, İddiaçı X5 cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2- 1(112)-954/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X11 cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun və qızı X3 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması barədə vəsatətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və vətəndaşlığa qəbul olunma barədə vəsatətin təmin olunması”tələbinə dair iddiasının cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına aid hissədə, eləcə də cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığa qəbul olunma barədə vəsatətin təmin olunması”hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-954/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-954/2021 saylı qərarın ləğv edilməsi, iddiaçının və qızı X1 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası və oğlu Azərbaycan Respublikasının vətəndaşıdırlar. Azərbaycan Respublikası ilə qarşılıqlı hüquq və vəzifələri olan şəxsdirlər. Vətəndaşlıqla bağlı dəfələrlə Prezident Administrasiyasına və Miqrasiya Xidmətinə müraciət etsə də, ona imtinaların səbəbləri əsaslandırılmır və bu da onun hüquqlarımın pozulması faktıdır. Azyaşlı qızı Əliyeva Yağmur Azərbaycan Respublikasının ərazisində Bakı şəhərində anadan olmuşdur. Bu barədə Asan-2 xidmətinin Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda 08.08.2017-ci ildən bu günə kimi, yəni, 15 ilə yaxın fasiləsiz olaraq “Azəriqaz” İB-nin Xətai rayon üzrə istismar sahəsində işləyir. İşlədiyi dövr ərzində DSMF-də fərdi siğorta hesabına 18.000 manatdan çox vəsait toplanmışdır. Bu da onu təsdiq edir ki, Bakı şəhərində qanuni əsaslarla daimi yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)- 954/2021 saylı qərarın ləğv edilməsi, iddiaçının və qızı X1 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış 18.03.2020-ci il tarixli K/Ə-966 saylı məktubda qeyd olunur: “Sizin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 11.03.2020-ci il tarixli Ə-1543 nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 24.05.2019-cu il tarixli vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış 10.04.2020-ci il tarixli məktubda qeyd olunur: “Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış 13.04.2020-ci il tarixli K/Ə-1167 saylı məktubda qeyd olunur: “Sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 30.03.2020-ci il tarixli Ə-1543/1 nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 24.05.2019-cu il tarixli vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 5-ci hissəsinin üçüncü cümləsinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində şəxslərə yazılı məlumat verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edirik ki, 11.03.2020-ci il tarixdə daxil olmuş eyni məzmunlu müraciətinizə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq nəticəsi barədə Sizə 18.03.2020-ci il tarixli K/Ə-966 nömrəli məktubla məlumat verilmişdir”. İş materiallarında olan iddiaçıya məxsus DYİ serialı 00***** nömrəli vəsiqənin surətindən görünür ki, Gürcüstan vətəndaşı Etibar Əliyevə 23.02.2019-cu ildən 23.02.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan Qardabani rayonu Kosalı kənd soveti tərəfindən 29 iyun 1976cı il tarixdə verilmiş İİ-Tİ seriyalı 272075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1976-cı il tarixdə Gürcüstan SSR, Qardabani rayonu, Nəzərli kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 04.12.2014-cü il tarixli 3046 saylı arayışının surətindən görünür ki, 31.10.2014-cü il təvəllüdlü X3 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə-5917 saylı 20.12.2014-cü il tarixli arayışından görünür ki, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1976-cı ildə Gürcüstanda anadan olmuş Əliyev Etibarın məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan X5 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatətinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəyindən görünür ki, xx xxxx 1976-cı ildə Gürcüstanın Qardabani rayonunda anadan olmuş Gürcüstan vətəndaşı X11 Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tələb olunan sənədləri Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə birlikdə Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdir. E.K.X8 Xidmətinə təqdim etdiyi sənədlərdən görünür ki, o, 1983-1993-cü illərdə Gürcüstanda orta təhsil almışdır. 1994-cü ildə ali təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş və 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 01 iyul 2009-cu ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilmişdir. Hal-hazırda Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Bakı X12 Departamentinin Xətai rayonu üzrə Texniki istismar xidmətində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində çalışır. Cinayət məsuliyyətinə cəlb olunmamışdır. Evlidir, iki övladı var, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəxs tərəfindən doldurulmuş ərizə-anketə, həmçinin təqdim edilmiş sənədlərə əsasən, onun anası X2 və övladı X10 Azərbaycan Respublikasının vətəndaşıdırlar. E.K.Əliyevin vəsatətinin araşdırılması zamanı məlum olmuşdur ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2007, 2016 və 2017-ci il tarixli vəsatətlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının 2009-cu il 01 iyul, 2017-ci il 25-26 oktyabr və 2018-ci il 19 dekabr tarixlərində keçirilmiş iclaslarında baxılaraq rədd edilməsi qərara alınmışdır. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi E.K.Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə etiraz etmirlər. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vahid miqrasiya məlumat sistemi üzrə yoxlama nəticəsində E.K.Əliyevin Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması müəyyən edilmişdir. E.K.Əliyev vəsatətində onunla eyni zamanda yetkinlik yaşına çatmayan övladı 31 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti X5 (övladı X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatətinin müsbət həll olunmasını məqsədəuyğun hesab etmir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 1, 8-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnamənin 3-cü bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən vətəndaşlığa qəbul ilə əlaqədar sənədlər Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir. Həmin sənədlər aidiyyəti üzrə göndərilmiş, qeyd olunan sənədlərə baxılmış və iddiaçıya yazılı cavablar verilmişdir. Göründüyü kimi, cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinin hərəkətlərinin qanusuz hesab edilməsini tələb etsə də, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə baxılmasında iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin diskresion səlahiyyətidir. İddiaçı tərəfindən cavabdehə edilmiş müraciət qanunvericiliyin tələblərinə uyğun araşdırılmışdır. Dövlət Miqrasiya Xidməti X5 (övladı X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatətinin müsbət həll olunmasını məqsədəuyğun hesab etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-954/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1940/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1940/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver