Məhkəmə qərarları › İş №2-1(103)-1941/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1941/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1941/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 1987-ci ildən xx.xx.2007-ci il tarixədək birinci instansiya məhkəmələrində hakim vəzifəsində işləmiş, xx.xx.2012-ci ildə ona Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, hakimlik stajı 20 ildən artıq olmuşdur. İddaçı xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçının əmək pensiyası düzgün hesablanmamış, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr tərəfindən müxtəlif vaxtlarda iddiaçının xeyrinə qərarlar qəbul edilmiş, pozulmuş hüquqları məhkəmələr vasitəsilə bərpa edilərək, cavabdeh tərəfindən ona təyin edilmiş əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, nəticədə isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıya aylıq 3375.63 manat əmək pensiyasının ödənilməsi təmin edilmişdir. 08 may 2021-ci ildə cavabdeh tərəfindən iddiaçıya hər hansı formada əvvəlcədən xəbərdarlıq edilmədən əmək pensiyasının məbləği 3375.63 manatdan 2786.72 manata endirilmiş, iddiaçı bu barədə dəfələrlə şifahi, xx.xx.2021-ci il tarixdə isə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının azaldılmasının səbəblərinin açıqlanmasını tələb etmişdir. Cavabdeh iddiaçının həmin müraciətinə xx.xx.2021-ci il tarixli **********8 saylı məktubla cavab verərək göstərmişdir ki, ona DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2012-ci ildən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2013xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 38215,04 manat ödənilmiş, bu səbəbdən də, ona 691,52 manat əskik pul məbləginin ödənildiyi aşkar edilmiş, Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2019-cu ildən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçiin vəzifə maaşının 25 faizi miqdarında əlavə 296 manat, digər növ əlavələri 765,60 manat olmaqla, orta aylıq əmək haqqısı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi - 2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Sonda isə həmin məktubla 11486,68 manat artıq pul vəsaitinin qaytarılması tələb edilmişdir. İddiaçı təkrarən hüquqlarının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüquqlarını bərpa etmək əvəzinə xx.xx.2021-ci il tarixli **********3 saylı qərar ilə xx.xx.2019 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsini tələb etmişdir. Qeyd olunan qərar xx.xx.2021-ci ildə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya hüquqlarının pozulması ilə nəticələndiyinə görə ləğv edilməlidir. Bundan başqa, iddiaçıya məhz hansı əsaslarla pensiya təyin edilməsi və ona təyin edilmiş pensiyaların yenidən hesablanmalı olması qanuni qüvvəsini almış məhkəmə aktları əsasında həyata keçirilmiş, eləcə də pensiyanın yenidən hesablanması iddiaçı tərəfindən deyil, məhz cavabdeh inzibati orqan olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli 8/736 saylı arayışdan da müəyyən olunur ki, iddiaçının hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə bağlı arxiv sənədlərinə baxış keçirilərkən ona Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli 85 saylı Qərarı ilə dördüncü ixtisas dərəcəsinin verilməsi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi barədə” qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il 01 yanvar tarixindən minumum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən xx.xx.1996-ci ildən xx.xx.2000-ci ilədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-1158/2017 saylı qərarı ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (82)-3391/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)- 460/2017 saylı qərarları əsasında X2 pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Cavabdeh inzibati orqan yəqin ki, iddiaçıya pensiya hesablanmasında qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu xx.xx.2019-cu ildən sonrakı müddətdə nəzərə almaq istəməmişdir. Sonda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, X5 Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 5 aprel 2012-ci il tarixindən sabiq hakim kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1459,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 656,55 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 218,85 manat, digər növ əlavələri 705,18 manat olmaqla orta aylıq əmək haqqı 3039,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3039,58 manat) 80 faizi - 2431,66 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38.906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 38.215,04 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 691,52 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 396,00 manat, digər növ əlavələri 765,60 manat olmaqla orta aylıq əmək haqqı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında ” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi-2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 691,52 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 12178,20 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 11486.68 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 11486.68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Mərkəzi Filial tərəfindən cari ilin may ayından etibarən əmək pensiyası 2766,72 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bu səbəbdən də həmin dövr müddətində ona 6912,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim: M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Nüşabə Ağayevaya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 691,52 manat əskik pul vəsaiti, xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 12.178,20 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 11.486,68 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 11.486,68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2046/2022 saylı 19 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarının ləğv olunması və iddianın qismən təmin olunması, cavabdehə “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi öhdəliyinin həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2046/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarının ləğv olunması və iddianın qismən təmin olunması, iddiaçı X2 iddiasının “xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmayan hissəsində təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-36/2023 saylı 25 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2- 1(103)-2046/2022 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı müvafiq olaraq icraata cəlb edilməmiş və onun dinlənilməsi həyata keçirilməmişdir. Həmçinin, pensiya məbləğinin azaldılmasına əsas təyinat zamanı hesablamanın düzgün aparılmaması ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, izahatında qeyd etdi ki, artıq ödənilmiş pensiya məbləğinin tələb edilməsi qərarı ilə yanaşı onun pensiya məbləği azaldılmışdır, hansı ki, onun barəsində qüvvədə olan əlverişli inzibati akt var və bu akta əsasən ona pensiya ödənişləri həyata keçirilirdi. Bundan əlavə xx.xx.2018-xx.xx.2019-cu illər üzrə 691,52 manat pul vəsaitinin əksik ödənilməsi cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmələr tərəfindən cavabdehin artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarı ləğv edildiyindən həmin qərarla bağlı olaraq azaldılmış pensiya məbləği bərpa edilməli və əksik ödənilmiş məbləğ ödənilməlidir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə qərarlarından aydın göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi hissəsində iddia təmin edilmiş, apellyasiya məhkəməsi tərəfindən həmin hissə qüvvədə saxlanılmış və cavabdeh tərəfindən həmin hissədən kassasiya şikayəti verilməmişdir. Kassasiya instansiya məhkəməsi tərəfindən iddianın xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə hissələri üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2046/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadı yoxlanılmış və həmin tələblər üzrə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı sayılmamışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - iddiaçıya təyin olunmuş və ödənilən pensiya məbləğinin cavabdeh tərəfindən sonradan hesablanması zamanı azaldılmasının səbəbləri və azaldılmaya səbəb olmuş əsasların yoxlanılması, cavabdeh tərəfindən hesablamanın hansı qaydada və iddiaçıya münasibətdə hansı əmək haqqı və əlavələr nəzərə alınmaqla aparıldığı və azalmanın bunlarla bağlılığı araşdırılması. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti hazırda yoxlanılan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. Hazırki işdə iddiaçıya pensiya ödənişi məbləği azaldılmadan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 2-ci qrup əlilliyə görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmiş və pensiya ödəniş məbləğini azaltmışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yuxarıda sadalanan İnzibati icraat haqqında qanunun müddəaları pozulmaqla əsassız olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçıya aylıq 3375,63 manat əmək pensiyası əvəzinə 691,52 manat az pul vəsaiti ödənilmişdir. Bu hal cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda və məhkəməyə təqdim edilmiş etirazda etiraf edilsə də, bu pozuntunun aradan qaldırılması məqsədilə heç bir tədbir görülməmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, iddiaçı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində faktiki xarakterli hərəkətlərlə əmək pensiyası azaldılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2021-ci il tarixdən əmək pensiyası məbləğinin ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar