Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1940/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1060/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Bakı şəhəri 66№-li Texniki Peşə Məktəbində təhsil almışdır. Bundan sonra o, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Bakı-komvol Kombinatının Toxucu sexində 5-ci dərəcə ilə toxucu vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə kimi “Azərelektroişıq” Birliyində Birliyin luminesens lampaların istehsalı sexində 2-ci dərəcəli qablaşdırıcı vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə kimi “Azərnəqliyyatyollayihə” İnstitutunda yardımçı fəhlə vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə kimi "xxxx" Kiçik Müəssisəsində xadimə vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir Cavabdeh inzibati orqan iddiaçı tərəfindən edilmiş müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi olaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* №-li əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 38№- li güzəştli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işləməsi qeyd edilmişdir. Sözügedən müəssisədə iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəz Filialının aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA- 01133-2021 №-li aktı ilə təsdiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəz Filialına təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı yoxdur. İddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 il 02 ay 3 gün ümumi iş stajı mövcud olmuşdur. Həmin iş stajının 13 il 04 ay 08 günü güzəştli iş stajı təşkil edir. İddiaçının işlədiyi “toxucu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” X1 istehsalatı dəzgah və maşınlarda çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının “Toxucular metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Bundan başqa "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 38 №-li Güzəştli arayışdan görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi ASC-də toxucu sexində 5-ci dərəcə toxucu vəzifəsində işləmişdir. Həmçinin həmin arayışda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında Qərarına əsasən iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququna malik olması qeyd edilsə də cavabdeh qeyd edilən arayışı nəzərə almamışdır. Bundan sonra iddiaçı təkrarən "xxxx" ASC-yə müraciət edərək ona ətraflı Güzəştli arayışın verilmsini xahiş etmişdir. ASC tərəfindən iddiaçıya verilmiş ikinci arayışda kombinatda toxucu sexində işləyərkən təbii ipək, pambıq, kətan, yun, materiallarından eləcə də süni və sintetik tor toxuması ilə məşğul olduğu, odur ki, Məmmədova (Abbasova) Qətibə Adışirin qızının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi; Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının toxucular metal və sintetik tor toxuyan toxucular peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranması qeyd edilmişdir. Məmmədova (Abbasova) Qətibə Adışirin qızının zərərli iş stajı 13 il 04 ay 08 gün təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-01133-2021 №-li aktında qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin aktda iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılsa da, işdən çıxarılmasına dair əmrin aşkar edilməməsi qeyd edilmişdir. Bildirir ki, iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılmışdır. İşdən çıxarılma ilə bağlı Əmri tərtib edilməsi və həmin əmrin işçinin iş şəxsi işinə əlavə etmək işə götürənin vəzifəsidir. Bu halın mövcud olması işçinin qeyd edilən müəssisədə işləməsi halının təkzib edilməsi üçün əsas hesab edilə bilməz. Sadalanan hallardan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bütün xüsusatlar mövcuddur. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1060/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyul 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “Komvol" ASC-nin ona dair 18 dekabr 2020-ci il tarixli 38 nömrəli güzəştli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 19 mart 2021-ci il tarixli BA-01133-2021 nömrəli aktı ilə təsdiq edilmişdir (aktın surəti əlavə olunur). Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.2006-cı il tarixə qədər stajı əmək kitabçasına əsasən ən azı 25 ildir (25 il 02 ay, 08 gün). Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1981xx.xx.1994-cü illərdə toxucu işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 32-ci bölməsinə toxucular: metal və sintetik tor toxuyan toxucular, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təsdiq edilmiş 2№li siyahının XX. Yüngül sənaye bölməsinin 1-ci yarımbəndinə (Toxuculuq sənayesi) süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları (kod 2200200a—11602) uyğun göstərilmişdir. Odur ki, iddiaçının zərərli iş stajı 13 il 04 ay 08 gündür. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödənilməsi hüququ nəzərdə tutulmamışdır və məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) tərəfindən bildirilmişdir ki, həmin tarixə qədər müraciət etməməsinin səbəbi güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun olduğunun bilməməsi ilə əlaqədar olmuşdur. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan A №752528 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə Bakı şəhəri 66№-li Texniki Peşə Məktəbində təhsili almışdır. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 nikahdan sonra Məmmədova soyadı verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1994-cü illərdə Bakı-komvol Kombinatının Toxucu sexində toxucu, xx.xx.1994-xx.xx.2000-ci illərdə “Azərelektroişıq” Birliyində Birliyin luminesens lampaların istehsalı sexində qablaşdırıcı, xx.xx.2001-xx.xx.2006-cı illərdə “Azərnəqliyyatyollayihə” İnstitutunda yardımçı fəhlə, xx.xx.2009-xx.xx.2010-cu illərdə "xxxx" Kiçik Müəssisəsində xadimə işləmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Məmmədova (Abbasova) Qətibə Adışirin qızına verilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli güzəşt arayışa əsasən, o həqiqətən 90№-li Əmrlə xx.xx.1981-ci ildən toxucu vəzifəsinə qəbul edilmiş və Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.1994-cü il tarixdə 206№-li əmrlə işdən azad edilmişdir. Məmmədova (Abbasova) Qətibə Adışirin qızı kombinatda toxucu sexində işləyərkən təbii ipək, pambıq, kətan və yun materiallarından eləcə də süni və sintetik tor toxuması ilə məşğul olmuşdur. Odur ki, Məmmədova (Abbasova) Qətibə Adışirin qızının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısının toxuculuq istehsalatı adlanan 32ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi; Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların və peşələrin siyahısının toxucular metal və sintetik tor toxuyan toxucular peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Məmmədova (Abbasova) Qətibə Adışirin qızının zərərli iş stajı 13 il 4 ay 8 gün təşkil edir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı-Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan “Azərnəqliyyatyollayihə” Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.2001-ci ildə 02№-li əmrlə yardımçı fəhlə işinə qəbul edilmiş və xx.xx.2006-cı ildə 05 saylı əmrlə işdən azad edilmişdir. Müəssisənin dövlət sosial sığorta ayırmaları üzrə borcu yoxdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyul 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “Komvol" ASC-nin ona dair 18 dekabr 2020-ci il tarixli 38 nömrəli güzəştli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 19 mart 2021-ci il tarixli BA-01133-2021 nömrəli aktı ilə təsdiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur və o, xx.xx.1980-xx.xx.1981-ci illərdə təhsili almış (10 ay 19 gün), əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-xx.xx.1994-cü illərdə Bakı-komvol Kombinatının Toxucu sexində toxucu (13 il, 4 ay 8 gün), xx.xx.1994-xx.xx.2000-ci illərdə “Azərelektroişıq” Birliyində Birliyin luminesens lampaların istehsalı sexində qablaşdırıcı (5 il, 11 ay 16 gün), xx.xx.2001-xx.xx.2006-cı illərdə “Azərnəqliyyatyollayihə” İnstitutunda yardımçı fəhlə (xx.xx.2006-cı il tarixədək 4 il, 11 ay 21 gün), xx.xx.2009-xx.xx.2010-cu illərdə "xxxx" Kiçik Müəssisəsində xadimə işləmişdir. Göstərilən dövr üzrə xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il 02 ay 04 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 il 02 ay 04 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1981xx.xx.1994-cü illərdə toxucu işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 32-ci bölməsinə toxucular: metal və sintetik tor toxuyan toxucular, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təstiq edilmiş 2№li siyahının XX. Yüngül sənaye bölməsinin 1-ci yarımbəndinə (Toxuculuq sənayesi) süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları (kod 2200200a—11602) uyğun göstərilmişdir. Odur ki, iddiaçının zərərli iş stajı 13 il 04 ay 08 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il 04 ay 08 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod 2200200a—11602) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində pensiya ödənişi məhz onun hüququ yarandığı xx.xx.2014-cü il tarixdən həyata keçirilməli olmasını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1060/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1940/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1940/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver