Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1941/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (Alwashah) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(112)-10607/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Alwashah) (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli DMX İQ-35/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi; İddiaçı xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilərək iddiaçıya qaçqın statusu verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 vətəndaşıdır, xx.xx.1987-ci il təvəllüdlü iddiaçı İslam dininin sünni təriqətinə mənsubdur. O, İordaniya vətəndaşı X13 X15 Fayez ilə ailəlidir və iki övladları ilə birgə Azərbaycanda yaşayırlar. Hər ikisi DMX-yə qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. O, 11 il Sait adlı orta məktəbdə oxumuş, daha sonra 2005-ci ildə İsraa Özəl Universitetinə daxil olmuş və rabitə mühəndisi ixtisası üzrə 5 il təhsil almışdır. Təhsilini bitirdikdən sonra Xarici İşlər Nazirliyində rabitə sahəsində çalışmışdır. Bir müddət keçdikdən sonra isə İordaniyanın Kanadadakı səfirliyində işləmiş, yaranan müəyyən problemlərdən dolayı işdən öz ərizəsi ilə ayrılmaq məcburiyyətində qalmışdır. Ərizəçi işdən ayrıldıqdan sonra Parlamentdə çalışmağa başlamışdır. Ərizəçi 2018-ci ildə İordaniya hakimiyyət orqanları ilə problemlər üzündən ailəsi ilə birlikdə Kanadaya qaçmış və qaçqın statusu almaq üçün müraciət edərək 10 ay orada yaşamışdır. Qaçqın statusu verilməsi ilə bağlı müraciətinə baxıldığı müddətdə həmkarları ona İordaniyanın Türkiyədə yeni konsulluğunun açıldığını və orada işləmək imkanının olduğunu bildirmişlər. O, Türkiyəyə gedərək orada bir il heç yerdə işləmədən yaşamışdır. 2020-ci ildə İordaniyaya qayıtdıqdan sonra ərizəçi tanımadığı bir şəxsə xəsarət yetirməkdə ittiham olunaraq 5 ay müddətinə həbs olunmuş, və azadlığa çıxması üçün atası məhkəməyə 100 min dollar ödəmişdir. Azadlığa buraxıldıqdan sonra 10 ay Gürcüstanda, daha sonra Misirdə məskunlaşmışdır. Azərbaycan Respublikasına 2024-cü il fevral ayının 4-də gəlib. Ərizəçinin dayısı X9 Bazbez X1 deputatı olmuş və onu 2015-ci ildə ərizəçini Parlamentdə işə düzəltmişdir. Ərizəçinin digər dayısı "Vatani Nevs" qəzetində jurnalist kimi çalışmış və ərizəçinin Baş nazir X3 (Omandakı səfir) işə gəlməməsi, lakin əməkhaqqı alması barədə verdiyi məlumatı paylaşmış, o isə öz növbəsində bu məlumatı dərc etmiş və müxalif yönümlü fikirlər səsləndirmiş, habelə ölkə rəhbərliyini tənqid etmişdir. Sonradan ərizəçinin dayısının qəzeti bağlanmış və o, müəmmalı şəraitdə vəfat etmişdir. Ərizəçi sosial şəbəkələrdəki paylaşımlarında İordaniya hökumətini tənqid edərək hökumətin yaratdığı çoxsaylı problemlər haqqında məlumat yaymışdır.
3. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-35/1 qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; 2. Mənsub olduğu partiya iqtidar partiyası olduğu üçün təqiblərə məruz qala bilməz. Bununla da müəyyən etmək olar ki, iddiaçının X5, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(112)-10607/2024 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.
5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Qaçqın status verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, İQ35/1 nömrəli qərardan görünür ki, həmin qərar ilə X2 vətəndaşı İddiaçı (Alwashah) Alvashaha qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərarda qeyd olunmuşdur ki: “İddiaçı (Alwashah) qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı 11 il “Salt adlı orta məktəbdə oxuduğunu, 2005-ci ildə İsraa Ozəl Universitetinə daxil olduğunu, rabitə mühəndisi ixtisası üzrə 5 ali təhsil aldığını, təhsilini bitirdikdən sonra birbaşa Xarici İşlər Nazirliyinə işə düzəldiyini, rabitə sahəsində çalışdığını qeyd etmişdir. O, 3 il sonra İordaniyanın Ottavadakı (Kanada) Səfirliyinə işləməyə göndərildiyini, 1 il orada işlədiyini, lakin işdə yaranan kiçik problemlər səbəbindən ərizə yazaraq könüllü şəkildə 2015-ci ildə işdən uzaqlaşdığını söyləmişdir, ərizəçi daha sonra parlamentə işə düzəldiyini, 3 il orada işlədiyini, sonra yaranan bəzi problemlərlə əlaqədar ailə üzvlərilə birlikdə Kanadaya qaçdığını, orada qaçqın statusu ilə bağlı BMT QAK-ın nümayəndəliyinə müraciət etdiyini, təxminən 10 ay orada qaldığını, lakin köhnə iş yoldaşlarının məsləhəti ilə işini yarımçıq qoyaraq Türkiyəyə getmək və orada yeni açılan konsulluqda işə müraciət etmək qərarına gəldiyini bildirmişdir. Ərizəçi Türkiyəyə getdiyini, təxminən 1 il orada yaşadığını, lakin işə düzələ bilmədiyini və 2020-ci ilin aprel ayında İordaniyaya qayıtdığını söyləmişdir. O, İordaniyaya qayıtdıqdan 3-4 ay sonra küçədə mübahisə edən zaman qarşı tarəfə xəsarət yetirdiyi üçün həbs edildiyini, 5 ay həbsdə qaldığını, atasının pul (100000 dollar) müqabilində onu həbsdən azad etdirdiyini bildirmişdir. İddiaçı həbsdən çıxdıqdan sonra Gürcüstana getdiyini, 10 ay orada qaldığını, sonra Misirə getdiyini, 1 il də orada qaldıqdan sonra 4 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. O, İordaniyada dövlət işində işlədiyi zaman bəzi məlumatların jurnalist dayısı, "Vatani news" adlı qəzetin müxbiri X10 Musa Əl-Hoyali vasitəsilə mətbuata yaymaqda şübhəli bilindiyi üçün təqib olunduğunu, bu səbəbdən də ölkəsinə qayıtmaq istəmədiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi 2012-ci ilin oktyabr ayında X14 X15 Fayez adlı həmyerlisi ilə ailə qurduğunu, bu nikahdan 2 övladının olduğunu, Misirdə yaşadıqlarını, onları sonradan Misirdən Azərbaycana gətirdiyini bildirmişdir. O, valideynlərinin və Mumin adlı qardaşının İordaniyanın Salta şəhərində, 2 bacısının isə Amman şəhərində yaşadıqlarını, bacı və qardaşlarının dövlət işində çalışdıqlarını söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu, işlədiyi yerlə bağlı sənədləri və şəkilləri təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri, iş yeri barədə məlumatları təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, işlədiyi dövlət işlərində bəzi məlumatları mətbuata sızdırmaqda şübhəli bilindiyini, bu səbəbdən də təqib olunduğunu iddia etsə də, dediklərindən hökumət tərəfdən konkret olaraq belə bir ittihamın olmadığı, küçədə etdiyi mübahisə zamanı bıçaqdan istifadə etməsi və qarşı tərəfə xəsarət yetirməsi səbəbindən həbs edildiyi aydın olur. Bundan başqa ərizəçi ölkəsini tərk edərək Gürcüstan və Misirdə olmuş, həmin müddət ərzində yerli hakimiyyət orqanlarına və ya hər hansı bir təşkilata qaçqın statusu ilə bağlı müraciət etməmişdir. Ərizəçinin deputat olan dayısı X11 Bəzbəz Ol-Həyalinin, o cümlədən qardaş və bacılarının da hazırda dövlət işlərində təmsil olunması, özünün də sonradan parlamentdə işləməsi onun dövlət orqanları tərəfindən ciddi təqibə məruz qalmadığını deməyə əsas verir.”
10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 12 iyun 2024-cü il tarixli, MŞ-27-2024 nömrəli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 vətəndaşı X8 A.K.Alwashaha qaçqın statusunu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə onun adına 27-2024 saylı şəxsi işi açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndinə əsasən (barəsində qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüququ” xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
13. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: -Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. -"Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. -bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. -7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. -Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir.
16. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmasına dair sübut olmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır.
18. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır.
19. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır.
20. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.
21. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” nın tələblərinə uyğun olaraq baxılmışdır.
22. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin Konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 08 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir.
23. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir.
24. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur.
25. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırki məzmunda imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
28. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(112)-10607/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev