Məhkəmə qərarları › İş №2-1(103)-1942/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1942/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1942/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “onun 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz sayılması, həmin sərəncamda olduğu dövrdə ödənilməmiş əmək haqqı məbləğində pulun və əldən çıxmış faydanın ona ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “onun 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz sayılması, həmin sərəncamda olduğu dövrdə ödənilməmiş əmək haqqı məbləğində pulun və əldən çıxmış faydanın ona ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)- 2893/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunda stajor, xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixə kimi Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon prokurorluğunda müstəntiq-stajor, xx.xx.1986-cı ildən xx.xx.1993cü il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunda müstəntiq, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə kimi Baş Prokurorluğun Cəzaların icrasına nəzarət Şöbəsinin, Arbitraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət Şöbəsinin prokuroru vəzifələrində işləmiş, xx.xx.2000-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar ixtisar edilmiş vəzifədən azad olunmuş, xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X5 Orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci ildə sərəncama götürülmüş, xx.xx.2005-ci ildən xx.xx.2010-cu il tarixə kimi Sabirabad rayon prokurorunun köməkçisi, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmiş, xx.xx.2020-ci il tarixdə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 03/390-K №-li, xx.xx.2000-ci il tarixli əmrinin surətindən görünür ki, Baş Prokurorluğun ləğv edilmiş iqtisad məhkəmələrinin qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru İddiaçı ixtisar edilmiş vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 03/678-K №-li, xx.xx.2001-ci il tarixli əmrinin surətindən görünür ki, Respublika Prokurorluğu orqanlarının sərəncamda olan İddiaçı müvəqqəti olaraq Naxçıvan MR X5 orqanlarına istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin hesabına saxlanılmışdır. Kadrlar idarəsinin prokuroru Ş.A.Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası prokurorluğu orqanlarında aparılan struktur dəyişikliləri nəticəsində ixtisara düşmüş və hazırda sərəncamda olan ədliyyə müşaviri İddiaçı bu gün Baş Prokurorluğun Kadrlar idarəsinə dəvət olunaraq idarə rəisi tərəfindən qəbul edilib ona respublikanın Ağcəbədi, Göyçay, Neftçala, Şəmkir, Oğuz, Füzulu, Beyləqan, Yevlax, Qax, Lənkəran rayon prokurorluqlarında müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi və böyük köməkçisi vəzifələri təklif olunmuşdur. İddiaçı təklif olunmuş vəzifələrə təyin edilməkdən imtina etmiş və ümumiyyətlə hər hansı bir kənd, rayona təyin olunmasına etirazını bildirmişdir. Ancaq Baş prokurorluğun mərkəzi aparatında müvafiq işlə təmin olunmasını tələb etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 09/228-K №-li, xx.xx.2002-ci il tarixli əmrinin surətindən görünür ki, Naxçıvan MR X5 orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan İddiaçı sərəncama götürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsinin böyük prokuroru İ.H.Həsənova, Kadrlar İdarəsinin rəisi D.Y.İmanov, idarə rəisinin müavini R.M.Məhərrəmov və idarənin prokuroru Ç.A.Abbasovun iştirakı ilə tərtib edilərək imzalanmış xx.xx.2002-ci il tarixli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası prokurorluğunun strukturunda dəyişikliklər aparılması nəticəsində vəzifəsi ixtisara düşmüş Baş prokurorluğunun İqtisadi məhkəmələrin qərarlarının qanuniliyinə nəzarət şöbəsinin sabiq prokuroru İddiaçı Tərtər rayon prokurorunun böyük köməkçisi; Lerik rayon prokurorunun böyük köməkçisi; Daşkəsən rayon prokurorunun köməkçisi; Füzuli rayon prokurorunun köməkçisi; Gədəbəy rayon prokurorunun köməkçisi; Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi; Bərdə rayon prokurorluğunun böyük müstəntiqi; Goranboy rayon prokurorluğunun müstəntiqi; Hacıqabul rayon prokurorluğunun müstəntiqi; Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifələrindən birinə təyin olunması təkilf olunmuşdur. İddiaçı bildirmişdir ki, o, həmin vəzifələrin hər hansı birinə təyin olunmağına etiraz edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10/322-K №-li, xx.xx.2005-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/119-K №-li, xx.xx.2010-cu il tarixli əmrinin surətindən görünür ki, Sabirabad rayon prokurorunun köməkçisi İddiaçı tutduğu vəzifədən azad olunub həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2010-cu il tarixli təqririn surətindən görünür ki, iddiaçı prokurorluq orqanlarında 25 il xidmətə görə təqaüdə çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarından xaric olunmağını xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2010-cu il tarixli müraciətin surətindən görünür ki, iddiaçı prokurorluq orqanlarından könüllü xaric olunmağına dair verdiyi xx.xx.2010-cu il tarixli təqrirə müvafiq olaraq onun işdən azad olunmağına dair əmrinin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizənin surətindən görünür ki, məlumat üçün diqqətə çatdırmaqla etiraf etmək istəyir ki, o, əmək intizamının pozuntusuna yol verərək rayon prokurorundan icazə almadan xx.xx.2010-cu il tarixdə xidmət ərazisi olan Sabirabad rayonunu tərk etmiş və bir gün sonra isə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar Bakı şəhərində müalicədə olduğunu bildirmişdir. xx.xx.2010-cu ildən xx.xx.2010- cu il tarixə kimi Bakı şəhəri, Yasamal rayonu, 20 №-li Poliklinkasında ambulator müalicədə olmağı barədə sənədləşdirilmə aparılsa da, ona təqdim edilən 15 saylı Yasamal 1-ci seçki dairəsinin seçki komissiyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar həmin dairə üzrə namizədliyinin qeydə alınması barədə xx.xx.2010-cu il tarixdə ərizə ilə komissiyaya müraciət etmiş, sonrakı günlərdə isə imza vərəqələrinin toplanması işini təşkil etməklə xx.xx.2010-cu il tarixdə seçici imzalarını və topladığı digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmişdir. Baş prokurorluğun rəhbərliyini məlumatlandırmadan və müvafiq prosedurlara əməl olunmadan həyata keçirdiyi bu hərəkətlərin prokurorluq işçilərinin siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyan “Prokurorluq haqqında” Qanunun 30-cu maddəsinin tələblərinə uyğun olmadığını başa düşür. Lakin qeyd edilənlərlə yanaşı onun uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyini və bir sıra digər halları nəzərə almaqla onun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməklə prokurorluq orqanlarından xaric olunmağı məsələsinə baxmasını, 29 noyabr 2010-cu il tarixdən bu barədə əmr verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/367-K №-li, xx.xx.2010-cu il tarixli əmrinin surətindən görünür ki, Sabirabad rayon prokurorunun böyük köməkçisi ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Əsas İddiaçı təqriri. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 10/1384 №-li məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli müraciətinə Kadrlar İdarəsində baxılmışdır. Bildirilir ki, struktur dəyişikliyi ilə əlaqədar Baş Prokurorluğun İqtisad məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2000-ci il tarixdə ixtisar edilmiş vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X5 orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci il tarixdə sərəncama götürülmüşdür. Müəyyən edilmişdir ki, Baş prokurorluq tərəfindən xx.xx.2002-ci il tarixdə bir sıra rayon prokurorluqları üzrə müstəntiq və ya prokuror köməkçisi vəzifələrindən birinə təyin olunmağı ilə bağlı edilmiş təkliflərlə razılaşmayaraq tərtib edilmiş protokolu imza etməkdən imtina etmişdir. Bundan başqa Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifəsində işlədiyi zaman prokurorluq orqanlarından xaric edilməyi ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığı müraciətinə əsasən xx.xx.2010-cu il tarixdə öz arzusuna əsasən xidməti illərə görə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməyinə xitam verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/429 №-li, xx.xx.2021-ci il tarixli İddiaçı əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 2000-ci ilin yanvar ayından başlayaraq dekabr ayı da daxil olmaqla əmək haqqı hesablanaraq ödənlimişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/633 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Baş Prokurorluğunun sabiq əməkdaşı İddiaçı 1985-ci ilin avqust ayından 2010-cu ilin noyabr ayına kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı sentyabr 2000-ci ildən iyul 2001-ci ilədək sərəncamda olduğu müddətdə tam əmək haqqı almışdır. 2003-cü ilin yanvar ayından avqust 2005-ci ilədək sərəncamda olduğu müddətdə əmək haqqı almamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ilə məhkəməyə müraciət edərək “keçmiş Baş prokurorun öz vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə etməklə, Konstitusiyanın, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də əmək qanunvericiliyi normalarının elementar tələblərini kobud surətdə pozmaqla onun 3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqını alıb, qalan 32 ay ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun baş müstəntiqi, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Baş prokurorluğun Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, yəni şöbə ləğv olunanadək Baş prokurorluğun İqtisad Məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində qüsursuz xidmət edərək, yalnız mükafatlandırıldığı halda, qanunların icrasına və tətbiqinə nəzarət etməli orqan olan Baş prokurorluğun keçmiş rəhbərinin hüquqi niqilizminin nəticəsi olaraq, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldığından, xx.xx.2005-ci il tarixdə uzun müddət Mərkəzi Aparatda xidmət etdiyi, Prokurorluq orqanlarında 20 il staja və ədliyyə müşaviri rütbəsinə malik olduğu halda, rəyi belə soruşulmadan 5-ci təsnifatdan, stajorlarla birlikdə, sıradan sonuncu olan 9-cu təsnifata, özü də kənd rayonlarından birinə köməkçi təyin edildiyindən, eləcə də 10 il ərzində davam etmiş təqib və təzyiqlər yolu ilə xx.xx.2010-cu il tarixdə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, qanuni hüquqları tapdalanmışdır. Keçmiş Baş prokuror şəxsi qərəzlik zəminində ona qarşı kobud surətdə qanuna zidd hərəkətlərə yol verib, sərəncamda saxladığı 5 il 6 gün müddətin, yəni 60 ayın 25 ayının aylıq əmək haqqı alıb, qalan 35 ay ərzində isə Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinin və Əmək Məcəlləsinin 178.1-ci maddəsinin 2-ci hissəsinin, 191.2, 194.2, 195ci maddəsinin “d” bəndinin, 196.1, 288-ci maddəsinin “d”, “h” bəndlərinin və 291.1-ci maddəsinin tələblərini pozaraq, aylıq əmək haqqı almaqdan məhrum etdiyinə, eləcə də Qarabağ hadisələrinin istintaqı ilə bağlı milli və dövlət mənafelərinin xəyanətkar hərəkətlərdən qorunması naminə vətənpərvərlik göstərərək, onun qanunsuz hərəkətləri barədə cənab Prezidentə ünvanladığı rəsmi müraciətinə və 21 bənddən ibarət olan təkliflərinə görə, şəxsi qərəzlik zəminində, vəzifəsindən suiistifadə etməklə, təqib və təzyiqlər göstərmək yolu ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən (Mülki Məcəllənin 21.2-ci maddəsi - əldən çıxmış fayda) məhrum edildiyinə görə, qanunla qorunan mənafelərinə zərər vurulmuşdur. Belə ki, Zakir Qaralov Baş prokuror vəzifəsinə təyin olunana qədər 15 il ərzində prokurorluq orqanlarında qüsursuz xidmət edərək, xüsusilə də 100-dən artıq açılmamış qəsdən adam öldürmə cinayətlərinin istintaqını müvəffəqiyyətlə başa çatdırdığına və dövlət büdcəsindən mənimsənilmiş 100 milyon manatadək pul vəsaitinin geri qaytarılmasını, habelə 2 dəfə dövlət başçısının tapşırığının icrasını, özü də onlardan birini Milli Öndərin tapşırığı əsasında hökumət nümayəndə heyətinin tərkibinə rəsmən daxil edilməklə təmin etdiyinə görə, konkret işlər üzrə 8 dəfə rəsmi əmrlərlə təşəkkür, pul mükafatı, fəxri fərman, növbədənkənar və vaxtından əvvəl rütbələr verilməklə müxtəlif mükafatlarla təltif olunmuşdur. Prokurorluq orqanlarında islahatlar aparmaq adı ilə heç bir xidməti olmayan səriştəsiz şəxslərin şəxsi münasibətlər zəminində yüksək vəzifələrə təyin olunmasına, göstərdiyi xidmətlər nəzərə alınmayaraq, şöbənin ləğv edilməsi adı altında, əslində isə şəxsi qərəzlilik zəminində sərəncamda saxlanıldığına görə, Z.Qaralov tərəfindən aparılan kadr siyasətindəki ədalətsizliyə etiraz edərək, prokurorluq orqanlarında qalıb - qalmamaq məsələsinin qısa müddət ərzində baxılıb həll edilməsinə dair xx.xx.2000-ci il tarixdə raport vermişdir. Raportu əsasında aparılmış yoxlama ilə həmişə vəzifə borcunun öhdəsindən layiqincə gəldiyi, odur ki, tutduğu vəzifələrə uyğun olduğu müəyyən edilsə də, keçmiş Baş prokurorun şəxsi qərəzliliyindən doğan ambisiyaların qurbanına çevrilərək, həmin raportun cəzası olaraq xx.xx.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldı. Baxmayaraq ki, raportu əsasında həyata keçirilmiş yoxlamanın nəticəsinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddət ərzində yeni təyinat almalı idi. Lakin, keçmiş Baş prokuror tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş qanunun aliliyi prinsipinə məhəl qoyulmadığı üçün, onun hüquqi niqilizimin nəticəsi olaraq uzun müddət sərəncamda saxlanılmaqla, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş oldu. Mövcud əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi ilə əmək münasibətlərinə daxil olan işəgötürən əmək münasibətlərinə xitam verilən anadək öz iradəsinə əsasən işçinin əməyindən hansı formada istifadə edib - etməməsindən asılı olmayaraq, ona vaxtlı - vaxtında aylıq əmək haqqı ödəməyə borcludur, bu işəgötürənin qanun qarşısında borcu və qanunla müəyyən edilmiş öhdəliyidir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, işəgötürən qanunla müəyyən edilmiş hallarda, işçini yalnız 3 ayadək müddət ərzində sərəncamda saxlamaq səlahiyyətinə malikdir. Odur ki, mövcud qanunvericiliyin bu tələbi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 12-ci maddəsinin dispozisiyasında göstərilir ki, “Prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddətdə sərəncamda ola bilər”. Bu müddət ərzində işçi ilə mövcud olan əmək münasibətlərini həll etmək işəgötürənin qanun qarşısında borcudur. Ona qarşı şəxsi qərəzlik zəminində öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə etməklə, qanuna zidd hərəkətlərə yol verməsinin nəticəsi olaraq, qanunla qorunan mənafelərinə zərər vurmuş şəxs, dövlət hakimiyyəti orqanının yüksək vəzifəli şəxsi olmuş keçmiş Baş prokuror olduğundan, Konstitusiya və mövcud qanunvericiliyin tələblərinə əsasən, vurulmuş ziyanın ödənilməsini Baş prokurorluqdan tələb etməlidir və vurulmuş ziyan da Baş prokurorluq tərəfindən ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Baş prokurorluq da öz növbəsində həmin tələbi reqres qaydada keçmiş Baş prokuror Zakir Qaralova qarşı yönəltməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirdikdən sonra həmin ilin avqust ayının 20-də prokurorluq orqanlarında qulluğa qəbul edilərək Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun stajoru təyin edilmişdir. İddiaçı xx.xx.1986-cı ildən 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1993-cü ildən Respublika Baş Prokurorluğu Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, xx.xx.1993cü ildən Baş Prokurorluğun İqtisad məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar şöbənin ləğv edilməsi səbəbindən xx.xx.2000-ci il tarixdə ixtisar edilmiş vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci il tarixdə sərəncama götürülmüşdür. xx.xx.2001-ci il tarixdə İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilməsinə baxmayaraq, o, bundan imtina etmiş və qeyd olunanla bağlı Kadrlar idarəsinin prokuroru tərəfindən müvafiq arayış tərtib olunmuşdur. Həmçinin xx.xx.2002-ci il tarixdə də İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilsə də o, yenidən etiraz edərək bununla əlaqədar tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. xx.xx.2005-ci il tarixdə İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi, xx.xx.2010-cu il tarixdə həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçının 5 il 6 gün müddətində sərəncamda olması ilə bağlı irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. İddiaçı iddiasının prokurorluğun rəhbərliyi tərəfindən təzyiqlər edilməsi səbəbi ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilməsi hissəsi də əsassızdır. Belə ki, İddiaçı prokurorluq orqanlarından xaric edilməsi ilə əlaqədar Baş prokurora ünvanladığı xx.xx.2010-cu il tarixli müraciətinə əsasən xx.xx.2010cu il tarixdən öz arzusu ilə xidməti illərinə görə prokurorluq orqanlarından xaric edilmişdir. Ona vaxtından əvvəl prokurorluqdan işdən çıxması ilə bağlı hər hansı bir təzyiq göstərilməmişdir. Etirazda iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sərəncamda saxlanıldığı müddət 3 ayı keçdikdən sonra həmin saxlanılmanın qanunsuzluğunu və işə təyin edilmə məsələsini qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş, sonradan isə o, işlə təmin edilmiş, daha sonra isə öz arzusu ilə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sərəncamda olduğu 3 ay müddət üzrə iddiaçıya əmək haqqı ödənildiyindən, müddətdən artıq sərəncamda saxlanılan dövr üçün hər hansı əlavə vəsaitin ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi” hissəsində də iddianın əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı könüllü ərizəsi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən xidmət illərinə görə onun 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməsi barədə əmr verilmiş, iddiaçı həmin əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslılığını təsdiq edən təkzibedilməz sübutlara əhəmiyyət verməyərək, açıq-aşkar şəkildə qanunsuz və ədalətsiz qərar çıxarmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2022 saylı 8 aprel 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-20/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2022 saylı 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək, eyni zamanda vəkilin verdiyi izahatla razı olaraq əlavəsində iddia tələbinin ikinci hissəsinə dəqiqləşmə (əslində açıqlama) verərək bildirmişdir ki, iddia tələbinin 2-ci hissəsi aşağıdakı qaydada hesablanmışdır. -rütbəyə görə əlavə - 135 man. -Xidmət illərinə görə əlavə - 45% x 1425 man =641,25 man. -NK-nin xx.xx.2020-ci il tarixli 253 saylı Qərarı əsasında vəzifə maaşı həcmində əlavə - 1425 man. 1 ayın əmək haqqısı = 3626,25 man. -32 ayın aylıq əmək haqqısı: 3626,25 man x 32 ay = 116,040 man. Aylıq əmək haqqı ödənilmədən rəsmən 35 ay 3 gün ərzində sərəncamda saxlanıldığı üçiin "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8., 20.9. və 21.4-cü maddələri ilə müəyyən edilmiş Əlavələr 3 il üçün tətbiq edilməlidir. -məzuniyyətə çıxarkən ödənilən aylıq əmək haqqının iki misli həcmində pul təminatı: 3626,25 man x 2 x 3 il = 217557,50 man. -aylıq əmək haqqının iki misli həcmində müalicə pulu: 3626,25 man x 2 x 3 il = 217557,50 man -aylıq əmək haqqının iki misli həcmində maddi yardım: 626,25 man x 2 x 3 il = 217557,50 man 32 ayın əmək haqqısı 116040 man + 3 il üzrə əlavələr 65272,50 man olmaqla cəmi: 181312,50 man. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X2 və X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatlarında bildirmişlər ki, sərəncamda olduğu müddət üçün vəzifə maaşı kimi iddiaçının göstərdiyi məbləğlər hazırki dövr üzrə olan vəzifə maaşlarıdır, iddiaçının sərəncamda olduğu müddət isə 2000-ci ildir, iddiaçıya ödənilmiş vəsait Naxçıvan Muxtar Respublikası ərazisində olan ştat vahidi hesabına ödənilmiş, sonradan 3 ay üçün ödənilmiş vəsait isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəsaiti hesabına ödənilmiş, lakin daha sonra ştat vahidi olmadığından iddiaçıya ödəmə aparılmamış, ştatlar Nazirlər Kabineti tərəfindən, maliyyə vəsaiti isə Maliyyə Nazirliyi tərəfindən ayrılır. Bununla bağlı cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi əsasən “öhdəliyin icrası” barədə iddia növünə aid olduğundan və bu iddia növü üzrə də İPM-də iddia müddəti müəyyən olunmadığından, həmçinin iddianı qaldırmaqda onun subyektiv hüququ mövcud olduğundan iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı 1985-ci ildən prokurorluq orqanlarında qulluq etmiş, tutduğu vəzifəyə uyğun əmək haqqı almış, sonradan 2000-ci il tarixli əmrlə ştatların ixtisarı ilə əlaqədar sərəncama götürülmüş, sərəncamda olduğu müddətin müəyyən zaman dövrü ərzində ona əmək haqqı ödənilmişdir. İddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2001-ci il tarixli əmrlə iddiaçı Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci il tarixli əmrlə Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan iddiaçı sərəncama götürülmüşdür və Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edildiyi (Azərbaycan Respublikası Baş Prokurorluğunun 10/322-K nömrəi, xx.xx.2005-ci il tarixli əmri) tarixədək sərəncamda olmuşdur. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasının qanuniliyinə qiymət verilməsindən, eləcə də sərəncamda olduğu dövrün müəyyən bir hissəsində ödənilməmiş əmək haqqı məbləğində kompensasiyanın ona ödənilməsinə nail olımaqdan ibarətdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinə görə, prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçının istinad olunan normada təsbit edilmiş müddətdən artıq zaman kəsiyində sərəncamda saxlanıldığı görünür. İddiaçının icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasına haqq qazandıran hər hansı halın mövcudluğu məhkəmələr tərəfindən müəyyən edilməmiş və eləcə də bunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan sərəncamda olma müddəti ilə bağlı yuxarıda istinad olunan normanın tələbinin cavabdeh tərəfindən pozulduğu mübahisə olunmur. Buna rəğmən, qanunla yol verilən müddəti dəfələrlə aşan müddət ərzində iddiaçının sərəncamda saxlanılması və prokurorluq orqanlarında qulluqda qalmağa davam etdiyi halda vəzifəyə təyin olunmamasının səbəbləri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, sərəncamda saxlanılmanın qanuniliyinə lazımi qiymət verilməmişdir. Bundan əlavə, iddiaçı 11 sentyabr 2000-ci il tarixli raportla Baş Prokurora müraciət etdiyini və onun prokurorluq orqanlarında xidmətdə qalıb-qalmaması məsələsinin qısa müddətdə həll olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh tərəfindən həmin raportla bağlı və iddiaçının xidməti statusunun dəyişdirilməsi ilə bağlı hansı tədbirlərin görüldüyü də məhkəmə icraatının araşdırma predmeti olmamışdır. İş üzrə materiallardan iddiaçıya sərəncamda olduğu xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək cavabdeh tərəfindən əmək haqqı ödənildiyi görünür. Sonradan iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2001-ci il tarixli əmrdə onun “Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılır” müddəası qeyd olunmuş, xx.xx.2002-ci il tarixli əmrlə “Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan” iddiaçı sərəncama götürülmüşdür. İddiaçının sərəncamda saxlanılması müddətləri, eləcə də sərəncamda olduğu hansı aylar üzrə ona əmək haqqının ödənilməsi ilə bağlı hallar araşdırılmış və məlum olmuşdu ki, İddiaçı sərəncamda qaldığı 5 il 6 gün müddətin sentyabr 2000-ci ildən iyul 2001-ci ilədək hissəsində tam əmək haqqı almış, lakin 2003-cü ilin yanvar ayından avqust 2005-ci ilədək olan hissəsində əmək haqqı almamışdır. Bu fakt Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/633 №-li, xx.xx.2021-ci il tarixli arayışında da öz əksini tapmışdır. İş üzrə materiallara əlavə olunmuş və Kadrlar idarəsinin prokuroru tərəfindən tərtib olunmuş xx.xx.2001-ci il və həmçinin xx.xx.2002-ci il tarixli arayışlarda İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrin təklif edildiyi, lakin onun həmin vəzifələrdən imtina etdiyi qeyd olunmuşdur. Həmin arayışlar iddiaçı tərəfindən imzalanmamışdır. İşin təkrar apelyasiya baxışı zamanı bu xüsusat yoxlanılmış və müəyyən olunmuşdu ki, hər iki arayış birtərəfli qaydada, yəni iddiaçının iştirakı olmadan tərtib edilmiş, ümumiyyətlə bu barədə iddiaçının deməsinə görə ona məlumat verilməmişdir, əksini təkzib edən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinin məzmunu və tənzimləmənin məqsədi baxımından həmin normanın tətbiqi 12-ci maddədə nəzərdə tutulan müddətlə məhdudlaşmamalı, cavabdehin təqsirli davranışı nəticəsində sərəncamda olmanın müddəti 3 aydan artıq olduğu hallarda da həmin normanın müddəaları tətbiq edilməli və şəxsə sərəncamda olduğu müddət üzrə tam əmək haqqı ödənilməlidir. Məhkəmənin həmin təfsiri 2 kriteriya üzrə yoxlamaya söykənir: 1) şəxsin 3 aydan artıq sərəncamda olduğu müddətdə ona əmək haqqının ödənilməsini qadağan edən normanın qanunvericilikdə nəzərdə tutulmaması; 2) inzibati orqanın belə hallarda davranışı. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət, həm də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsində həmin Qanunun 12-ci maddəsinə, adətən qanunvericilikdə istifadə olunan göndərici normanın (istinadın) nəzərdə tutulmamasına əsaslanır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı əvvəlki vəzifədə aldığı əmək haqqına uyğun əmək haqqı alacağı ilə bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci və 21.5-ci maddələrinin müddəalarına etimad göstərərək onun sərəncamda saxlanıldığı dövrdə də həmin əmək haqqının ödəniləcəyinə inanmış və buna ümid bəsləmişdir. Başqa sözlə, əmək haqqının ödəniləcəyinə dair iddiaçının qanuni gözləntisi istinad olunan normalara əsaslanır. Beləliklə, sərəncamda olduğu müddətdə əmək haqqının ödənilməsinin qanunda təsbit olunması onun ödənilməsinə şəxsin gözlənilən mülkiyyət hüququnun qorunmasını təminat altına alır. Bu mənada qanunla nəzərdə tutulmuş əmək haqqının sərəncamda saxlanıldığı müddətdə də ödəniləcəyinə şəxsin etimadı da qorunmağa layiq hesab edilməlidir. (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından) Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, işin hallarının aid olduğu dövrdə iddiaçı prokurorluq orqanlarında xidmət etmiş, tutduğu vəzifəyə uyğun əmək haqqı almışdır. Onun əmək haqqı almaq hüququ əmək müqaviləsinə deyil, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun müvafiq müddəalarına əsaslanır və həmin müddəalardan irəli gəlir. İddiaçı sonradan 2000-ci il tarixli əmrlə ştatların ixtisarı ilə əlaqədar sərəncama götürülmüş, sərəncamda olduğu müddətin bir hissəsi ərzində də ona tam əmək haqqı ödənilmişdir və bu hal (2000-ci ildən iyul 2001-ci ilədək sərəncamda olduğu müddətdə iddiaçıya əmək haqqının ödənilməsi) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci tarixli arayışla da təsdiq olunur. Cavabdehin həmin davranışı iddiaçının sərəncamda saxlanıldığı dövrdə əmək haqqı ödənişinin davam edəcəyinə olan etimadını və gözləntilərini daha da artırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının xidməti vəzifəsinə uyğun qanuna əsaslanan əmək haqqı almaq hüququnun xidmətdə oduğu dövrdə həmin əmək haqqının mütəmadi olaraq ödəniləcəyinə onun gözləntilərinin və bunun üzərindən qanuni gözlənti formasında mülkiyyət hüququnun yaranmasına səbəb olduğu nəzərə alınmalıdır. Bu baxımdan şəxsin qulluq etdiyi dövrdə əmək haqqı almaq hüququ sonradan onun ştatların ixtisarı ilə əlaqədar icazə verilən müddətdən artıq sərəncamda olduğu dövrdə də ona əmək haqqının ödənilməsini ehtiva edir. Əks təqdirdə, sərəncamda qaldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması şəxsin yeganə gəlir mənbəyindən məhrum olunmasına səbəb olar və onun əmək haqqı hüququnun mahiyyətinə zərər vurmaqla yanaşı, həm də şəxsin maddi təminatına əhəmiyyətli dərəcədə neqativ təsir edərdi. Həmçinin iddiaçıya sərəncamda olduğu müddətdə əmək haqqı ödənişinin dayandırılması nəticəsində onun hansı gəlir hesabına yaşayışını təmin edəcəyi də nəzərə alınmalıdır. Nəticə etibarı ilə şəxsin qanunla nəzərdə tutulmuş müddətdən artıq sərəncamda saxlanıldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması əmək haqqı hüququna müdaxilə və mülkiyyətdən məhrum etmə kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişinin dayandırılması real akt, yəni faktiki xarakterli hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin sərəncamda saxlanıldığı müddətdə əvvəlki vəzəifədə aldığı əmək haqqının ödənilməsi ilə bağlı tələb hüququ yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquqi tənzimləmədən irəli gəlir, yəni əmək haqqının ödənilməsi ilə bağlı hüquqi əsasın mövcud olduğu halda, ödənişin dayandırılması əmək haqqının ödənillməsi üzrə öhdəliyinin faktiki pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə dair qərarın qəbul edilməsi zamanı sərəncamda saxlanılmış iddiaçının prokurorluq orqanlarında xidmətini davam etdirdiyi, həmin orqanlarda xidmətdə olan şəxslərin əvəzi ödənilən başqa fəaliyyətlə məşğul olmasının qanunla qadağan edildiyi, onun vəzifə təyinatının cavabdehin məsuliyyət sferasına aid olduğu, iddiaçının icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasının cavabdehin təqsirkar davranışına bağlı olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də sərəncama götürmə institutunun məqsədləri və mahiyyəti, həmin institutun təyinatının işçinin işgüzar və peşəkar potensialı və keyfiyyətləri, eləcə də işəgötürənin həyata keçirdiyi fəaliyyət üzrə ehtiyacları nəzərə alınmaqla sərəncama götürülmüş şəxsdən istifadə olunması və ya həmin şəxsin xidmətinə son verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsindən ibarət olduğu da nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə alınmalıdır ki, iddiaçı intizam tənbehi tədbiri qismində deyil, ştatların ixtisarına görə vəzifədən azad edildiyi üçün sərəncamda olmuşdur. Digər tərəfdən, sərəncamda saxlanıldığı dövrün müəyyən hissəsində iddiaçıya əmək haqqının ödənilməməsinin hansı maraqlardan irəli gəldiyi də müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin icazə veriləndən artıq sərəncamda olduğu müddət üçün əmək haqqının ödənilməsinə dair tələbinə hər bir halda mübahisəyə dair işin konkret halları və yuxarıda qeyd edilənlər nəzərə alınmaqla qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, əvvəla, iddiaçının cavabdeh inzibati orqan tərəfindən 3 aydan artıq sərəncamda saxlanılması qanunsuz olmuş, ikinci bir tərəfdən, iş üzrə iddiaçı sərəncamda olduğu dövrün- 60 ayın bir hissəsi- 28 ayı üzrə ona əmək haqqı ödənildiyindən, digər ödənilməyən 32 ayı üzrə də əmək haqqı miqdarında pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərarı bu tələbin təmin olunmaması ilə bağlı hissədə ləğv edilib, iddia həmin hissədə təmin olunmalıdır. İddiaçının apellyasiya baxışı zamanı məbləğini dəqiqləşdirdiyi ikinci- “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 181312,50 manat məbləğində faydanın ödənilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının xidmətdən öz iradəsi ilə ayrıldığı iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsə münasibətdə təqib və təzyiqlər müəyyən obyektiv göstəricilərdə və davranışlarda, yəni ən azından onun aşağı vəzifəyə keçirilməsində, davamlı intizam tənbehi tədbirlərinin tətbiq olunmasında, rütbəsinin aşağı salınmasında və sair aktiv hərəkətlərdə ifadə olunmalıdır. Lakin Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunduğu xx.xx.2005-ci il tarixindən sonra cavabdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şəkildə davrandığı iş üzrə materiallardan görünmür. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “..... şəxsin kənd rayonlarından birinə prokuror köməkçisi və prokurorun böyük köməkçisi vəzifələrinə təyin edilməsi təqib və təzyiqi ifadə edən davranış kimi qiymətləndirilə bilməz (həmin məntiqlə peşəkar və səriştəli müstəntiqlər yalnız mərkəzdə işləməlidir). Həmin təyinat zamanı onun rəyinin soruşulmaması icraatın formal tələbinin və şəxsin dinlənilmə hüququnun pozuntusunu yaratsa da, prokurorluq orqanlarında xidmətin spesifik idarəçilik prinsipləri, xüsusən də idarəçiliyin təkbaşına idarəçilik prinsipi əsasında həyata keçirildiyini, eləcə də şəxsin yeni xidmət yerinə göndərilməsini istisna edən obyektiv əsasların mövcud olmadığını (iddiaçı tərəfindən bunu təsdiq edən müvafiq sübutlar təqdim edilməyib) nəzərə aldıqda, həmin təyinatın maddi hüquq normaları baxımından düzgün olduğu qəbul edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, prokurorluq işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı prokurora və ya məhkəməyə müraciət edə bilər. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə həm “İddiaçı öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilməsi” barədə Azərbaycan Respublikasının Baş Prokurorunun 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmrinin verildiyi dövrdə qüvvədə olmuş, həm də sonradan qüvvədə olan prosessual qanunvericilik normalarına görə, iddiaçı həmin əmri (hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu iddia etdiyi) onun təqdim olunduğu və ya bu barədə iddiaçıya məlum olduğu vaxtdan 1 ay ərzində mübahisələndirə bilərdi. Bu baxımdan iddiaçının qanunvericiliklə müəyyən olunmuş müddətdə onun qulluq keçməsinə xitam verilməsi barədə əmri mübahisələndirmək imkanına malik olub-olmadığı, həmin müddət ərzində hüquqi müdafiə vasitələrindən istifadə edib-etmədiyi və əmrin mübahisələndirilməsi ilə bağlı müəyyən olunmuş iddia müddətini ötürüb-ötürmədiyi apelyasiya məhkəməsi tərəfindən yoxlanılmalı və müddətin buraxılmasının səbəbləri araşdırılmalıdır. Bununla bağlı araşdırmanın nəticəsindən asılı olaraq, olunubolunmamasına və bunun üzərindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı qeyd olunan məsələ ilə bağlı araşdırma aparılarkən və iddiaçının verdiyi izahatından, məhkəməyə təqdim etdiyi izahatlarından müəyyən olundu ki, iddiaçı onun qulluq keçməsinə xitam verilməsi barədə 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmrin qəbul edilməsindən məlumatlı olduğu halda onu vaxtında mübahisələndirməmiş, bunun səbəbi olaraq göstərmişdir ki, özü-özlüyündə həmin əmri etibarsız hesab etdiyi üçün onu məhkəmə qaydasında mübahisələndirmə zərurətini görməmiş və buna görə də əmrin ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı ayrıca iddia ilə də məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərlə bağlı xüsusilə vurğulayır ki, “əldən çıxmış faydanın ödənilməsinə dair” tələb üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlı olduğundan, yalnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələbə baxıla bilər. Hazırki işdə isə iddiaçı yuxarıda da göstərildiyi kimi, 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmri məhkəməyə qaydasında mübahisələndirmədiyindən, həmin əmr ləğv və ya etibarsız sayılmadığından, inzibati akt kimi geri çağırılana kimi qüvvədə olduğu üçün həmin əmrin verildiyi tarixdən iddiaçının işsiz qaldığı xx.xx.2017-ci il tarixədək olan dövr üzrə əldən çıxmış fayda kimi 181312,50 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır və təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2021 saylı 15 iyul 2021ci il tarixli qərarı qismən, “iddiaçının 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz hesab edilməsi və sərəncamda saxlanıldığı 32 ay ərzində ona ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələblərinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbləri qismən təmin edilməli, qərar qalan- “əldən çıxmış faydanın ödənilməsi” barədə iddia tələbinin təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı qismən, “iddiaçının 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz hesab edilməsi və sərəncamda saxlanıldığı 32 ay ərzində ona ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələblərinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbləri qismən təmin edilsin. İddiaçı 5 il 6 gün sərəncamda saxlanılması 3 ay istisna olmaqla qanunsuz hesab edilsin. İddiaçı ümumi sərəncamda saxlanıldığı 5 il 6 gün müddətin 32 ayı üzrə ona ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulsun. Qərar qalan- “əldən çıxmış faydanın ödənilməsi” barədə iddia tələbinin təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar