Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1943/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3635/2021 saylı, 03.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin olunmuş pensiyanın yenidən hesablanması və vəzifə maaşının düzgün hesablanmaması nəticəsində ona dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1956-ci il təvəlüdlü iddiaçı 2001-ci ilin 12 yanvar tarixindən ədliyyə polisinin ləğv olunması ilə əlaqədar ədliyyə orqanlarından tərxis olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Pensiya şöbəsi tərəfindən ona təminat xərcliyinin 56% pensiya təyin olunaraq ödənilmişdir. Sonradan hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı bütün funksiyalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİ QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə cavabdehə həvalə edilmişdir. Lakin onun pensiyası düzgün hesablanmamış, artımla əlaqədar verilən sərəncamlardan sonra elə fərq görünmür. Bununla əlaqədar cavabdehə müraciət etsə də, müsbət cavab almamış. 2019-cu ilin may ayında cavabdehə bir daha müraciət edərək pensiyasınının yenidən hesablanması (Şimali Uralda xidməti illərin bir ilin il yarımla hesablanması, xidməti stajın yeni qaydalara uyğun, o cümlədən natamam ilin ayların sayına mütənasib hesablanması, vəzifə maaşımın düzgün qeyd olunması) xahiş etmiş və 31.05.2019-cu il tarixində 1296 nömrəli yeni məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən onun pensiyası müraciət edilən tarixdən əvvəlki üç il 01.06.2016- 01.06.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və yaranmış 727.23 manat məbləğində fərq ona ödənilmişdir. Qalan 16 ildə öz vəzifələrini layiqincə yerinə yetirməyən məsul şəxslərin günahı üzündən ona ödənilməmişdir. Hesab edir ki, 2001-2016-cı illərə görə də pensiyası yenidən hesablanaraq ödənilməmiş məbləğ ona ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçının pensiyasının 12.01.2001-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təyin edilərək ödənildiyini, iddiaçının müraciəti 11.06.2019-cu il tarixdə cavabdehə daxil olduqdan sonra, Penitnsiar Xidmətdən iddiaçının təminat xərcliyinə dair yeni məlumat vərəqi alındıqdan sonra, ona «Əmək pensiyaları haqqında» Qanunun 32.1.2-ci maddəsinə müvafiq olaraq əvvəlki üç illik dövr üzrə pensiyası yenidən hesablanaraq 727,23 manat məbləğində fərqin ona ödənildiyni bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3635/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, 12.01.2001-ci il tarixdən ona 56 faizlə pnsiya təyin edilmiş, pensiya hesablanarkən 23 ilə bir neçə ay çatmadığı halda, xidmət illəri 22 il götürülmüş, eləcə də vəzifə maaşı da düzgün hesablanmamışdır. ƏN Penitensiar Xidmətin pensiya şöbəsi biləbilə düzgün qeyd etməməsi qanunsuzdur. O, cavabdehə 2019-cu ildə müraciət etmiş və əvvəlki üç ilə - 2016-2019-cu illərə görə yaranmış fərq (727,23manat) ödənilsə də qalan 16 il üçün, öz vəzifələrini layiqincə yerinə yetirməyən məsuliyyətsiz şəxslərin günahı üzündən,xeyli məbləğ ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsi baxımından, «Əmək pensiyaları haqqında» Qanunun 32.1- 1 və 37.7-ci maddələri onun işinə tətbiq oluna bilməz, yol verilmiş texniki səhv aradan qaldırılmalı, ödənilməmiş məbləğ ona ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Həsənov onunla razılaşmamış, pensiyanın 2001-ci ildə cavabdeh tərəfindən deyil, Penitensiya Xidmət tərəfindən təyin edildiyini və 2019-cu ildə müraciətindən sonra, həmin Xidmətdən Azərbaycan RespublikasınınNazirlər Kabinetinin 135 saylı Qərarına müvafiq olaraq alınmış yeni məlumat vərəqi əsasında iddiaçının pensiyası əvvəlki üç ilə görə yenidən hesablanaraq ona ödəniş edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının işə əlavə olunmuş pensiya işinə dair sənədlərin surətlərinə, o cümlədən cavabdehin 13.06.2019-cu il tarixli qərarına əsasən müəyyən olunur ki, iddiaçıya əmək pensiyası AR ƏN Penitensiar Xidməti tərəfindən 12.01.2001-ci il tarixdə təyin edilmiş və sonracan iddiaçı 2019-cu ildə cavabdehə müraciət etdikdən sonra həmin Xidmətin 31 may 2019-cu il tarixli mə yeni məlumat vərəqi əsasında cavabdeh tərəfindən onun əmək pensiyası vvəlki üç il üçün, yəni 01.06.2016-31.05.2019-cu il tarixinədək olan dövr üçün hesablanmış və 727,23 manat məbləğində fərq iddiaçıya ödənilmişdir ki, bu da işin mübahisləndirilməyən halını təşkil edir. İşin mübahisələndirilən halına görə iddiaçı hesab edir ki, ona pensiya təyin edildiyi 12.01.2001-ci il tarixdən 01.06.2016-cı il tarixinədək qalan dövr üçün də onun pensiyası yenidən hesablanaraq ona verilməlidir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan tələbini aşağıdakılara görə əsassız sayır. «Əmək pensiyaları haqqında» Qanunun, iddiaçının cavabdehə pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olan 32.1-1-ci maddəsinin tələbinə görə - «əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.» İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, qanunun qeyd olunan tələblərinə müvafiq olaraq da cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesalanaraq ödənilmişdir. İddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə istinadən Qanunun qeyd olunan normasının onun vəziyyətini ağırlaşdırdığını mübahisələndirən dəlilləri ilə əlaqədar isə məhkəmə onu qeyd edir ki, 2001-ci ildə ona pensiya təyin edilərkən qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 106-cı maddəsinin birinci hissəsi də nəzərədə tuturdu ki, pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Göründüyü kimi, hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin qeyd olunan norması heç də iddiaçının vəziyyətini pisləşdirən hal kimi qiymətləndirilə bilməz. «Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, «…qanunvericiliklə qulluq stajına görə əmək pensiyasına əlavənin alınması hüququnun qaydasını və şərtlərini müəyyən edərkən, dövlət öz üzərinə bu hüququn təmin olunması kimi pozitiv öhdəliyi yalnız həmin hüquqa malik olan şəxslərin «Əmək pensiyaları haqqında» Qanunun müvafiq tələblərinə cavab verməsi şərti ilə götürülmüşdür…» Onu da qeyd etmək lazımdır ki, 2001-ci il tarixdə pensiya təyin edilərkən iddiaçının qulluq dövründə hər hansı qulluq müddətin nəzərə alınmaması cavabdeh orqana heç bir aidiyyəti də olmamışdır. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 saylı Fərmanlarına əsasən 01.01.2007-ci il tarixdən etibarən cavabdeh orqan tərəfindən həyata keçirilir. Digər bir tərəfdən, konkret halda, iddiaçının müraciətində mübahisələndirilən məsələ ilə bağlı cavabdeh orqanın ləğv edilməmiş 13.06.2019-cu il tarixli qərarının mövcudluğu da onun hazırkı iddia tələbinin təmin edilməsini istisna edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının, müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il (01.06.2016-31.05.2019) üçün ödənilməklə cavabdeh tərəfindən pensiyasının yenidən hesablanması ilə razılaşmayaraq, məcburetmə qaydasında 2001-ci ildən yenidən hesablanmasına dair hazırkı iddia tələbinin əsassız olduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3635/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3635/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1943/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1943/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver